“Ermənistan hakimiyyətinə “mərhələli həll” planını qəbul etdirməsələr, diplomatların əlindən heç nə gəlmir”
Həmsədrlər əvvəl regiona birgə gəlirdilər, indi tək-tək səfər edirlər
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şoferdən sonra fransalı həmsədr Stefan Viskonti də Azərbaycana təşrif buyurub. Dünən Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan həmsədrlər Bakıda bir sıra rəsmilərlə görüşlər keçirəndən sonra Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər.
Prosesləri dəyərləndirən ekspertlərə görə, Qərb ölkələri Rusiyanın prezident seçkilərindən sonra Qafqazlarda apara biləcəyi əməliyyatları, geopolitik müstəvidəki gözlənilməz yenilikləri qarşılamaq üçün fəaliyyətə başlayıb. Onların fikrincə, Amerika regional proseslərin dəyişəcəyi ilə bağlı narahatlıq içindədir. İndiki səfərlərin məqsədi də budur.
Həmsədrlərin bölgəyə səfərini dəyərləndirən politoloq Elxan Şahinoğlu bildirib ki, Minsk Qrupu yeni "texnoloji üsul”a əl atıb:
"Vasitəçilər keçmiş illərdə bölgəyə birgə səfər edirdilər, əlbəttə, tək-tək gəldikləri vaxtlar da olub. Ancaq indiki "üsul” bir az fərqlidir. Bakıya bir neçə gün əvvəl amerikalı həmsədr gəldi və qeyri-rəsmi görüşlər keçirdi, məcburi köçkünlərin yaşadığı əraziyə baş çəkdi. Ondan sonra isə fransalı həmsədr gəldi. Rusiyalı həmsədr isə gecikir. Amma ortada heç nə yoxdur. Həmsədrlər tək-tək gəlsələr nə olacaq, birgə görüşlər keçirsələr nə dəyişəcək? Həmsədrlərin başlarının üstündəkilər əməli fəaliyyətə keçib Ermənistan hakimiyyətinə "mərhələli həll” planını qəbul etdirməsələr, diplomatların əlindən heç nə gəlmir”.
Politoloq Məhəmməd Əsədullazadə də deyib ki, həmsədrlərin məqsədi münaqişənin həlli ilə bağlı rəsmi Bakı ilə substaniv danışıqları davam etdirmək deyil.
Ekspertin fikrincə, vasitəçilər atəşkəsin qorunması və müşahidə missiyasının sayının artırılması kimi texniki məsələləri müzakirə edərək Bakıdan İrəvana "muştuluq” aparmaq istəyirlər:
"Həmsədrlərin birinci olaraq Bakıya gəlməsi Azərbaycanı yeni texniki təkliflərə razı salmaq və mahiyyətdən kənar danışıqlara sövq etməkdir. Rəsmi Bakı həmsədrlər vasitəsilə İrəvana sərt mesajını yollamalıdır. Ötən ilin sentyabr ayından başlanan diplomatik danışıqlar intensiv xarakter daşısa da, müsbət irəliləyişə gətirib çıxartmayıb. Krakovda XİN başçılarının görüşü də texniki məsələlərin həlli və etimad mühitinin formalaşmasına həsr olundu. Göründüyü kimi, həmsədrlərin regiona səfəri Ermənistana cəzasızlıq mühiti formalaşdırmaq məqsədi daşıyır”.
Ekspertin fikrincə, bir neçə aydan sonra Ermənistana hərbi təzyiqlər artırılmalıdır:
"Cəbrayılda, Füzulidə, Xocavənddə erməni silahlı qüvvələrinin hərbi obyektlərinə zərbələr vurulmalı, İrəvan masa arxasında ciddi güzəştlərə məcbur edilməlidir. Münaqişə uzandıqca, danışıqlar formatı dəyişir və Rusiyanın konfliktə nəzarəti daha da güclənir”.
İsmayıl