“Daxilimi silkələyən bəzi şeylər var”Dəniz Tacəddin: “Aktrisalıq mənim ruhuma işləyib”
Azərbaycan kino və teleməkanında çox az hallarda gənc aktrisalar seçilməyi bacarır. Bu gün "Şərq”in qonağı həmin seçilənlərdən oldu. Gənc, amma dünyagörüşü geniş, intellekt səviyyəsi yüksək olan aktrisa Dəniz Tacəddinlə ikinci dəfə görüşürük. Onunla ötənilki görüşün xoş təəssüratı bizi aktrisaya bir az da doğmalaşdırdı.
- Bir ildi görüşmürük, Dəniz. Necəsən?
- Xoş gördük. Yaxşıyam. Sizin qəzeti o qədər özümə doğma sayıram ki, bu gün izlədiyim mətbuat orqanları arasında xüsusi yeriniz var. Sizinlə ilk görüşümüz, mənimlə bağlı hazırladığınız müsahibə o qədər maraqlı, fərqli oldu ki, mən məhz o müsahibədən sonra jurnalistikanın əslində nə qədər məsuliyyətli, maraqlı, eyni zamanda cəmiyyətə təsir gücünü hiss etdim. Bir yazarın qələmi, jurnalistin hazırladığı müsahibə həmin yazının qəhrəmanını istədiyi qəlibə salıb tanıtmaq gücünə malik imiş. Sizin qəzetin timsalında məndə qəzet yazarlarına sevgi yarandı. Qaldı necə olmağıma, çox yaxşıyam. Bu günlərdə Türkiyədən qayıtmışam.
- İşgüzar səfər idi, ya dincəlmək məqsədi daşıdı?
- Sözün düzü, ailəmlə istirahətə getmişdik. Necə deyərlər, stress atmağa. Yaxşıca dincəldiyimi deyə bilərəm.
- Bəs son bir il ərzində nələr dəyişib həyatında?
- Bu bir il ərzində həyatımda çox şey dəyişib.
- Yəni şəxsi həyatında özəl insanlar var? Bunu demək istəyirsən?
- Yox. Qətiyyən. Həyatımda özəl birisi yoxdu.
- Yəni Dəniz sevgisini hələ də tapmayıb?
- (Gülür) Yəqin o sevgi hələ məni gəlib tapmayıb. Əgər sevdiyim olduğu ilə maraqlanırsızsa, təkəm. Həyatımda kimsə yoxdu. Necə deyərlər, subayam, könlüm də boşdu.
- Bəs onda dəyişiklik deyəndə nəyi nəzərdə tutursan?
- Psixoloji baxımdan həyatımda dəyişikliklər yaşandı. Keçən ildən başlayaraq psixologiya ilə məşğul olmağa başladım. Özümü ruhsal baxımdan tamamilə başqa şəkildə dərk etməyə başladım. Bu mənim mənəvi böyüməyimə təkan verdi. Eyni zamanda mən bu il Musiqili Komediya Teatrında da "İnsan səsi” əsəri üzərində işləməyə başladım. Daha sonra Amerikadan may ayında gəldilər. Maraqlı şou həyata keçirdik. Həmin şirkət Amerikanın çox məşhur musiqi şirkətidir. Onlarla birgə Azərbaycanda Amerika günləri təşkil etdik. Mən burada aktrisa kimi iştirak etdim. Burada böyük bir kastinq keçirildi. Və mən bu kastinqdə seçildim və həmin böyük layihədə iştirak etdim. "Sarı gəlin” mahnısını da həmin layihədə ifa etdim.
- Bəs serial, film təklifləri necə, gəlirmi? Son vaxtlar yeni seriallarda görünmürsən...
- Bu il mənə həm seriallardan, həm də film təklifləri çox oldu. Onları dəyərləndirmək lazım idi. Sadəcə mən böyük bir prodakşnla müqavilə bağlamışam və mənim aktrisa olaraq menecerim var. Mənə gələn təklifləri menecerim dəyərləndirir. Mən həmin şirkətlə müqavilə bağlamışam və aktrisa kimi yalnız yaradıcılıq işləri ilə maraqlanacam. Qonorar məsələsinə və digər işlərlə menecerim məşğul olur. İndi görürsüz ki, aktirsaları aldadırlar, müqavilə olmadığından qonorar məsələsində problemlər ola bilər. Mən bu problemlərlə qarşılaşmamaq üçün müqavilə ilə işləməyə üstünlük verirəm.
