Kişi müəllimlərin sayının azalmasının neqativ tərəfləri var
Müəllimlərin sosial vəziyyətinin aşağı olması və digər hallar müəllimliyi oğlanların sevimli peşələri siyahısından çıxarıb
Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb.
2017-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 33,8 faizdən 35,2 faizə qədər artıb.Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,3 faiz çoxalıb.
Maraqlıdır, orta məktəb direktorlarının çoxunun qadın olmasını ekspertlər nə ilə əlaqələndirir? Pozitiv və neqativ tərəfləri hansılardır?
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün "Şərq”ə açıqlamasına görə, son vaxtlar orta məktəblərin qadın direktorlara həvalə olunması təhsil işçilərinin 80-85 faizinin qadınlardan ibarət olması ilə bağlıdır:
"Digər səbəb isə qanunvericiliyin tələbidir. 2016-cı ildə Milli Məclis "Gender bərabərliyinin təminatı haqqında” qəbul olunan qanuna görə qadınların rəhbər vəzifələrə təyin edilməsini təşviq edən xüsusi maddələr var. Qadınların direktor olduğu orta məktəblərdə təlim-tərbiyə, nizam-intizam daha yüksək olur. İdarəçilik sistemi Təhsil Strategiyasının tələblərinə uyğun istiqamətdə qurulur”.
Azərbaycanın təhsil sahəsində gender tarazlığının qadınların xeyrinə, kişilərin əleyhinə pozulması kimi iddiaları haqlı sayan M.Mürşüdlü deyib ki, qadınların irəli çəkilməsi hər nə qədər xoş hadisə olsa da, kişi müəllimlərin təhsildən uzaqlaşmasının neqativ tərəfləri var.
Onun sözlərinə görə, kişilərin müəllimlik sənətinə cəlb olunmasına ciddi şəkildə çalışılmalı və bu iş daim diqqət mərkəzində saxlanılmalıdır. Bu problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə ciddi ehtiyac duyan AMB sədri hesab edir ki, başlıca amil əməkhaqqının aşağı olması ilə bağlıdır:
"Müəllimlərin sosial vəziyyətinin aşağı olması və digər hallar müəllimliyi oğlanların sevimli peşələri siyahısından çıxarıb. Biz illərdir bu problemi qabardırıq ki, təhsil sistemində qadınlaşma prosesi baş alıb gedir. Bunun qarşısını almaq lazımdır. Sovet dövründə olduğu kimi oğlanları müəllimlik peşəsinə həvəsləndirmək lazımdır. Kişi müəllimlərin olmaması oğlanların kişilik xüsusiyyətlərinin əks istiqamətdə formalaşmasına təsir edən amillərdir”.
Şəymən