Məsələ pulda deyil- Sənətkarlarımız məhz “vnimatelni olmaq” davası aparır

Bəli, onlar pul gətirən insanlar deyil. Onlar məhz Azərbaycanın başını uca edən, bir növ, mənəvi biznesmenlərdir
“Xalq artistlərinin müraciətləri düzgün və zamanında çatdırılsa, nazir onları cavabsız qoymaz. Nəsə doğru deyil bu məsələdə...”



"Alə, məsələ sosiskada döür ee, "vnimatelni” olmaqdadı...”

"Uşaqlığın son gecəsi” filminin elə filmin özü qədər məşhur frazası bütün zamanlar üçün insanlara qarşı diqqət və qayğının sanki ölçü meyarına çevrilib.
Xatırlayırsınız, yəqin. Unudulmaz sənətkarımız, mərhum Ağasadıq Nuriyevin canlandırdığı Davud obrazını və onun dillərə əzbər olmuş sözlərini, "İstəsəm alaram, pulum da var. Amma sən alson, bilərəm ki, dostum alıb, adə məni də sayıb da...”, Muradın da ona verdiyi "Davud, sənə sosiska lazımdı, sənünçün sosiska gətirim, özü də lap əlasından” cavabından necə razı qalmasını "Bax indi oldu əla. Bundan sonra almason da olar...”

Əslində Xalq artisti Rasim Balayev, xalq artisti Fuad Poladov, Ramiz Əzizbəyli, özünü tənhalığa məhkum etmiş Səfurə İbrahimova və bu dünyadan umu-küsü ilə köçüb getmiş mərhum sənətkarlarımız da məhz "vnimatelni olmaq” davası çəkir. Məsələ, nə pulda, nə maddi təminatda, nə də müalicə xərclərindədi. İnsan çətin günündə, dar macalında umduğu adamlardan yalnız qayğı və diqqət gözləyir.
Bunu onların danışıqlarından hiss etməmək mümkün deyil.

Rasim Balayev...

Azərbaycan kinosunun siması, xalq artisti Rasim Balayev bir neçə gün əvvəl dərman almağa pulunun çatmadığını utana-utana demişdi: "Aldığım təqaüdün hamısı müayinələrə, müalicəyə gedir. Özüm də gündə bir dəfə yemək yeyirəm. Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manat. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pulum çatmır...”
Məhz bu açıqlamadan sonra Mədəniyyət və Turizm Nazirliyindən xalq artistinin durumu ilə bağlı araşdırma aparılacağı, onunla maraqlanacaqları bildirildi.
Sonra isə vəziyyət dəyişdi. Görünür, xalq artistinin narazılığı kimlərisə qıcıqlandırmışdı. R.Balayevin deyildiyi qədər kasıb, imkansız olmadığına dair açıqlamalar gəldi. Hətta Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında xalq artistinin aylıq gəlirini hesablayanlar da tapıldı və dedilər ki, şəxsi pensiyası, Prezident təqaüdü, xalq artisti fəxri adı, orden və medalları, həmçinin teleseriallarda (arada-bərədə - red) rol almasına görə ümumilikdə guya 2400-dən çox pul qazanır. Xalq artisti isə bunları təkzib etdi. Hətta əsəbi şəkildə "mənə heç kim zəng vurmayıb. Heç onlardan kömək gözləmirəm” dedi.
Dünənsə aktyorun müalicə üçün Türkiyəyə - İstanbula getməsi xəbəri yayıldı. KİV-ə açıqlama verən R.Balayev "İstanbula gedirəm. Müalicə alacağım xəstəxananın adını hələ bilmirəm. İndiyədək demək olar, Bakıdakı bütün xəstəxanaları gəzmişəm, hara göndərirdilər ora gedirdim.

Fuad Poladov...

