Mərhəmət işığı...

Azərbaycanda insan hüquqlarını dövlət qoruyur
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması


Azərbaycan dövləti insan hüquq və azadlıqlarının başlıca təminatçısı olaraq idarəetmə sistemini daha da təkmilləşdirmək istiqamətini əsas tutur. 2016-cı ilin sentyabrında Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçirilməsi də hüquqi dövlət sistemini daha mükəmməl, daha işlək hala gətirmək və dövrün tələblərinə uyğunlaşdırmaq zərurətindən irəli gəlirdi. Ölkəmizin siyasi elitası bu qənaətdədir ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının qəbulu qarşıda duran problemləri daha səmərəli həll etmək imkanı verəcək.

Azərbaycan müstəqil dövlətçiliyinin bərpasının 25 illiyini yaşayır və ölkəmizdə inkişaf yüksək sürətlə gedir. Bu gün dünyanın inkişaf etmiş demokratik ölkələrinin dəyərləri cəmiyyətdə daha çox oturuşur. Bu mənada Referendum Aktının qəbul olunması demokratik dəyərləri möhkəmləndirir, insan hüquq və azadlıqlarının daha da güclü qorunmasını təmin edir, idarəetmə mexanizmini günün tələblərinə cavab verən formaya gətirib çıxarır. Konstitusiyaya dəyişikliklərdə Azərbaycan üçün yeni olan vitse-prezidentlər institutunun tətbiq edilməsi nəzərdə tutulub ki, bununla vitse-prezidentlər dövlətçiliyin bir sıra vacib sahələrinə konkret cavabdeh olacaqlar. Bu isə həmin sahələrdə qarşıya çıxan məsələlərin daha çevik həllinə imkan verəcək. Deputat seçkisi ilə bağlı yaş məhdudiyyətinin götürülməsi də, əslində hər bir vətəndaşın seçilmək hüququnun tanınmasıdır. Hazırda dünyanın əksər ölkələrində seçib-seçilmək, aktiv və passiv seçki hüququ olan şəxslərin parlamentə seçilmək hüququ var. Yaş məhdudiyyətinin götürülməsi ilə əlaqədar Azərbaycanda da yeni demokratik düşüncəli, enerjili gənclər qanunverici orqanda təmsil olunacaq, hüquqi dövlətin təkmilləşməsi prosesində aktiv iştirak edəcəklər. Qəbul olunmuş dəyişikliklər Azərbaycan cəmiyyətini daha açıq, demokratik və beynəlxalq birliyə inteqrasiya etmiş səviyyəyə qaldırır.

Birinci xanım insan azadlıqlarının təminatçısıdır

Azərbaycanda son illər Amnistiya Aktları ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilib. Bu da Azərbaycanın birinci xanımının humanistliyinin, insansevərliyinin göstəricisidir. Bu ilin may ayında Mehriban xanım Əliyeva növbəti Amnistiya Aktının qəbul olunması təşəbbüsü ilə Milli Məclisə müraciət etmişdi. 28 may - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi barədə danışan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva bildirmişdi ki, 2007-ci ildən başlayaraq Fondun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib.

Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm də xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər bir addımında, fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi daim doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır.

Onları bağışlamaq, yeni şans vermək, həyatlarında başqa yolu - cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsipləri ilə qurulan yeni ömür yolunu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini dərk etməli və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara normal həyat tərzi qurmağa yardım etməliyik.

Amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad edilir. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad edilir.

Mehriban xanım Əliyeva Milli Məclisdəki çıxışında xüsusilə diqqətə çatdırmışdı ki, Amnistiya aktı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını əhatə edəcək. Bundan başqa, islah işləri, ictimai işlər, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də Amnistiya şamil ediləcəkdir. Ümumilikdə on min məhkumun amnistiya aktının təsiri altına düşəcəyi, onlardan 3500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilirdi.

Birinci xanımın dediyi kimi, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı hissləri əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, məhz o cəmiyyət inkişaf etmiş və uğurlu cəmiyyətdir.

"Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil, bəzən çətin və məsuliyyətli qərar qəbul etmək tələbidir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik. Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcəkdir”.

Mehriban xanım Əliyeva çıxışında amnistiya şamil ediləcək şəxslərin bundan sonra cəmiyyətimizin layiqli vətəndaşları olacaqlarına ümid etdiyini bildirmişdi.

"Azərbaycan humanizm prinsiplərinə əsaslanır”

Əfv fərmanları və Amnistiya Aktları vətəndaşlarımızın Azərbaycan dövlətinə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında, insanların haqqa, ədalətə inamını daha da möhkəmləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bu fikirdədir ki, Azərbaycanda Əfv İnstitutu artıq formalaşıb və bu da dövlət idarəçiliyində humanizm prinsipinin prioritetliyinə sübutdur:

