Memorandumun böyük faydası olacaq

Rusiya mediası ilə Azərbaycan həqiqətlərinin dünyaya çıxarılması olduqca mühüm amildir



(Əvvəli ötən sayımızda)

Ötən gün Bakıda Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov və MŞ sədri, millət vəkili Əflatun Amaşov imza atıb. Bu münasibətlə Mətbuat Şurasında keçirilmiş mərasimdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. MŞ sədri həmçinin Azərbaycanda söz və ifadə azadlığı sahəsindəki vəziyyətin xarakterik xüsusiyyətlərinə diqqət çəkib. Ə.Amaşov qurumun beynəlxalq əlaqələri barədə də məlumat verib və bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya jurnalist səfərləri gerçəkləşməkdədir. Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasındakı əməkdaşlıq Memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını təmin edəcək, faydalı nəticələr verəcək: 

"Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan Memorandum iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək. Bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi. İmzalanmış Memorandumun da əlaqələrimizin möhkəmləndirilməsinə töhfəsini verəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər”.

Rusiya Jurnalistlər İttifaqının sədri V.Solovyov da əməkdaşlıq Memorandumunun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini vurğulayıb. Bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır. Tərkibində 100 min nəfəri birləşdirən ittifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur. Görüşdə həm Mətbuat Şurasının, həm də Rusiya Jurnalistlər İttifaqının jurnalist hüquqlarının qorunması, onların təhlükəsizliklərinin təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də jurnalistika sahəsində gerçəkləşdirdikləri müxtəlif fəaliyyət növlərinin oxşar və fərqli cəhətləri müzakirə edilib. Məlumat üçün deyək ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq Memorandumunda jurnalistlərin və KİV nümayəndə heyətlərinin biri-birinin fəaliyyəti ilə tanış olmaları üçün qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin hazırlanmasında və nəşrində birgə iştirak, tərəflərin iştirakı ilə konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil etmək, qarşılıqlı maraq doğuran məsələlərdə informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə tutulub.

Bir məqamı da qeyd edək ki, Rusiyanın Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu Azərbaycan Prezidenti İlham Əliyev də qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin arasında da əlaqələrin fəallaşdırılmasının vacibliyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycan və Rusiya KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər.

Azərbaycan və Rusiya media əlaqələrinin inkişafından danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "Şərq”ə deyib ki, son illər Azərbaycan mediası institutlaşıb və kifayət qədər peşəkarlaşıb. Bu prosesə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilib, çoxsaylı proqramlar həyata keçirilib: 

"Azərbaycan mətbuatı ətraf ölkələrin media qurumları ilə sıx və bərabər hüquqlu əməkdaşlıq qurmaq üçün səylər göstərir və buna müvəffəq olur. Azərbaycan bu sahədə bir sıra layihələrə imza atıb. Ölkəmizin təşəbbüsü ilə türkdilli ölkələrin jurnalistlərinin media platforması yaradılıb. İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin media qurumlarının assosiasiyası təşkil edilib. Bunlar hamısı ciddi platformalardır. İndi təşəbbüs göstərilir ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin jurnalist təşkilatları və media qurumları ilə sıx əməkdaşlıq edilsin. Azərbaycan çoxşaxəli, müxtəlif platformalarda təmsil olunur. Bu, çox müsbət bir addımdır. Xarici ölkələrin media qurumları ilə qarşılıqlı əməkdaşlıq olarsa, həmin ölkələrə aid informasiyaların Azərbaycanda yayılması mümkünləşər. Həm də Azərbaycanın marağında olduğu informasiyaların qarşılıqlı əməkdaşlıq yolu ilə həmin ölkələrdə yayılmasına nail olunar. Artıq bununla bağlı əlimizdə konkret nəticələr var. Məsələn, İƏT-ə daxil olan ölkələrin media qurumlarının assosiasiya üzvləri iki-üç dəfə Azərbaycana səfər ediblər. Onlar geri qayıtdıqdan sonra öz ölkələrinin mətbuat səhifələrində Azərbaycan haqqında xeyli materiallar yazıblar. Eyni zamanda türkdilli ölkələrin jurnalist təşkilatları ilə görüşlərin nəticələri olaraq həmin ölkələrdə Azərbaycanla bağlı dəyərli materiallar dərc olunub. Azərbaycan haqqında məlumatlar çox müsbət effekt verməkdədir. Bu baxımdan Rusiya Jurnalistlər İttifaqı ilə Mətbuat Şurası arasında imzalanan Memorandumun da böyük önəmi var”.

