Məqsəd doğrudur...

İşləyən şəxslər gələcəkdə işsizlikdən sığorta olunacaq


2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisdə komitələrin birgə müzakirəsinə çıxarılıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, işsizlikdən icbari sığorta sistemi
yaradılacaq.

"Sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Məşğulluğun təmini əsas hədəf olaraq qalacaq.
İşsizlikdən icbari sığorta sistemi yaradılacaq. Aktiv əmək bazarı proqramlarının genişləndirilməsi
Dövlət Məşğulluq Xidmətinin əsas prioritetlərini təşkil edəcək”-deyə S.Həsənova vurğulayıb.
O söyləyib ki, ipəkçiliyin və pambıqçılığın inkişafı üçün bu sahələrdə 13-ə yaxın xüsusi proqram
hazırlanır. "Bunların əmək tutumluğunu nəzərə alaraq, ölkədə məşğulluğun artırılmasına öztöhfəsini verəcəyini gözləyirik”. Nazir müavininin sözlərinə görə, 2017-də iqtisadi artımın 1 faiz
növbəti illərdə 2 faizdən yuxarı olacağı proqnozlaşdırılıb: "Hasilatın aşağı salınması ilə neft
sektorunun 2,1 faiz azalacağı, 2,5 faiz qeyri-neft sektorunun artımı nəzərdə tutulub”.

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Qalib Toğrul bu sistemin yaradılmasında məqsəd kimi
işləyən şəxslərin gələcəkdə işsizlikdən sığorta olunmasını göstərib: 
"Bir neçə dəfə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə bir qanun layihəsi hazırlandığını bildirmişdi. Hazırda ölkəmizdə işsizlikdən sığorta sistemi deyil, işsizliklə bağlı müavinətlərin verilməsi sistemi var. Amma indi belə bir sığorta sistemi yaratmaq istəyirlər ki, işləyən şəxslər işsizlikdən sığorta olunsunlar”.

Yeganə Bayramova