“Çox güman ki, gələn ilin baharından, yəni ABŞ-ın yeni rəhbəri Trampın özsiyasətini müəyyən etməsindən sonra münaqişənin həlli prosesində növbəti aktivlik müşahidə olunacaq”
“Moskvanın rəqibi Azərbaycan deyil”
Tofiq Abbasov: “Rusiyanın narahatlığı NATO-nun Şərqə doğru irəliləməsidir”
“Çox güman ki, gələn ilin baharından, yəni ABŞ-ın yeni rəhbəri Trampın özsiyasətini müəyyən etməsindən sonra münaqişənin həlli prosesində növbəti aktivlik müşahidə olunacaq”
“Çox güman ki, gələn ilin baharından, yəni ABŞ-ın yeni rəhbəri Trampın özsiyasətini müəyyən etməsindən sonra münaqişənin həlli prosesində növbəti aktivlik müşahidə olunacaq”
Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında müxtəlif siyasi proseslər cərəyan etməkdədir. Son
günlər gündəmə gələn Rusiya-Ermənistan hərbi birləşməsinin yaradılması, Sarkisyanın "qaynar
xətt” və "İsgəndər” raketləri ilə bağlı açıqlamaları, nazirlərin Hamburq görüşü, Donald Trampın ABŞ prezidenti seçilməsi və s. məsələlər fonunda münaqişənin növbəti mərhələyə keçdiyi iddia edilir. Baş verən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran tanınmış analitik, siyasi icmalçı Tofiq Abbasov bir sıra məsələlərə aydınlıq gətirib...
- Rusiya-Ermənistan birgə ordu birləşməsi haqqında xəbərlər ölkəmizdə ciddi rezonans
doğurdu. Əksər ekspertlər bu cəhdi Azərbaycana təhdid kimi dəyərləndirir və xüsusən Dağlıq
Qarabağ məsələsi üçün təhlükə hesab edirlər. Sizin bu barədə düşüncəniz nədir?
- Rusiya-Ermənistan birləşmiş ordusunun yaradılması düşmən ölkənin azacıq suverenliyinin
tamamilə itirilməsi deməkdir. Bu ordunun Azərbaycana qətiyyən təhlükəsi yoxdur. Nəzərə
almaq lazımdır ki, birgə ordu məsələsi birbaşa Rusiyanın təşəbbüsüdür. Rusiya isə Ermənistana
öz vassalı kimi yanaşır. Əgər Dağlıq Qarabağ cəbhəsində yenidən hərbi konflikt başlayarsa,
Rusiya bu savaşda birbaşa iştirak etməyəcək. Çünki rəsmi Moskva dəfələrlə bəyan edib ki,
Kreml Cənubi Qafqazdakı ən qaynar münaqişənin müharibə ilə deyil, dinc yolla həllində
maraqlıdır. Deməli, Rusiya bölgədə hərbi əməliyyatların genişlənməsini istəmir. Məsələ ondadır
ki, Ermənistanın təbliğat maşını Putinin ordu ilə bağlı sərəncamını fərqli məcralara çəkir, ortaq
qoşun nağılı ilə Azərbaycanı təhdid etməyə çalışır, Rusiyanın Ermənistanla birləşdiyi
görüntüsünü yaratmağa cəhd edir. Əslində İrəvan hökuməti özü də çox yaxşı dərk edir ki,
cəbhədə yenidən genişmiqyaslı savaş başlayarsa, Moskva ermənilərin yanında olmayacaq. Biz
"aprel döyüşlərində” Rusiyanın neytral qalmasının şahidi olduq. KTMT də məsələyə müdaxilə
etməkdən boyun qaçırdı. İrəvan Rusiya və İsraildən, eyni zamanda KTMT-də təmsil olunan
Qazaxıstan və Belarusdan incidi, küsdü. Həmin ölkələr isə birmənalı olaraq dedilər ki, Dağlıq
Qarabağ münaqişəsi onların problemi deyil.
- Rusiyanın birləşmiş ordu təşəbbüsü hansı məqsədlə gündəmə gətirilib? Kremlin əsas hədəfləri
nədir?
- Rusiya Yaxın Şərq cəbhəsində öz mövqelərini gücləndirmək üçün belə bir addım atıb.
