Nabatəli Qulamoğlu: “Prinsip etibarı ilə məqsədəuyğundur”
Nadir İsrafilov: “Bu cür əhəmiyyətli addım ancaq və ancaq təhsilin inkişafına xidmət edə bilər”
2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, məktəbəhazırlıq qrupları respublikanın bütün şəhər və rayonlarında təşkil olunacaq. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimləri dərs deyəcək.
Oktyabrın 1-dən mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Dərslər gün ərzində 3 məşğələ keçiləcək. Bir məşğələ üçün 30 dəqiqə vaxt ayrılır. Uşaqlara ev tapşırığı da verilməyəcək. Məşğələlərarası fasilə isə 10 dəqiqədir. Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olmuş uşaqlar qəbul olunurlar. Qruplarda tədris ödənişli deyil, dövlət hesabınadır.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə "Şərq”ə açıqlamasında məktəbəhazırlıq qruplarının bağçaların verdiyi effekti verməyəcəyini deyib: "İddialara görə, məktəbəhazırlıq kurslarının təşkilində əsas məqsəd beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Yəni bu cür kurslar uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətini inkişaf etdirəcək, azyaşlıların məktəbə uğurla adaptasiya olunmasına, onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasına kömək göstərəcək. Prinsip etibarı ilə məqsədəuyğundur. Amma gözləntilərim zəifdir”.
Birinci sinfə gedən uşaqların cəmi 16-18 faizinin məktəbəqədər təhsil müəssisələrinə cəlb olunduğunu vurğulayan ekspertin sözlərinə görə, həmin çatışmazlığı kompensasiya etmək üçün məktəbəhazırlıq qrupları təşkil olunub: "Bir çox hallarda uşaqlar məktəbə hazırlıqsız gəlir və bu da sonrakı mərhələdə müəyyən axsamalar yaradır deyə, məktəbəhazırlıq qrupları ilə bu boşluğu aradan götürmək istəyirlər. Bəzən də valideynlər məktəbəqədər hazırlığı yalnız fənlər üzrə hazırlıq kimi düşünürlər. Buna görə də birinci sinfin materiallarını uşaqlara öyrədirlər. Təbii ki, bu səbəbdən uşaqlar birinci sinfə gedən zaman məktəbə uyğunlaşmaqda çətinlik çəkir. Çünki həmin şagird əvvəlcədən o dərsləri keçib və onun üçün keçilənlər maraqlı olmur.
Amma məktəbəhazırlıq qruplarının həm dərs saatlarının miqdarına, həm də təhsilin müddətinə görə bağçaları əvəzetmək potensialına sahib olmadığını düşünürəm. Amma dəryada bir damla olsa belə, bu addım təqdirəlayiqdir. Pis odur ki, yoxdur”.
Digər təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, bu qərarı ancaq alqışlamaq olar. O, məktəbəhazırlıq məsələsinin hazırda ən vacib və əhəmiyyətli məsələlərdən biri olduğunu deyib: "2013-cü ildə Prezident tərəfindən təsdiq olunmuş Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da bu məsələyə toxunulur ki, məktəbəqədər hazırlıq müəssisələri kifayət qədər deyil. Bu da məktəbəqədər təhsili həyata keçirməyə tam imkan yaratmır. Strategiyada nəzərdə tutulub ki, 2020-ci ilə qədər bu məsələ öz həllini tapsın. Çünki məktəbəhazırlıq məsələsi strategiyanın əsas hədəflərindən biridir. Həm də məktəbəqədər hazırlığı ancaq məktəbəqədər müəssisələrdə həyata keçirmək mümkün deyil. Ona görə, indi məktəblərin özündə də məktəbəhazırlıq kursları təşkil olunur”.
Sözügedən qərarın təhsilin inkişafındakı roluna toxunan ekspertin sözlərinə görə, bu cür əhəmiyyətli addım ancaq və ancaq təhsilin inkişafına xidmət edə bilər: "Dövrümüzdə bir çox ailənin maddi durumu imkan vermir ki, övladını ödənişli müəssisədə oxutsun. Bu təkcə məktəbəqədər təhsilə aid deyil. Elə bu gün ali məktəblərin demək olar ki, 70 faizi ödənişlidir. Bu da qismən təhsilə mane olan səbəblərdəndir. Ona görə də, dövlətin bu məsələyə diqqəti artırması təhsilin inkişafında böyük rol oynayacaq”.
Şəymən