Monitorinqlərin aparılması məsələnin həllinə çarə deyil

Telekanallardakı ciddi nöqsanları nazirlərin dilində axtarmırlar
Yoxsa quru, cansıxıcı formada xətkeşlə dil ölçmək gülüncdür

"Bu sahədə bir çox müsabiqələr keçirilməlidir. Məsələn, Azərbaycan dilində ən yaxşı danışan deputat, alim və s.”



Milli Televiziya və Radio Şurasının keçirdiyi monitorinq zamanı telekanallarda ədəbi dil qaydaları ilə bağlı 850 pozuntu qeydə alınıb. Bunlardan 371-i fonetik, 177-i leksik, 200-ü qrammatik, 104-ü üslubi norma pozuntularıdır. Monitorinq prosesinə "İctimai TV”, ATV, "Space”, "Lider”, "Xəzər” və ARB telekanalları cəlb olunub.

Uzun zamandan bəri televiziya kanallarında ədəbi dil qaydaları ilə bağlı müəyyən tədbirlərin görülməsinə baxmayaraq vəziyyət o qədər də ürəkaçan deyil. 

Maraqlıdır, problemin aradan qaldırılması istiqamətində görülən tədbirlərin müsbət nəticə verməməsinə səbəb nədir?

Mövcud vəziyyətlə bağlı "Şərq”ə açıqlama verən tanınmış media eksperti Zeynal Məmmədli deyib ki, ədəbi dilin fonetik, leksik və qrammatik səviyyələri ilə bağlı monitorinqlərin aparılması məsələnin həllinə çarə deyil. 

Ekspertin sözlərinə görə, dilin bütün səviyyələri üzrə araşdırma aparmaq dilçilərin vəzifəsidir və bunun mediaya heç bir aidiyyəti yoxdur: 

"Televiziya dili audiovizual, yəni eyni zamanda eşidilən və görülən bir dildi. Aparılan monitorinqlərin televiziyaya heç bir aidiyyəti yoxdu. Təsirli və ya informativ danışıq var. İnformativ danışıq, yəni bilgiləndirmək, düşündürməkdir. Məsələn, bilgiləndirən və təsirləndirən dilimiz necədir? Bu aspektdə monitorinqlər olmalıdır. Leksik ya qrammatik səviyyənin yoxlanması ilə bağlı monitorinqlərin kimə faydası var? 

Bu araşdırmaların tamaşaçıya, jurnalistlərə nə dərəcədə xeyri olacaq? Təbii ki, telekanallarla bağlı bəlli və qırmızı xətlər qoyulmalıdır. Azərbaycan televiziyalarında ciddi nöqsanlar və çatışmazlıqlar var. Amma bu çatışmazlıqları nazirlərin dilində axtarmırlar. Televiziya cəmiyyəti əks etdirən bir güzgüdür. Televiziya cəmiyyətdə olan xəstəlikləri göstərir. Sadəcə, monitorinq xatirinə bütün bunları yerinə yetirmək gülməli gəlir.

Telekanallarımızdakı ədəbi dil normalarının düzəlməsinə gəlincə, düşünürəm ki, bu sahədə bir çox müsabiqələr keçirilməlidir. Məsələn, Azərbaycan dilində ən yaxşı danışan deputat, alim və s. Ədəbi dil normaları ilə bağlı tədbirlər müxtəlif səviyyədə olmalıdır. Yoxsa quru, cansıxıcı formada xətkeşlə dil ölçmək gülüncdür. Məncə, Petrov sağ olsaydı, bu monitorinqlə bağlı əməlli başlı bir roman yazardı və bu, "12 stul” romanından min dəfə maraqlı olardı”.

Yeganə Bayramova