“Moskva “kim güclüdür, o da haqlıdır” prinsipini davam etdirir” – İZAH

"Gürcüstanda baş verən hadisələr prezident seçkiləri marafonunun davamıdır”
Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Partiya funksioneri bildirib ki, seçkilərdə Rusiya və qismən Fransanın dəstəyi ilə qalib gələn Salome Zurabişvili ona göstərilən etimadı doğrulda bilmir:
"Bidzina İvanişvilinin Salomedən tələbi açıq və radikal şəkildə Rusiya meyilli siyasət sərgiləməsidir. Lakin bütün həyatı Avropa ilə bağlı olan xanım Salome gürcü xalqının əleyhinə olan addımlar atmaqda könülsüz davranır. Moskva hələ də "kim güclüdür, o da haqlıdır” prinsipi ilə davranmaqda davam edir. Rusiya Dumasının üzvlərinin Gürcüstan parlamentində sayğısız davranması və bunun nəticəsində ölkədən qovulması münasibətləri bir qədər də tarıma çəkib”.
Analitik bildirib ki, demokratiyanın dadını görmüş gürcü xalqı hadisədən yararlanaraq siyasi tələblərini irəli sürdü:
"Müxalifət 2020-ci ildə keçiriləcək parlament seçkilərinin "sıfır baryer” həddi ilə keçirilməsinə nail oldu. Bu, o deməkdir ki, seçkilərdə iştirak edən bütün partiyalardan parlamentdə nümayəndə olunacaq. Bu da öz növbəsində bir partiyanın mütləq üstünlüyünün olmasının qarşısını alacaq. Müxalifətin bu tələbinin qəbul olunması demokratiyaya keçid dövründə çox əhəmiyətlidir”.
İsmayıl