- Qeyd etməliyəm ki, dövlət idarəçiliyində məcburetmə tədbirləri ilə yanaşı, eyni zamanda humanizm və mərhəmət hüququ da yer alır. Cinayət hüququ sahəsində bu özünü iki istiqamətdə - cəzaların sərtləşdirilməsi və humanistləşdirilməsində göstərir. Burada fikir ayrılıqları var. Bir qisim hesab edir ki, cəza siyasətinin sərtləşdirilməsi cinayətlərin sayını azaldır, insanlar sərt cəzaları düşünüb cinayət törətməkdən çəkinirlər. Ancaq hüquq sferasında ixtisaslaşmış bir çox tanınmış simalarsa bu qənaətdədir ki, əksinə, cəza siyasətinin humanistləşdirilməsi insanları daha artıq xeyirli olmağa, cəmiyyətə yararlı vətəndaş olmağa təşviq edir. Statistika da göstərir ki, cəzaların sərtləşməsi müvəqqəti effekt verir, cinayətkarlığın əsaslı şəkildə azalmasına səbəb olmur. Azərbaycanda artıq Əfv institutu formalaşıb. Cənab Prezident insan hüquq və azadlıqlarının birinci təminatçısıdır. Azərbaycan Respublikasının Konstitusiyası da Prezidentə bu səlahiyyəti verir. Eyni zamanda ölkə Konstitusiyası Prezidentə humanizm prinsiplərindən çıxış etmək, mərhəmət nümayiş etdirmək hüququ da verir. Və bugünədək imzalanmış əfv fərmanları da Azərbaycanın dövlət başçısının idarəçilikdə humanizm prinsiplərini əsas götürdüyünü təsdiq edir. İndiyədək Prezident tərəfindən ümumilikdə 61 əfv fərmanı imzalanıb və 9 min insan həbsdən azad edilib. Bundan əlavə qəbul olunmuş 11 Amnistiya Aktı 120 min məhbusu əhatə edib. Görün, nə qədər insanın sərbəst yaşayış hüququ təmin edilib, nə qədər insan azadlığına, ailəsinə qovuşub. Mən əminəm ki, vaxtilə cinayət törətdiyi üçün azadlıqdan məhrumetmə cəzası almış şəxslər arasında keçmişindən imtina edən, doğru yola gələn, dürüstlüyü seçənlər daha çoxdur. Çünki həbsxana, məhbəs həyatı heç kim üçün xoş ola bilməz. Cinayət törətmiş insan demək olar, həmişə etdiyi əməldən peşman olur. Bəzi istisnaları çıxmaq şərtilə. Mən kriminal bataqlığına yuvarlanmış adamları nəzərdə tutmuram. Azadlıq, sərbəst hərəkət hüququ elə bir nemətdir ki, onun əldən alınması hər bir normal insana ağır gəlir və insan bir daha səhv etmək, cinayət törətmək istəmir. Bu mənada insan hüquq və azadlıqları sahəsində də, cəza sistemində də sərtləşdirmə deyil, humanistləşmə, yumşaltma prinsipi daha effektivdir və nəticəsi də daha müsbət, daha xeyirli olur.

Ə.Nuriyev qeyd etdi ki, dövlət müstəqilliyinin bərpasından sonra insan haqlarının qorunması sahəsində qanunvericilik bazası kifayət qədər mükəmməl forma alıb:

- Azərbaycan qlobal dünyanın bir parçasıdır və dünyada gedən proseslər bizə də təsirsiz ötüşmür. Bu mənada qanunvericilik bazasına zaman-zaman bu və ya digər dəyişikliklər edilməsi zərurəti yaranır. Təəssüflə qeyd etməliyik ki, qanunlara edilən dəyişikliklər bəzi beynəlxalq qurumlar tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qələmə verilir. Azərbaycanın yüksəlişini gözü götürməyən, adında "insan haqları” ifadəsi daşıyan beynəlxalq təşkilatlar ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edirlər. Azərbaycan beynəlxalq təşkilat və qurumlarla, siyasi institutlarla bərabərhüquqlu əsaslarla əməkdaşlıq edir. Hər ötən il bu əməkdaşlıqda yeni-yeni mərhələlər açılır, imkanlar ortaya çıxır. Ancaq təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilat və qurumlar heç də hər zaman Azərbaycanla bərabərhüquqlu əməkdaşlığa maraq göstərmir. Azərbaycanda milli və hüquqi qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan məqsədyönlü işləri bəzi beynəlxalq təşkilatlar görməzdən gəlir, əsassız yerə hansısa qüsur, nöqsan axtarmağa çalışırlar. Azərbaycana qarşı qərəzli olan beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətini və bir milyondan artıq soydaşımızın öz doğma ata-baba ocaqlarından didərgin salınmasını görməməsi siyasi korluqdur. Qanun pozucuları, konkret cinayət əməlində ittiham olunan şəxsləri "siyasi məhbus” hesab etmək və onların azad olunmalarını tələb etmək, təəssüf ki, bəzi beynəlxalq qurumların "iş prinsipinə” çevrilib. Bu isə həmin qurumların məkirli niyyətlərindən və siyasi sifariş yerinə yetirmələrindən xəbər verir.

Beynəlxalq təşkilatların ayrı-ayrı cinayət əməllərinə, o cümlədən xarici xidmət orqanlarına işlədiklərinə və dövlətə xəyanət etdiklərinə görə həbs olunanlara "siyasi məhbus” donu geyindirməsi tamamilə yanlışdır. Çünki jurnalist və ya hüquq müdafiəçisi olmaq heç kimi hansısa cinayət məsuliyyətindən azad etmir. Bu, dünyanın istənilən ölkəsində belədir. Azərbaycanda insan hüquqlarının təmin olunmasında ciddi problemlərin olduğunu iddia edənlər müəyyən qüvvələrin maraqlarına xidmət edirlər. Bu, dəfələrlə sübut olunub. Artıq cəmiyyətimiz də belə iddiaların sifarişli olduğunu bilir. Və vətəndaşlarımız hüquqlarının qorunmasında yalnız öz dövlətimizə güvənirlər.

Məlahət Rzayeva

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.