Moskvanın rəqibi Azərbaycan deyil. Bizim Rusiya ilə çox yaxşı münasibətlərimiz, hərbi-texniki
sahədə əlaqələrimiz var. Rusiyanın narahatlığı NATO-nun Şərqə doğru irəliləməsidir. Qərb
ölkələri Yaxın Şərq regionunda öz mövqelərini gücləndirdikcə, hərbi potensialını artırdıqca,
Rusiya narahatlıq keçirir. Ona görə də Cənubi Qafqazdakı yeganə hərbi bazası olan Gümrünü
gücləndirmək qərarına gəlib. Oradakı strateji silahların sayının artırılmasının əsas məqsədi
budur. Xatırladım ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Moskvanın Cənubi
Qafqazın coğrafi şəraiti ilə bağlı ciddi problemləri ortaya çıxmışdı. Faktiki olaraq Qafqaz sıra
dağları rusların bölgəyə keçməsinə əngəl törədirdi. Əgər gürcülər Rok tunelini partlatsaydı,
Rusiya çox ciddi maneə qarşısında qalacaqdı. Bir daha təkrar edirəm, Suriya və İraq məsələsinə
biganə yanaşmayan Rusiyanın yaratmaq istədiyi hərbi kontingentin əsas hədəfi NATO və Yaxın
Şərq bölgəsidir. Bir məsələni də qeyd edim ki, Ermənistan-Rusiya hərbi birləşməsi beynəlxalq
status daşıyacaq. Çünki düşmən ölkə de-fakto öz suverenliyini itirsə də, de-yure "müstəqil”
dövlət sayılır. Ermənistan birgə ordu sazişi ilə Rusiyanın vassalı olduğunu boynuna alır. Bunun
əksinə müstəqil Azərbaycan dövləti tamhüquqlu şəkildə şimal qonşusu ilə əməkdaşlığını davam
etdirir. Ölkələrimiz arasında sıx münasibətlər hərbi-texniki sahə ilə bilavasitə bağlıdır. Rusiya
Azərbaycana silah satır, Ermənistana isə dilənçi kimi pulsuz verir. Özü də tamamilə köhnəlmiş,
üçüncü dərəcəli silahları sırıyır.
- Bir sıra ekspertlərin fikrincə, istənilən halda Türkiyə-Azərbaycan birgə qoşunlarının təsis
olunmasına ehtiyac var. Bu məsələyə münasibətiniz necədir?
- Azərbaycan-Türkiyə münasibətlərini reqlamentləşdirən ikitərəfli mühüm razılaşmalar var. Hər
iki ölkənin biri-birinə etimadı, inamı tamdır, şübhəsizdir. Rusiya da bizim qardaş dövlətlə olan
yaxın əlaqələrimizdən xəbərdardır. Bu baxımdan Türkiyə-Azərbaycan arasında istənilən
formatda hərbi birlik yaradıla bilər. Biz bunu gizlətmirik. Ancaq hansısa əlahiddə müqaviləyə,
müzakirəyə ehtiyac yoxdur. Xatırladım ki, Rusiya-Türkiyə münasibətləri korlananda Azərbaycan
ciddi səy göstərdi və iki dövlət arasındakı barışığa öz töhfəsini verdi. Moskvanın siyasi elitası
rəsmi Bakının səylərini yüksək qiymətləndirdi. Artıq Ankara ilə Moskva arasında əlaqələrin
daha da inkişaf etməsi üçün yüksək potensial və şərait formalaşmaqdadır. Hətta ola bilər ki,
Türkiyə Moskva ilə əlaqələrin inkişafı fonunda NATO-dan çıxsın. Yəni yaxın gələcəkdə sadəcə
Azərbaycan-Türkiyə deyil, eyni zamanda Bakı-Ankara-Moskva üçlüyündən ibarət yeni hərbisiyasi birliklərin yaradılmasının da şahidi ola bilərik. Ən azından üç dövlətin müttəfiq kimi
fəaliyyət göstərməsi reallaşa bilər. Buna zərurət var. Çünki Qərb dövlətləri Türkiyə ilə çox soyuq
münasibət saxlayırlar.
- Ermənistan Prezidenti Serj Sarkisyanın "qaynar xətt” təklifi və "İsgəndər” raket kompleksləri
ilə bağlı açıqlamaları Azərbaycan tərəfində ciddi etiraza səbəb oldu. Erməni rəhbərin növbəti
təxribatı nəyə hesablanıb?
- Hazırda Ermənistan çox səksəkəli vəziyyətdədir. Düşmən ölkənin rəhbərliyi həqiqətən
Azərbaycan ordusundan qorxur. Sarkisyan rejimi özünü Azərbaycan tərəfindən sığortalamaq
üçün Rusiyanın köməyinə ehtiyac duyduğunu etiraf edir. "Qaynar xətt” qorxunun təzahürüdür.
