Məktəblərdə şagird ölümü niyə artıb ? - İZAH

"Məktəblərdə baş verən şagird ölümü bəzi insanların vəzifələrini düzgün yerinə yetirməməsindən və ya məsuliyyətsizliklərindən irəli gəlir".
Bunu "Sherg.az"a təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, hazırkı tədris sistemində "evdə təhsil” haqqında bir qayda, qanun var:
"Yəni müəyyən xəstəliklərin daşıyıcısı olan şagirdlər hər kəslə eyni səviyyədə olmaqla orta təhsillərini evdə alırlar. Və yaxud da həmin şəxslər tədrisini xüsüsi nəzarət altında olmaqla orta məktəblərdə davam etdirirlər. Təəssüf ki, bizdə fərdi və diqqət mərkəzində saxlanılmaqla bir şagirdə dərs demək yoxdur. 
Ona görə də ötənlərdə 26 nömrəli məktəbdə belə bir hadisə baş verib. Həmin şagird həm ürək əməliyyatı keçirib və eyni zamanda da epilepsiya xəstəliyindən əziyyət çəkib. Bu kimi məlumatları bilən məktəb direktoru və sinif rəhbəri şagirdə fərdi yanaşmalıdır. 
Onu məktəbə bir nəfər xüsusi olaraq aparıb, gətirməli idi. Dərsə başlaması və dərsi bitirdiyi vaxtlar qeyd olunub, həkim nəzarətinə alınmalı idi. Həmçinin uşaq ürəkdən əməliyyat olunduğu üçün məktəbə cəlb olunmamalı idi. Mütləq şəkildə orta təhsilini evdə almalı idi. Sadəcə bu məsələdə hər kəs üzərinə düşən vəzifəsini yerinə yetirməyib. Amma qanunvericilikdə də bildirilir ki, səhhətində ciddi problem olan şagirdlər məktəbə cəlb olunmamalıdır. Onlara təhsil evdə verilməlidir”.
Qeyd edək ki, ötən günlərdə Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib. Belə ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7 sinif şagirdi dünyasını dəyişib. Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub. 26 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin Teymur adlı idman müəllimi evə gedərkən qohumu Məmmədağa Zeynalovun halsız olduğunu görüb və onu özü ilə birlikdə məktəbə gətirib. Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib. Teymur müəllim hadisə zamanı ona ilkin tibbi yardım göstərmək istəyib. Poliklinikada çalışan yoldaşına zəng edib. Uşağa dərhal ilkin yardım göstərilib. Təəssüf ki, təcili tibbi yardım gələnə kimi uşaq vəfat edib.
Kənan Eynuroğlu