“Milli Şura”nın mitinq fiaskosu...
20 ildir eyni adamlar bu meydana ayaq döyməklə məşğuldurlar
Göründüyü kimi, bu qədər hay-küydən, təbliğatdan sonra da "Milli Şura” mitinqə istədiyi elektoratı toplaya bilmədi. Qərb ölkələrinin səfirlərinə və Bakıdakı missionerlərinə mitinqə onminlərlə adam çıxaracağını vəd edən Əli Kərimli və komandası "Məhsul” stadionunun yarısını belə doldurmağı bacarmadı.
Mitinqə az adam gəlməsinin səbəbləri təbii ki, hamıya bəllidir. İnsanların böyük əksəriyyəti ölkədə sabitliyi pozmağa meylli olan bu insanların çağırışına hay vermirlər. Kərimlinin ən yaxın ətrafı və sədri olduğu firqənin rayon təşkilatları isə mitinqə ayrılmış vəsaitin əsaslı hissəsinin AXCP sədri tərəfindən mənimsənilməsi səbəbindən aksiyaya qatılmadılar. Yəni, mitinqə adam cəlb etmək üçün bölgələrə ayrılan vəsait ünvanına çatmayıb ki, onlar da stadiona gəlməyiblər. Aksiyaya çox az adamın gəlməsini orada çıxış edən Əli Kərimli, Nurəddin Məmmədli və digərləri də etiraf etdilər, məyusluqlarını gizlədə bilmədilər. Hətta "mollalıq” edən N.Məmmədli də mitinqə biganə qalanları cəhənnəmlə hədələdi. Mitinqin aparıcısı İlham Hüseyn isə aksiyada iştirakdan imtina edən ziyalıları təhqir etməkdən çəkinmədi. Bu kimi tendensiyalar göstərir ki, "Milli Şura” kimi amorf bir qurum hədə və təhqirləri ilə heç kimi "Məhsul”a toplayıb tərəfdarlarının sırasını "zənginləşdirə” bilməyəcək. Baxmayaraq ki, Əli Kərimli mitinqə biganəliyi prosesin başlanğıc mərhələdə olması ilə əlaqələndirib. Əslində Əli Kərimlinin bu cəhdi aldığı maliyyənin ünvanını dəyişməsini sığortalamasından başqa bir şey deyil. Bütün hallarda başlanğıcda olduğu kimi, sonda da Əli Kərimlinin ətrafı bu gün müşahidə etdiklərimizdən çox olmayacaq. Mitinqə gələn insanları həm də bir məsələ maraqlandırdı: Cəmil Həsənli sədri olduğu təşkilatın mitinqini niyə "iqnor” edib? Əlbəttə, buna səbəb onunla Əli Kərimli arasında yaranmış ziddiyyətdir ki, azsaylı mitinq iştirakçılarının da heç də hamısı bu barədə məlumatlı deyildi. Lakin aksiya başlayandan 10-15 dəqiqə sonra hər şey agah oldu və iştirakçılar mitinqi tərk etməyə başladılar. Əli Kərimlinin çıxışı zamanı bu, "aradan çıxmalar” daha intensiv xarakter aldı. Göründüyü kimi, bazar istirahət günü olsa da, insanlar "Məhsul”a deyil, park və xiyabanlara üz tutaraq, istirahətlərini Əli Kərimlinin boş-boş vədlərindən daha üstün tutdular. Beləliklə, "Milli Şura”nın mitinqi müxalifətin "xalqın müxalifəti dəstəkləməsi”, "hakimiyyəti istəməməsi” və s. bu kimi iddialarını alt-üst etdi. Bu aksiyaların ölkədəki siyasi proseslərə, ictimai fikrə heç bir təsiri yoxdur. Onlar sanki cəmiyyətdən tamam uzaq olan, hansısa paralel reallıqda baş tutur. Səbəblərdən biri də odur ki, həmin aksiyalar toplumun yox, dar siyasi qrupun maraqlarına xidmət edir. 20 ildir eyni adamlar bu meydana ayaq döyməklə məşğuldurlar. Eyni zamanda "Milli Şura”nın mitinqi radikal müxalifət düşərgəsində ciddi ziddiyyətlərin olduğunu bir daha nümayiş etdirdi. Şuranın mitinqinə dəstək verməklə Müsavat qarşı tərəfdən öz aksiyasına dəstək verəcəyinə ümid edirdi.
AXCP sədri Əli Kərimlinin Müsavatdan bir gün əvvələ mitinq təyin etməsi, bu gözləntinin yanlış olduğunu göstərdi. Müsavatçılar Ə.Kərimlinin bu addımını namərdlik və eqoizm kimi qiymətləndirirlər. Xüsusən sosial şəbəkələrdə AXCP üzvləri ilə müsavatçılar arasında konflikt get-gedə dərinləşdi. Kimin "ən radikal”, "barışmaz müxalifət” olması iddiası tərəfləri biri-birini təhqir etmək səviyyəsinə çatdırdı. Müsavatçıların fikrincə, Ə.Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə, əslində Müsavatı siyasi arenadan uzaqlaşdırmaq və bununla da "alternativsiz müxalifət lideri” obrazı formalaşdırmaq istəyir. Müsavat sədrinin müavini Yadigar Sadıqovun fikrincə, bu, düşünülmüş addım "yeganə müxalifət bizik, Müsavat satqındır” taktikasından irəli gəlir. AXCP fəalları Müsavatı yalançılıqda, AXCP-nin "uğurlarına” qısqanclıqla yanaşmaqda ittiham edib və Müsavatın mitinqinin boykot edilməsinə dair fikir bildiriblər. Bəzi müxalifətçilər hesab edirlər ki, AXCP-nin məlum qərarı müxalifət daxilində önə keçmək istəyinin ifadəsidir.
Onların fikrincə, müxalifət birincilik uğrunda mübarizə aparır və öz aralarında didişə-didişə parçalanıb yox olurlar. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədli də vurğulayıb ki, Müsavat və "Milli Şura” xalqdan dəstək almır: "Mitinqlərin ardıcıl keçirilə biləcəyinə inanmıram. Xalq onları dəstəkləmir. Xalqı mitinqin keçirildiyi əraziyə aparmaq mümkün deyil. Orada ancaq siyasilər, KİV nümayəndələri olur. Ona görə də "Milli Şura”nın və Müsavatın nə zamansa güclü mitinq keçirəcəyi inandırıcı deyil”. ADR sədrinin müavini hesab edir ki, mitinqlərin bir gün ara ilə keçirilməsinə qərar verilməsi "Milli Şura” və Müsavatın biri-birinə qarşı rəqabətdə olması, barışmaz mövqeyi ilə əlaqədardır: "Bu, çox acınacaqlı durumdur. İki qüvvə biri-birilə savaşır. Onlar mitinqləri dalbadal keçirməklə biri-birilərinə demək istəyirlər ki, "yerim dardır oynaya bilmirəm”.
İsmayıl