Ermənistan Azərbaycan və Türkiyəyə qarşı açıq-aşkar düşmənçilik siyasəti yeridir. Əlbəttə, bu
siyasət istənilən anda Ermənistanın öz başında çatlaya bilər. Ona görə də erməni rəhbərliyi hər
fürsətdə münaqişənin həllində güc vasitəsindən istifadə olunmamasına çalışır və həmsədrlərin
səyi nəticəsində Azərbaycan tərəfi ilə anlaşmaya nail olmaq istəyir. Erməni silahlıları
Azərbaycan torpaqlarını işğal etməsəydi, indi Kremlə yalvarmaq ehtiyacı duymazdı. Amma
düşmən ölkə qonşularla təcrid siyasəti yeridir, türk dövlətlərini şantaj edir, özünün məkirli
niyyətlərini reallaşdırmağa çalışır. Əgər Ermənistan naxələf və idbar siyasətinə son verərsə,
işğalçı qoşunlarını torpaqlarımızdan çıxararsa, yalnız o halda rahat yata bilər. Dirəşməyə davam
edərsə, gah nala, gah da mıxa vurarsa, Azərbaycan düşmənin dərsini verəcək. "İsgəndər”
raketlərinin Ermənistanda yerləşdirilməsi də Rusiyanın müəyyən məqsədlər üçün atdığı
addımdır. Həmin raketlərin istifadə kodları rus hərbi komandanlığındadır. İrəvan özbaşına
kompleksləri işə sala bilməz. Rusiya Kalininqrad bölgəsində də "İsgəndər” raketləri yerləşdirib.
Çünki Kreml rəhbərliyi dörd tərəfdən ABŞ və NATO ilə mühasirəyə alınıb. Bu təhdidlərdən
qorunmaq üçün əks tədbirlərin görülməsi zəruridir.
- Dekabr ayında Almaniyanın Hamburq şəhərində Minsk Qrupu həmsədrlərinin iştirakı ilə
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq. Gözləntilərin mənfi olduğu bu
görüş barədə fikriniz nədir?
- Məncə, Hamburq görüşü daha çox texniki xarakter daşıyır. İndiki məqamda ciddi irəliləyişə
ümid bağlamaq əbəsdir. Real vəziyyətə baxsaq görərik ki, fövqəldövlətlər arasında münasibətlər
yenidən formalaşır. Belə demək mümkündürsə, aparıcı dünya ölkələrində hakimiyyətə ciddi
şəxslər gəlir. Fransa Prezidenti Fransua Ollandın hakimiyyətdən gedəcəyi mütləqdir. ABŞ-da
Donald Trampın Prezident seçilməsinin özü olduqca mühüm hadisədir. Bu seçimdən sonra
Avropa dövlətləri öz münasibətlərini yenidən formalaşdırmaq məcburiyyətində qalacaqlar. Yəni
böyük dövlətlərin diqqəti hazırda daha çox öz problemlərinə yönəlib. Belə bir şəraitdə sırf
Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa radikal dəyişikliyin olacağını söyləmək çətindir.
Çox güman ki, gələn ilin baharından, yəni ABŞ-ın yeni rəhbəri Trampın öz siyasətini müəyyən
etməsindən sonra münaqişənin həlli prosesində növbəti aktivlik müşahidə olunacaq. Bir çox
ekspertlər ümid edirlər ki, Tramp Qarabağ probleminə yeni münasibət sərgiləyəcək. Bu isə
münaqişənin həllini ölü nöqtədən tərpədəcək.
- Əvvəlcə NATO-da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul edildi. Ancaq daha
sonra hərbi alyansın baş katibi dedi ki, "təşkilat Qarabağ münaqişəsinin həllində heç bir rol
oynamır”. Nüfuzlu hərbi təşkilatın mövqeyi Azərbaycan üçün nə qədər əhəmiyyətlidir?
- NATO-nun son iki zirvə toplantısında dövlətlərin ərazi bütövlüyünün qorunması məsələsi
ortaya qoyuldu və mühüm sənədlər imzalandı. Nəzərə almaq lazımdır ki, NATO təkcə hərbi
təşkilat deyil, eyni zamanda siyasi qurumdur. Təşkilat demokratiya proseslərinin inkişafı və
insan haqlarına riayət olunması kimi məsələlərə də münasibət bildirir. Baş katibin sözləri isə
onun subyektiv fikirləridir. Əsas odur ki, NATO rəsmi sənədlərdə ölkələrin ərazi bütövlüyü
məsələsinə prinsipial və hüquqi mövqeyini ortaya qoydu. Ermənistan tərəfi təbii olaraq bu
mövqedən çox narahatdır. Elə bunun özü uğurdur. Çünki 10-15 il bundan qabaq Qərb institutları
məsələ ilə bağlı qeyri-sağlam yanaşma sərgiləyirdilər. Deməli, ötən illər ərzində Azərbaycan
diplomatiyası işləməyi bacarıb. Dövlətimizin mövqeyini dəstəkləyənlərin sayı ilbəil çoxalır.
Bunun əksinə, düşmən ölkə siyasi meydanda geriləyir, erməni təbliğatı uduzur.
İsmayıl