Məmurların sayı 30 faiz azaldılsın...

Fikirlər haçalanır, millət vəkilləri 2017-ci ilin büdcə müzakirəsində əməlli-başlı tər tökürlər


Dünən Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcə zərfini İnsan hüquqları, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər komitələri müzakirə ediblər.

Parlament sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin büdcə layihəsini Milli Məclisə təqdim edib: "Eyni zamanda müvafiq qurumlar da mövcud vəziyyəti, valyutaların məzənnəsini nəzərə almağı bacarıblar. Biz mövcud reallıqları nəzərə almaqla öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”.

"Gələn ilin büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzərə alınaraq hazırlanıb”

B.Muradova qeyd edib ki, gələn ilin dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzərə alınaraq hazırlanıb: "Əsas məqsədimiz makroiqtisadi sabitliyi qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Gələn ilin büdcəsində bu məqamlar nəzərə alınıb”. "Büdcə müzakirəsi zamanı populist, bir qrup insanın maraqlarına xidmət edən, havadan götürülən iddialardan və fikirlərdən uzaq, reallığa uyğun olaraq mövqeyimizi bildirməliyik” - deyən vitse-spiker bildirib ki, 2017-ci ilin büdcəsi sosial yönümlü olmaqla yanaşı, ölkənin müdafiə və digər sahələrindəki qüdrətini daha da artırmağı qarşısına hədəf qoyub.

Sosial məsələlər diqqət mərkəzində olacaq

Müzakirələrdə iştirak edən Maliyyə naziri Samir Şərifov deyib ki, 2017-ci ildə dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə ümumilikdə 34 milyon manat ayrılacaq. Nazir bildirib ki, gələn il gənclər və idman siyasəti sahəsinə ayrılacaq vəsait ötən ildəkindən çoxdur: "Gələn il idman komplekslərinin saxlanılmasına isə 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.
S.Şərifov 2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılan qurumun adını da açıqlayıb: "2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılacaq qurum Prezident yanında Gənclər Fondu olacaq. Belə ki, Gənclər Fonduna gələn il üçün cəmi 1 milyon manat ayrılacaq”.

"JEK”lər özəlləşdirilsin"

Müzakirələrə qoşulan millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, mənzil-kommunal sektoru özəlləşdirilsin: "Mən başa düşmürəm, niyə indiyə qədər bu sektoru özəlləşdirməmişik? Həmçinin düşünürəm ki, "Azərenerji”, "Azəriqaz” və "Azəristiliktəchizat”ın da özəlləşdirilməsi vacibdir.
Deputatın sualına cavab verən nazir S.Şərifov mənzil-kommunal sektorunun özəlləşdirilməsinin mümkün olduğunu bildirib: "Geniş özəlləşməyə hazırlıq görülür. Ziddiyyətli məqamlar da var. Ona görə də bu məsələyə hökumət tərəfindən baxılır".
Q.Həsənquliyev dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılmasını da təklif edib: "İstər Nazirlər Kabinetində, istərsə də yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur. İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər Kabinetində 30 faiz ixtisar aparaq ki, buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da, əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların - həqiqi işləyən məmurların normal maaş almasına şərait yaradarıq”.

"Samir Şərifovun təklifini eşidəndə xəcalət çəkdim. Məgər yerdəkilərin ağlı və səviyyəsimi çatmır?”

"Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcə formalaşdırılması barədə təklifini eşidəndə xəcalət çəkdim”. Bu sözləri müzakirə zamanı millət vəkili Arif Rəhimzadə deyib. Deputat bildirib ki, rayonlara dotasiya ayrılmaması və yerli büdcələrini öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil və bunun ziddinədir:
"Nəyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq? Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir? Hesab edirəm ki, bu metodun seçilməsi düzgün deyil və ümumi strateji xəttə ziddir. Biz çalışmalıyıq ki, yerdə həll olunası məsələnin yerində həll olunmasına nail olaq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsimi çatmır? Yoxsa, səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, onlardan tələb etməliyik. Bacarmırlarsa, işdən çıxarılsınlar. Daha yaxşı bacaranları ora qoymaq lazımdır”.

Nazir deputatın cavabını verdi

S.Şərifov deputata cavab verərək deyib ki, regional idarələr yaradılır və bu idarələr mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir: "Həmin qurumlar hesab edir ki, regional idarələrin yaradılması büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyini artıracaq. Məhz bu səbəbdən də struktur dəyişikliklərinin yaranmasına zərurət yaranıb. Bələdiyyələrlə qaldırılan məsələ yeni deyil. Qanunvericilikdə bələdiyyələrə subvensiya verilməsi məsələsi öz əksini tapılıb. Amma bu o demək deyil ki, bələdiyyələrə subvensiya verilməlidir. Maliyyə Nazirliyinin subvensiya verilməsi ilə bağlı səlahiyyəti çatmır. Bunun üçün hansısa mexanizm olmalıdır.
Bu mexanizm olandan sonra büdcədə müəyyən vəsait proqnozlaşdırıla bilər. Bələdiyyələrə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması məsələsinə toxunuldu. Dövlətin bələdiyyələrə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı birbaşa öhdəliyi yoxdur. Buna baxmayaraq, dövlət tərəfindən bu istiqamətdə vəsait ayrılır. Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdir. Düzdür, iri şəhərlərdə gəlir imkanları daha yüksəkdir, bəzi rayonlarda isə daha azdır”.

