Millət vəkili: "PİN adlı təşkilat azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul idi"



 

Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev azərbaycanlı əsir və girovlarla bağlı danışıb. 

Sherg.az bildirir ki, millət vəkilinin sözlərinə görə vaxtilə azərbaycanlı əsirlərin daxili orqanlarının alveri ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana təzyiq göstərməyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xələl gətirməyə çalışırlar: 

"Hər dəfə Azərbaycanla Avropa İttifaqı arasında mühüm məsələlər müzakirə olunan zaman bu cür şəbəkə fəallıq göstərməyə başlayır. Həmin qeyri-hökumət təşkilatlarının siyahısına baxsaq, görərik ki, bu təşkilatlar qərəzlidir və onlar bəlli qüvvələr tərəfindən yönləndirilirlər. Onlar kimlərdir? Bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını istəməyən qüvvələrdir. Bu təşkilatlar arasında PİN adlı biri var. Hansı ki, bu təşkilat Qarabağ müharibəsinin qızğın vaxtında azərbaycanlı əsirlərin daxili orqanlarının ticarəti ilə məşğul idi. İndi bu təşkilat Azərbaycana təzyiq edilməsini tələb edir. Bu təşkilatların sırasında Sorosun da dəstəklədikləri var. O Soros ki, biz onu 7-8 il öncə qeyri-konstruktiv fəaliyyətinə görə Azərbaycandan çıxarmışıq". Deputat qeyd edib ki, iki ay öncə Avstriya da eyni addımı atıb: "Həmin addımı bir neçə il öncə Macarıstan da atıb. Ancaq onlara heç bir təzyiq edilmədi. Lakin Azərbaycan bu addımı atanda, Avropa İttifaqı ilə münasibətlərimizə xələl gətirmək istəyən həmin qüvvələr bizə irad bildirirdilər. Belə bir həssas məqamda Azərbaycana qarşı aparılan kampaniya davam etdirilir. Bütün bunlara baxmayaraq, Azərbaycan- Avropa İttifaqı arasında münasibətlər inkişaf edəcək". Anar