Səhnəmizin "Hamlet”i, xalq artisti Fuad Poladov da hazırda xəstədir və müalicə olunur. Fuad Poladov da gileylidir. Mədəniyyət və Turizm Nazirliyindən. "Şərq”ə açıqlamasında xalq artisti açıq danışıb: "Mədəniyyət və Turizm Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdu. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdur. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan”. Əslinə qalsa, ummamağın özü də, "umulan yerdən küsülər” anlamına gəlir. Nazirlikdən xalq artistinin səhhəti ilə maraqlanmış olsaydılar, deyərdi ki, sağ olsunlar, zəng edib kefimi xəbər alıblar. Amma bir xalq artisti, həm də xəstəliklə döyüşən birisi "bizdə Mədəniyyət Nazirliyi yoxdur” deyirsə, bu, artıq ciddi məsələdir. Onu da bildirək ki, gözlənildiyi kimi, sevənləri, pərəstişkarları Fuad Poladova hər cür kömək göstərməyə hazır olduqlarını bildirirlər. Aktyor bildirir ki, Türkiyədən, Almaniyadan ona zəng edib, bu ölkələrdə müalicə almağı təklif edirlər. "Mən xalq artistiyəm. Xaricə gedib necə deyim ki, mənim ölkəmdə həkimlər bacarmadılar, müalicəmin təsiri olmadı?! Bunu demək istəmirəm” deyən Fuad Poladov isə Azərbaycanın adını şəxsi həyatından uca tutur.

Ramiz Əzizbəyli...

Laqeydlikdən gileylənənlərdən biri də xalq artisti Ramiz Əzizbəylidir. Ramiz müəllim də xeyli müddətdir ki, xəstəlikdən əziyyət çəkir və müalicə olunur. Lakin o da Nazirliyin diqqətsizliyindən gileylidir:
"Mənimlə Mədəniyyət və Turizm Nazirliyi maraqlanmır. İllər əvvəl, bir dəfə ordan maraqlanmışdılar. Vəssalam. Son 5 ildə heç kim mənimlə maraqlanmayıb ki, ay Ramiz müəllim, səhhətin necədir, özünü necə hiss edirsən? Bizdən vacib məsələlərə başı qarışıqdı, yəqin. Qarşıdan 70 illik yubileyim gəlir. Mənimlə maraqlanan olmur ki, sizin 70 illik yubileyinizə hazırlaşaq. Mən illərimi sənətə, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişəm. Bu qədər laqeydlik nə qədər ədalətlidi?!”
R.Əzizbəyli də müalicəsinə dostlarının, yaxşı insanların kömək etdiyini demişdi.
Deməli, sənətkarlar müalicə xərcləri bir yana, adicə telefon zəngini gözləyirlər. Xəstədirlər və diqqət, qayğı umurlar.
"Uşaqlağın son gecəsi” filmindəki "vnimatelni olmaq” söhbəti də məhz zəmanəmizin bu məşhur aktyorlarının, sənətkarların son vaxtlarda etdiyi umu-küsülərlə yadımıza düşdü. Sənətkarlar diqqətsizlikdən, laqeydlikdən gileylidirlər. Düzdür, arada maddi durumlarından da söz açırlar, dərmanlardan, müalicə xərclərindən danışırlar, ancaq şübhəsiz, bunların hamısı diqqət və qayğıya ehtiyac duymaları ucbatındandı, bizcə. Yəni, Davud demiş, "vnimatelni olmaq” beləmi çətindi?

Yazıçı-publisist Elçin Hüseynbəyli "Şərq”ə açıqlamasında sənət adamlarının özəl münasibəti haqq etdiklərini bildirdi:

- Mən, sənət adamlarını, az-çox tanıyıram, onlarla söhbətlərim olur. Bilirəm ki, sənətkarlar dövlətin zəmanət verdiyi şəxslərdir. Bəli, onlar pul gətirən insanlar deyil. Onlar məhz Azərbaycanın başını uca edən, bir növ, mənəvi biznesmenlərdir. Bu insanlar mədəniyyətimizi, incəsənəti və xalqın dəyərlərinin təbliğçisidirlər. Bildiyim qədər də dövlət səviyyəsində bu insanlara həmişə diqqət və qayğı olub. Şəxsən Prezident tərəfindən, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara qayğısının şəxsən şahidi olmuşam. 

