Məktəb tərbiyə işində öz yaxasını kənara çəkə bilməz

O münaqişələrin əksəriyyəti məktəbdə başlayır, dərsdən sonra da davam edir




Abşeron rayonunda şagirdin təpik vurması nəticəsində ağır xəsarət alan məktəb xadiməsi vəfat edib. Təxminən 40 gün əvvəl Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbin yaxınlığında şagirdlərin davası zamanı onları sakitləşdirməyə çalışan məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərova xəstəxanada dünyasını dəyişib.

Məktəbin direktoru bildirib ki, hadisə dərsdən sonra baş verib: "Bizim məktəbin şagirdi ilə başqa bir yeniyetmə futbol oynayarkən dalaşıblar. Daha sonra onlar küçədə mübahisəni davam etdiriblər. Bu zaman məktəbin iki xadiməsi onları görüb və ayırmağa çalışıb. Bu zaman 9-cu sinifdə oxuyan şagirdin təpiyi Sevda xanımın dalağını zədələyib. Həkimlər dedilər ki, onun dalağında əvvəldən problem olub. Yəni bu hadisənin məktəbə aidiyyəti olmayıb, uşaq da qəsdən belə bir şey etməyib”.

Orta məktəblərdə şagirdlər arasında bu cür halların hər zaman şahidi oluruq. Maraqlısı budur ki, məktəb rəhbərlərinin hər biri belə olan hallarda ortaq fikir səsləndirirlər - "hadisə məktəbdən kənar baş verib”.
Orta məktəblərdə təlim və tərbiyənin aşağı səviyyədə olduğunu deyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hadisənin məhz bu səbəbdən baş verdiyini bildirib:

"Biz yeniyetmə olanda qoyunlarımızı otaran zaman kimin qoyunu gedib taxıla girərdisə, nəzarətçi çağırıb həmin adamın valideynini qoyub müəlliminə söyərdi. Əgər müəllim tərbiyə işində öz yaxasını kənara çəkirsə, bu, qətiyyən yolverilməzdir. Hesab edirəm ki, birinci növbədə o münaqişənin əvvəli məktəbdə başlayır, məktəbdə başlayan münaqişə dərsdən sonra da davam edir və xoşagəlməz hallar baş verir.
Necə olur ki, bu hadisə məktəbdən kənar olur və xadiməyə təpik vurulur? Aydın məsələdir, istəyirlər ki, zibili öz evlərindən çıxarmasınlar və heç kim görməsin. Təbii ki, bu, məktəblə bağlı olan məsələdir, məktəblərdə təlim-tərbiyənin çox aşağı səviyyədə olması ilə bağlıdır. Başqa bir səbəb tapa bilmirəm”.

Yeganə Bayramova