16 ildən sonra Liqa 1-ə qayıtdılar

Fransanın “Le Mans” klubu 16 illik fasilədən sonra Liqa 1-ə qayıdıb.

Teleqraf xəbər verir ki, bu, Fransa Peşəkar Futbol Liqasının “Bastiya” – “Le Mans” matçı ilə bağlı qərarından sonra rəsmiləşib. Liqa rəhbərliyi azarkeş iğtişaşları səbəbindən yarımçıq dayandırılan görüşdə “Le Mans”ın 2:0 hesablı qələbəsini təsdiqləyib.

Qarşılaşma “Le Mans”ın 2:0 üstünlüyü ilə davam edərkən tribunada baş verən insidentlərə görə sona qədər oynanıla bilməmişdi. Qərardan sonra klubun mövsümü ikinci pillədə başa vuraraq elitaya yüksəldiyi rəsmiləşib.

Beləliklə, komanda 2010-cu ildən sonra ilk dəfə Fransanın yüksək liqasında çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, “Le Mans” son illərdə Fransa futbolunun aşağı divizionlarına qədər enmişdi. Klub bəzi dövrlərdə ölkə futbolunun dördüncü səviyyəsində də mübarizə aparıb.

Qeyd edək ki, Liqa 1-ə yüksələn digər komanda “Troyes” olub.