Millət vəkili: "Zatulinin cavabı elə Dumada verilməlidir"

"Müəyyən qüvvələr hər zaman regionda nifaq yaratmağa çalışıblar. Əlbəttə, onları hərəkətə gətirən, himayə edən və vacib vəzifələrə gətirənlər var”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Millət vəkili bildirib ki, hər vəchlə Kremlin hərbi-siyasi gücünü Azərbaycana qarşı yönəltmək istəyənlər mövcuddur:
"Konstantin Zatulinin bütün tərcümeyi-halı bəllidir. O, özünü gizlədə bilməz. Zatulini Azərbaycana dəvət etməklə münasibətlərdə dəyişiklik edilməsi mümkündürmü? Axı o, MDB məkanı üzrə proseslərə nəzarət edir. Əsla yox. Çünki Zatulin yaşlı vaxtında ikinci, üçüncü tərəfə meyl etməyəcək. Onun arxasında dayanan qüvvələr elə bir proqram veriblər ki, bu, artıq Zatulinin alın yazısına çevrilib. Biz bundan iki formada istifadə edə bilərik. İlk növbədə Rusiya Dövlət Dumasının rəhbərliyi münasibətlərə zərbə vuran şəxsləri görürlər. Digər tərəfdən Azərbaycanın Zatulinin iddia etdiyi kimi dağılması Rusiyanın mənafeyinə zərbədir. Ümumiyyətlə, bunu ağla gətirmək belə mümkün deyil. Bölgədə yürütdüyümüz təhlükəsizlik siyasəti, Rusiya ilə mədəni-ələqələr, hərbi münasibətlər, iqtisadi inteqrasiyalar, xalqlararası bağların dərinləşməsi, xaricdən stimullaşan anti-Moskva proqramlarının qəbul edilməməsi birbaşa Kremlin xeyrinədir. Putin kimi strateq yaxşı bilir ki, rəsmi Bakının həyata keçirdiyi siyasətin önəmi, çəkisi nədən ibarətdir. Ermənistanda baş qaldıran anti-Rusiyaçılıq dalğasını görməzdən gələn bir şəxsin Azərbaycanı qaralamağa çalışması qətiyyən Moskvanın dövlət maraqlarına xidmət etmir. Əslində Zatulin kimi adamlar da bunu dərk edirlər. Çünki o qədər savadsız və naşı adam deyil. Məsələ ondadır ki, təbliğat ruporunda birbaşa erməni mənşəli adamlar önə çəkilmir, fərqli simalardan yararlanırlar”.
Deputatın sözlərinə görə, Zatulinə cavab verməklə məsələ bitmir: 
"Dövlət Dumasında Zatulinə qarşı çıxan, mövqeyimizi müdafiə edən rus mənşəli şəxslər olmalıdır. Zatulinin cavabı elə Dumada verilməlidir. Rusiyada fəaliyyət göstərən diaspora qüvvələrimiz 5-10 azərbaycanlı gəncin irəli getməsi və siyasi karyera qurması üçün planlar hazırlamalıdır. Bax, bu, əsl "yəhudi siyasəti” olar və məqsədyönlü iş hesab olunar. Rusiyada 100 milyon dollar vəsaitə sahib olan həmyerlilirəmiz var. Onun bir faizini milli maraqlarımız naminə istifadə etməklə nəsə itirməzlər. Hökm deyil ki, birbaşa səngərdən düşmənə atəş açasan. Bugünki səngərimiz həm də Moskvadan keçir, Avropadan Vaşinqtona kimi uzanır”.
İsmayıl