Məsələn, xalq şairi Fikrət Qocanın səhhəti ilə bağlı problem yarananda, onu dövlətin xətti ilə ambulans təyyarəylə Türkiyəyə yola saldılar. Rasim Balayev kimi, yaxud da Fuad Poladov kimi bir sənətkar gileylənirsə, görünür, hansısa anlaşılmazlıq var. Bəlkə də onlarla bağlı müraciətlər ünvanına çatmır. Görünür, kimlərsə, haradasa məsuliyyətsizlik edir, kimlərsə yerində deyil. Çünki mən mədəniyyət və turizm naziri Əbülfəs müəllimi çox xeyirxah insan kimi tanıyıram. Şəxsən mənə qarşı çox diqqətcil olub. Deməyəcəm, nəylə bağlı, amma mən onun xeyirxahlığını şəxsən görmüşəm. Hesab edirəm ki, xalq artistlərinin müraciətləri düzgün və zamanında çatdırılsa, nazir onları cavabsız qoymaz. Nəsə doğru deyil bu məsələdə. Bəlkə də onların vəziyyəti düzgün ifadə olunmur.

E.Hüseynbəyli qeyd etdi ki, sosial problemlərin həlli birbaşa büdcədə nəzərdə tutulmayan xərclərdir:

- Mədəniyyət və Turizm Nazirliyinin büdcəsində müalicə xərcləri, hansısa maddi köməklik və ya sosial problemlərin həlli üçün konkret xərclər nəzərdə tutulmur. Amma əgər məşhur, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olmuş şəxslərdən söhbət gedirsə, nazirlik buna müdaxilə etməlidir. Bilirsiz, bu insanlar, bayaq dedim, gəlir gətirməyən insanlardır, yəni biz bu insanlara onların ölkəyə, dövlət büdcəsinə nə qədər pul qazandırması aspektindən yanaşa bilmərik. Bu insanların kapitalı yaratdıqları obrazlardır. Hər bir dövlətdə sənətçiyə özəl yanaşma var, Azərbaycanda isə özünəməxsus yanaşma var. Dövlət gəlir gətirməyən, lakin milli-mənəvi dəyərləri təşkil edən məsələlərdə xüsusi maddi ayırmalar həyata keçirir. Deyək ki, mənim kitabım nəşr olunub, nə qədər oxunaqlı olsa da Azərbaycan reallığında onun öz xərclərini ödəyə bilməsi mümkün deyil. Bu zaman artıq dövlət işə keçir. 

Eləcə də, teatrla, kinoyla bağlı. Bu gün teatra az tamaşaçı gedirsə, belə çıxır ki, biz teatrları bağlamalıyıq?! Bu, mümkün olası iş deyil axı. Kitablar satılmırsa, onda ədəbiyyat məhv olmalıdır?! Bunları nəzərə alaraq Azərbaycan Yazıçılar Birliyinə də dövlət büdcəsindən vəsait ayrılır. Nəzərdə tutulmayan xərclər, maddi köməkliklər də məhz belə məsələlərdə irəli keçir. Bu işləri təşkil etmək lazımdır. Bildiyim qədər, bizdə xeyriyyəçilik haqqında qanun da yoxdur. Amma olması lazımdır. Qanunlarda da müəyyən boşluqlar olduğundan, hansısa problemin həlli üçün kiminsə üzərinə getməli olursan, o zaman da belə xoşagəlməz məsələlər ortaya çıxır. Ancaq mən əminəm ki, əgər Əbülfəs müəllimə məlumatlar düzgün çatdırılsa, o, mütləq bu insanlara diqqət ayıracaq.

Məlahət Rzayeva