- Bəs Azərbaycanda bu şərtlərlə işləmək çətin olmur. Axı seriallara dəvət olunanda menecerlə görüşmək, onlarla müqavilə bağlamaq-filan, bunlar bəzən çətin proses olduğundan sənə gələn təkliflər azala bilər. Hamı çalışır ki, daha asan yolla iş görsün. Bu, rejissorlara və ya filmin sahibinə artıq iş kimi görünə bilər.
- Tam razıyam. Bəli, bizdə hələ də birbaşa aktrisaların özü ilə danışmağa üstünlük verilir. Ola bilər bu şəkildə iş sistemində təkliflər az olsun. Amma mən kəmiyyətə deyil, keyfiyyətə üstünlük verirəm. Mənə elə gəlir ki, profesionallıq da bunu tələb edir ki, aktrisaya gələn təklifləri meneceri dəyərləndirsin. Yəni rəsmi müqavilə ilə iş görülsün.
- Ümumi götürsək, xarici rejissorlarla bizim rejissorların fərqini nədə gördünüz?
- Müqayisə etmək istəmirəm, ancaq bircə bunu deyə bilərəm ki, kəmiyyət olmayan yerdə keyfiyyət də olmur.
- Aktrisa olmaqla yanaşı, musiqi ilə də məşğul olursan. Skripka ifa edirsən. Bəs "Skripkaçı” filminə dəvət almağınız məhz skripkaçı olmağınız ilə bağlıdır?
- Xeyr, təsadüfdür. Mən o filmdə skripkaçını oynamıram. İlqar Fəhminin ssenarisi əsasında lentə alınan qısametrajlı filmdir. Çox maraqlıdır.
- Sizin üçün iki "qarpız”ı bir əldə tutmaq çətin olmur? Bir yandan aktrisalıq, o biri yandan da musiqi... İki yoldan birini seçmək fikrin yoxdur?
- Aktrisalıq mənim ruhuma işləyib sanki. Zövq alıram filmlərə çəkilməkdən. Özümü çox rahat hiss edirəm. Amma mən musiqini heç vaxt atmaram. Böyük planlarım var. Hətta xaricdə təhsil almağı da planlaşdırıram. Bir də ki, mən hər iki sənətə ciddi iş və qazanc mənbəyi kimi baxıram. Sözümün canı odur ki, nə aktrisalığa, nə də musiqiyə hobbi kimi baxıram.
- Sırf skripkaçı kimi konsert vermək ağlından keçib?
- Pis olmazdı. Amma konsert vermək, ona hazırlaşmaq və s. kifayət qədər zaman tələb edir. Mən isə o zamanı indi "şamla axtaran”lardanam (gülür).
- Ola bilərmi ki, nə vaxtsa sözügedən bu iki sahədən uzaqlaşıb tamamilə ayrı bir sahəyə yönələsiniz?
- Ola bilər, hər şey qismətə bağlıdır.
- Nə çatışmır?
- Azadlıq...
- Necə yəni azadlıq?..
- Daxili azadlıq... Sözün düzü, mən bir müddət tək yaşamaq istəyirəm. Öz ayaqlarım üzərində durmağı bacarıb-bacarmadığımı bilmək üçün. Amma valideynlərim mənim üçün çox dəyərlidirlər. Bir tərəfdən də düşünürəm ki, bu, mənim üçün çox çətin olar.
- Geyim baxımından sərbəst olduğunuzu bilirdim. Amma yaş artdıqca, daha çox qapanmağa üstünlük verənlərdənsiniz, yoxsa?..
- Geyim tərzimi özüm müəyyən edirəm. Amma bura Azərbaycan olduğuna görə mən istirahətə, çimərliyə, əyləncə məkanlarına və s. yerə geyinilən libaslarla günün günorta çağı şəhərdə gəzə bilmərəm.
- Dəniz təkliyi sevmir əslində. Bəs niyə həyatına kimsə gələ bilmir?
- Ürəyim boşdur, bu gedişlə boş qalacaq (gülür). Zarafat bir yana qalsın, hələ tez olduğunu düşünürəm. Həm də mənim əqidəmdə olan bir insan qarşıma çıxmayıb, sözün düzü.
- Yəni necə biri olmalıdı?
- Mənim əqidəm bölünməzdir, dəyişməzdir. Yalandan, ağılsızlıqdan və s. uzaq bir əqidə... Həyatımda olan insan da belə olmalıdır ki, mən onunla ömür yolu keçə bilim.
- Siz özünüz rejissor olsaydınız, hansı mövzuda film çəkmək istərdiniz?
- Psixoloji baxımdan insanın içərisini tərpədən bir film çəkmək istərdim.
- Sizin daxilinizi tərpədən nədir bəs?
- Mənim daxilimi silkələyən bəzi şeylər var. Amma açıqlamaq istəmirəm...
Tahirə