"Kəndlinin özü-özünü dolandırmasına şərait yaradılmalıdır”

Millət vəkili Cavanşir Feyziyev söyləyib ki, büdcə layihəsində bir sıra dövlət müəssisələrindən daxilolmaların həcmi 5-6 milyon manat civarında göstərilib ki, bu, yetərincə aşağı göstəricidir: "Elə kiçik firmalar var ki, illik gəliri 5-6 milyon manat civarındadır. Əgər bu dövlət müəssisələri belə az gəlir gətirirsə, onlar mütləq özəlləşməyə çıxarılmalı və daha effektli idarəetməyə nail olunmalıdır. Bununla həm də büdcə gəlirlərinə qənaət etmiş olarıq”. C.Feyziyevin sözlərinə görə, hökumət kəndlinin özü-özünü dolandırmasına şərait yaratmalıdır: "Bunun üçün ilk olaraq kəndli üçün infrastruktur şəraiti yaxşılaşdırmaq lazımdır. Onu elektrik enerjisi, yanacaq və su ilə təmin etməlidir. Əgər belə olarsa, o zaman kəndlinin ünvanlı sosial yardıma da ehtiyacı qalmayacaq”.

"Kəndlərdə insanlar qazla isinirlər”

"Tarif Şurasının qərarı ilə istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır”. Bunu isə deputat Fəzail Ağamalı deyib: "Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırılması yaxşı olardı. Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1500-dən 3000-ə qaldırılması məqsədəuyğun olardı. Bakıda da vahid istilik sistemi olmadığına görə, yenə həmin problem var. Tarif Şurasının qərarı ilə Prezidentin kənd təsərrüfatı ilə bağlı siyasətində uyğunsuzluq var. Avadanlıqlar və gübrələr xaricdən alınır və onun da qiyməti artıb ki, nəticədə, tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranacaq. Həmçinin, Sahibkarlığa Kömək Milli Fonduna gələn ilin büdcəsində vəsait nəzərdə tutulmayıb. Sahibkar hansı maliyyə imkanları ilə inkişaf edəcək. Xahiş edirəm ki, plenar iclasa qədər bu quruma vəsaitin ayrılması ilə bağlı məsələyə yenidən baxılsın”.

"Kvota artırılsa, imkanlı adamlar da aşağı qiymətlərdən istifadə edəcək”

Maliyyə naziri F.Ağamalının qaz və elektrik enerjisi üçün güzəştli kvotanın artırılması ilə bağlı təklifinə cavab verib. Nazir bildirib ki, Tarif Şurasının yeni qərarında əsas prinsip aşağı qiymətlərdən bütün təbəqələrin istifadə etməsi ilə bağlıdır: "İmkanlı şəxslər limitdən artıq qaz və elektrik enerjisi istehlakına görə yeni tariflər üzrə ödəniş etməlidir. Əhali arasında imkanlı adamlar da var. Kvota artırılsa, belə çıxır ki, həmin adamlar da aşağı qiymətlərdən istifadə edəcək. Tarif Şurasının qərarında əks olunduğu kimi, varlı adamlar daha çox qaz və elektrik enerjisi istehlak etdiyindən daha çox ödəməlidir. Əhalinin aztəminatlı təbəqəsinə gəlincə, artımın əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqəsinə təsirini azaltmaq üçün ünvanlı sosial yardım məbləğinin artırılması nəzərdə tutulur.
Tarif Şurasının yeni qərarı ilə artan daxilolmaların əksər hissəsi ünvanlı sosial yardımların artırılmasına yönəldiləcək. Hesab edirəm ki, bu yanaşma düzgündür. Çünki tarif islahatının aparılması ilə əlaqədar əhalinin sosial həssas qruplarının müdafiəsi xüsusi önəm daşıyır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, kommunal xidmətlərin yüksək və keyfiyyətli göstərilməsi üçün bu qurumların maliyyə durumu yaxşı olmalıdır. "Azərişıq" və "Azəriqaz"ın gəlirləri isə topladığı haqlardan asılıdır”.
Büdcənin müzakirəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu

Müzakirələrdən sonra "2017-ci il üçün yaşayış minimumu haqqında”, "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları parlamentin qarşıdan gələn plenar iclaslarına tövsiyə olunub. Bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
O, uzun müzakirələrdən sonra hökumət və deputatlarla birgə yekdilliklə gələn ilin dövlət büdcə layihəsinin parlamentin dekabr ayının 6,7 və 8-də baş tutacaq plenar iclaslarına tövsiyə olunduğunu bildirib.

Anar Bayramoğlu