Türkiyə-Ermənistan normallaşması Bakı ilə koordinasiyalı şəkildə aparılır - Emre Diner

“Ankaranın əsas məqsədi Ermənistanı Azərbaycanın haqlarını tanımağa sövq etməkdir”

2020-ci ildən sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallıq regionda diplomatik münasibətlərin və əməkdaşlıq imkanlarının yenidən formalaşmasına səbəb olub. Xüsusilə Türkiyə-Ermənistan normallaşma prosesi və Azərbaycan-Ermənistan sülh danışıqları bölgədə qalıcı sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə nəqliyyat xətlərinin açılması və regional inteqrasiyanın gücləndirilməsi istiqamətində atılan addımlar diqqət mərkəzindədir.

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-a Türkiyə və Ermənistanın 1993-cü ildən bəri fəaliyyət göstərməyən Qars-Gümrü dəmir yolunun reabilitasiya edilməsi və ən qısa zamanda yenidən işə salınması istiqamətində atdığı addımdan danışıb: 

"Ankara ilə İrəvan arasında birbaşa ticarətin başladılması bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamaq lazımdır ki, Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi əvvəldən Türkiyə-Azərbaycan münasibətləri ilə yaxın koordinasiya şəraitində irəliləyir. Daha ətraflı desək, Türkiyənin Ermənistanla normallaşma prosesi Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində qarşılıqlı məsləhətləşmələr nəticəsində həyata keçirilir.

2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan “İkinci Qarabağ Müharibəsi”ndən sonra imzalanan 10 noyabr bəyanatı yeni siyasi və diplomatik prosesin qapısını açdı. Baş verən hadisələr Qafqazda balansın dəyişməsinin ən bariz göstəricisi oldu.

Türkiyə Azərbaycanın ən böyük müttəfiqi kimi Bakı-İrəvan normallaşmasına güclü dəstək verir. Ankara “Bir millət, iki dövlət” şüarı çərçivəsində Azərbaycanın diplomatik qələbələrini möhkəmləndirmək üçün diplomatik, iqtisadi və hərbi dəstəyini davam etdirir. İmzalanan Şuşa Bəyannaməsi bunun ən aydın sübutudur".

Ekspert bildirib ki, Qafqazda oyunun yenidən qurulduğu bir dövrdə Türkiyə-Ermənistan normallaşma prosesi də bölgədəki ümumi diplomatik səylərin bir hissəsidir: 

"Azərbaycanın 30 ildən sonra işğaldan azad etdiyi Qarabağ zəfərindən sonra yaranan fürsət pəncərəsinin bağlanmaması üçün Türkiyə aktiv diplomatiya yürütdü. Ankaranın Ermənistanı dialoq prosesində saxlamaq üçün mexanizmlər hazırlamasındakı məqsədlərdən birini qeyd etmək lazımdır: Türkiyə aktiv dialoq prosesinə verdiyi konstruktiv töhfə ilə İrəvan rəhbərliyinin Azərbaycanın haqlarına hörmət etməsini asanlaşdırmaq və bu yolla Ermənistan-Azərbaycan normallaşmasının vacibliyini ön plana çıxarmaq istəyir. Beləliklə, Ankaranın konstruktiv və inklüziv yanaşması sayəsində Ermənistan da zaman keçdikcə sülh və diplomatiyanın müharibə və gərginlikdən daha faydalı olduğunu dərk etməyə başlayıb". 

Mütəxəssisin sözlərinə görə, İrəvan rəhbərliyi ilə Türkiyənin münasibətləri inkişaf etdirməsi eyni zamanda etimad mühitinin yaradılması deməkdir:

"Bu etimad mühitində ciddi təzyiqlər altında qalan Nikol Paşinyanın Konstitusiya dəyişikliyi ilə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoyması üçün aparılan diplomatik təmaslar Cənubi Qafqazda sülhün bərqərar olması prosesinin mühüm mərhələsidir.

Ankaranın rəhbərlik etdiyi “3+3” regional əməkdaşlıq platformu kimi təşəbbüslər Qafqazda inklüziv sülh və əməkdaşlıq nizamı qurmağı hədəfləyir. Bu səylər Azərbaycan ilə Ermənistan arasındakı dialoq prosesinin yetkinləşməsinə və bu gün gəlinən nöqtədə sülh iradəsinin möhkəmlənməsinə birbaşa töhfə verib. Məhz bu məqamda Cənubi Qafqazdakı sülh masasının digər bir sütunu da Türkiyə-Ermənistan normallaşmasıdır. Regional səviyyədə baxdıqda, Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma cəhdləri Azərbaycan-Ermənistan münasibətləri ilə sıx bağlıdır və Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına töhfə vermə potensialına malikdir. Bu kontekstdə nəqliyyat dəhlizlərinin açılması, ticarət yollarının diversifikasiyası və regional inteqrasiyanın gücləndirilməsi kimi amillər prosesin önə çıxan tərəfləridir. Xüsusilə Qars-Gümrü dəmir yolu xəttinin yenidən fəaliyyətə başlamasına dair təşəbbüslər və sərhəd qapılarının açılması ilə bağlı inkişaflar təkcə iki ölkə üçün deyil, regional ticarət və logistika şəbəkələri baxımından da böyük əhəmiyyət daşıyır".

Anlitik vurğulayıb ki, Türkiyə Ermənistanla normallaşma addımlarını atarkən Azərbaycanla koordinasiyaya xüsusi önəm verir: 

"Türkiyə, Prezident Ərdoğanın liderliyi ilə Azərbaycanın fədakar səylərinə tam dəstək verməyə davam edərək, İrəvanla da normallaşma prosesini yürütməklə təkcə Qafqazda deyil, bütün regionda sabitlik və əməkdaşlığı gücləndirən qalıcı bir nəticə əldə etməyi hədəfləyir.

28 aprel tarixində Ankara ilə İrəvan arasında Qars-Gümrü dəmir yolunun reabilitasiyası və yenidən fəaliyyətə başlaması məqsədilə yaradılan Birgə İşçi Qrupunun iclasında regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sözügedən xəttin yenidən işlək vəziyyətə gətirilməsinin əhəmiyyəti vurğulandı. Bu növ texniki addımların bölgədəki bütün cəmiyyətlər üçün prosesin konkret nəticələr verməsinə töhfə vermə ehtimalı olduqca yüksəkdir".