Moskva-İrəvan münasibətləri gərgindir

"Nikol Paşinyan hökuməti sözəbaxan olmazsa, Kreml ona qarşı ciddi aksiyaların keçirilməsinə xeyir-dua verəcək"


Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri hələ də müsbət nəticə verməyib. Moskvaya yarınmaq istəyən rəsmi İrəvan müxtəlif addımlar atsa da, istəyinə nail ola bilmir. Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ başda olmaqla Qərbdən də əlini üzmür. Beləliklə də özünü Moskvaya yaxın göstərmək istəyən Paşinyan Qərbdən, Qərbə yaxın olduğunu sübut etməyə səy göstərəndə isə Moskvadan uzaqlaşır.

Düşmən ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətlə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan bir sıra məqamlara diqqət çəkib. Analitik bildirib ki, ABŞ Suriyaya hərbi yardım göndərmiş Ermənistan hakimiyyətindən incikliyini bəyan edib:

 "Vaşinqton İrəvanın bu addımını Suriyadakı rejimin başçısı Bəşər Əsədə yardım olaraq dəyərləndirib. Elə buna görə də Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın isə ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltonla görüşləri alınmayıb. Bu yaxınlarda Ermənistan Suriyaya növbəti yardım göndərməklə Rusiyanın xoşuna gəlməyə cəhd göstərdi. 

Ancaq Rusiyanın İrəvandakı səfiri Sergey Kapırkinin Ermənistanın keçmiş prezidenti, konstitusiyaya qarşı çıxmaqda ittiham olunan Robert Koçaryanla təkbətək bir saata yaxın görüşməsi gərginliyi artırdı. Diplomat Xarici İşlər Nazirliyinə çağrılaraq Rusiyanın Ermənistanın daxili işlərinə qarışmasının düzgün olmaması onun nəzərinə çatdırıldı. Paşinyan isə bu məsələyə açıq şəkildə münasibət bildirməyib”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda Rusiyaya qarşı təbliğata da ara verilmir: 

"Ermənistandakı 102 saylı hərbi baza rəsmi Yerevanın əlində Moskvaya ən böyük təzyiq vasitəsidir. Bu hərbi hissənin Ermənistandan çıxarılması barədə ölkədə tez-tez çağırışlar edilir. Belə ehtimal etmək olar ki, Rusiyanın Ermənistandan çıxarılmasının sifarişçisi Qərbdir. ABŞ Konqresində Ermənistana əlavə maliyyə yardımının artırılmasına dair düzəlişin qəbul olunması da bunu təsdiqləyir. Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Linn Tresi ilə görüşdə Vaşinqtonun onlara maliyyə yardımını artırmasını istəmişdi. 

Yeni düzəlişə əsasən, ABŞ Ermənistana 40 milyon dollar məbləğində əlavə yardım edəcək. Bu məbləğin Ermənistanda demokratik islahatların keçirilməsinə ayrılacağı ehtimal olunur. Rusiyaya qarşı çıxışlarda Paşinyana və onu dəstəkləyən ictimai-siyasi qüvvələrə Soros Fondunun da yardım etdiyi barədə məlumatlar yayılır. Bu arada Paşinyan da etiraf edib ki, Rusiyada komandasının üzvlərinə inamsızlıq var”.

Ekspert vurğulayıb ki, Paşinyan rusiyalı erməni əsilli iş adamları ilə münasibətləri yenidən qurmağa çalışır: 

"Bu günlərdə o, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanla görüşüb. İş adamı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki ermənilərə hər cür yardım göstərir. Paşinyan Rusiyadakı erməni iş adamlarının etimadını qazanmaq üçün müxtəlif tədbirlərə əl atır. Ancaq erməni iş adamları Moskvanın sözündən çıxıb Ermənistanla müstəqil əlaqə qurmağın onlara baha başa gələcəyini də yaxşı bilirlər. Odur ki, bu sahədə də Paşinyan hökuməti ciddi çətinliklərlə üzləşib. 

Başqa sözlə, Ermənistan xarici sərmayəyə hələ də həsrət qalıb. Baş verənlərə əsasən belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan hökuməti sözəbaxan olmazsa, Kreml ona qarşı ciddi aksiyaların keçirilməsinə xeyir-dua verəcək”.

S.Soltan bəyan edib ki, Kreml erməniləri başa salmaq istəyir ki, Ermənistanın yiyəsi odur. Qarabağ da onun yardımı ilə işğal olunub. Yəni torpaqların Azərbaycana qaytarılmasında da əsas rolu özü oynayır: 

"Paşinyanın bu günlərdə "Qarabağ danışıqları Serj Sarkisyanın dayandığı yerdən davam etmir” deməsi Moskva ilə İrəvan arasında bu məsələdə fikir ayrılığının olduğunu təsdiqləyir. Kreml rəsmi İrəvana Qarabağ kartı vasitəsilə təzyiqlər edir. Rusiyalı erməni milyarder Samvel Karapetyan Ermənistan bazarından sıxışdırılsa da, yaxud orada ona fəaliyyəti üçün geniş yer verilməsə də, Moskva bu şəxsdən istifadəni davam etdirir. Samvel Karapetyanın Qarabağda çoxuşaqlı ailələrə yenə yardım etməsi bunu təsdiqləyən faktlardandır”.

Analitikin fikrincə, baş verənlər göstərir ki, Ermənistanla Rusiya bundan sonra bir-birinə qarşı çox da səmimi olmayacaq: "Bu isə özünü yeni milli təhlükəsizlik strategiyası sənədində göstərəcək. Sənəd 2007-ci ilin yanvarında qəbul edilsə də, ötən 12 il ərzində heç bir dəyişikliyə uğramayıb. Paşinyanın sərəncamı əsasında yeni işçi qrupu yaradılıb. Sənədin tamamlanması ilə bağlı dəqiq tarix olmasa da, onun 2019-cu ilin sonunadək hazır olacağı deyilir. Əgər belə davam edərsə, Ermənistan Rusiyanı, Rusiya isə Ermənistanı strateji dövlət siyahısından çıxara bilər. Bunun üçün isə şərait yetişir”.

İsmayıl