M.Ələsgərli bildirib ki, Rusiya çox böyük dövlətdir, həm bizim regionda, həm də dünyada gedən siyasi proseslərə təsir göstərən bir ölkədir: 

"Rusiya mediası ilə Azərbaycan həqiqətlərinin dünyaya çıxarılması olduqca mühüm amildir. RJİ-nın rəhbəri Vladimir Solovyov özü də vurğuladı ki, Rusiya əhalisinin Azərbaycan haqqında daha çox informasiya əldə etməsinə ehtiyac var. Əsasən də, Azərbaycanın inkişafı və indiki durumu barədə çox məlumatlar almağa ehtiyac duyulur. Rusiya qonşu dövlət olmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi əlaqələr baxımından əlaqə qurduğu böyük dövlətlərdən biridir. Güclü turizm potensialımız var və ruslar ölkəmizə turistik səfərləri çoxalda bilərlər. Nəticədə Rusiya əhalisi həm Azərbaycanı görər, həm də ölkəmiz haqqında müsbət təsəvvürləri yaranar. Eyni zamanda region jurnalistləri olaraq müştərək maraqlarımız mövcuddur. Artıq beynəlxalq tədbirlərdə Rusiyanın istər siyasət adamları, istərsə də incəsənət nümayəndələri vahid platformalardan çıxış edirlər. Bunun da böyük önəmi var. Yəni qarşılıqlı əlaqələrin inkişaf etməsi və bunun üçün zəmin yaradılması mühüm məqamdır. Bu cür işlərdən Azərbaycana yalnız fayda gələ bilər”.

Tanınmış jurnalist Elçin Bayramlı da "Şərq”ə bildirib ki, Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında bağlanmış müqavilə çox təqdirəlayiqdir: 

"Rusiya mediası və rus dili vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çıxarmaq imkanı əldə edə bilərik. Bundan başqa, dünyadakı 2 fövqəldövlətdən biri olan Rusiya ilə münasibətlərin daha da yaxınlaşmasında medianın böyük rolu ola bilər. Həm Rusiya hökumətində, həm də Rusiya ictimaiyyətində özümüz haqda daha müsbət rəy yaratmaq, ermənilərin saxta təbliğatının qarşısını almaq mümkün olacaq. Özü də bunları bizim yox, rusiyalı jurnalistlərin yazması daha obyektiv təsir bağışlayacaq. Hesab edirəm ki, belə əməkdaşlıqları digər beynəlxalq dillərə mənsub böyük ölkələrlə də etmək yaxşı olar. Məsələn, Böyük Britaniya, Fransa, Çin və Amerika ilə media əməkdaşlığını da gücləndirmək lazımdır. Hazırda beynəlxalq təbliğat və informasiya müharibəsində geri qalırıq. Bu kimi tədbirlər vəziyyəti dəyişə bilər”.

"Milli.az” saytının baş redaktoru Anar İmanov "Şərq”ə vurğulayıb ki, media sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı hər iki ölkəyə böyük fayda verəcək: 

"Rusiya artıq çoxdan başa düşüb ki, regionda lider mövqeyində olan Azərbaycanla əməkdaşlıq onun üçün böyük perspektiv vəd edir. Mətbuat Şurası Azərbaycan jurnalistləri üçün mühüm işlər görür. Bu işlərin bəhrəsini yaxın gələcəkdə görəcəyik. Çox xoş haldır ki, Azərbaycana bir çox dövlətlərin, həm də Rusiyanın güclü jurnalistləri dəvət olunur və onlarla səmərəli, səmimi əməkdaşlıq qurulur. İnformasiya böyük qüvvə və silahdır. Hələ keçən əsrlərdə Rotşild sülaləsinin yaradıcısı Natan Rotşild deyib ki, informasiyaya sahib olan dünyanın sahibidir. Bu gün qələbələr daha çox hərbi meydanda yox, informasiya məkanlarında əldə olunur. Bunu nəzərə alaraq, Mətbuat Şurasının bugünkü fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanıb. Bu fəaliyyət ölkəmizin daha güclü və qüdrətli olmasına hesablanıb”.

Baş redaktorun sözlərinə görə, Rusiyada jurnalistika çox inkişaf edib. Saytları və qəzetləri güclü, auditoriya və reklam bazarları genişdir: 

"Bu cəhətdən güclü media ilə əməkdaşlıq bizim üçün yalnız fayda verə bilər. Bəzən Rusiya mətbuatında erməni nağılbazların vasitəsilə Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi haqda qərəzli materiallar olur. İnanıram ki, bu əməkdaşlıq erməni uydurmalara son qoyacaq. Getdikcə ermənilərin Rusiya mətbuatında təmsilçiliyi azalır, mövqeləri zəifləyir. Məsələn, bu ilin avqust ayında güclü "Life” saytının da daxil olduğu "News Media” holdinqin Baş direktoru vəzifəsində erməni Aram Qabrelanovu Anatoli Süleymanov əvəz etdi. Tarixən ermənilər, Ermənistan Rusiyaya qarşı işləyirdilər - əməllərini keçmişdə dahi şair Puşkin, indi isə aparıcı jurnalist Serqey Dorenko və digərləri sərt tənqid edirdilər və edirlər”.

(Davamı var)

İsmayıl