Mövlud Çavuşoğlu yeni təkliflərlə gəlib- EKSPERT




Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana yeni təkliflər üçün gəlib.

Bunu Sherg.az-a Mövlud Çavuşoğlunun Azərbaycan səfərini şərh edərkən politoloq Rasim Ağayev söyləyib. 

Ekspertin sözlərinə görə, nazirin gözlənilməz şəkildə Bakıya gəlməsi vacib məsələlərin müzakirə olunacağına işşarədir: 

"Sabah onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Düşünürəm ki, son proseslərin təsiri nəticəsində Türkiyə xarici işlər nazirinin Azərbaycan rəhbərliyi ilə müzakirə edəcəyi çox mövzu yaranıb. Azərbaycan-Rusiya, Türkiyə-Rusiya və Azərbaycan-Rusiya münasibətlərində son baş verən hadisələr, Qarabağ münaqişəsinin həlli istiqamətindəki addımlar görüşü labüd edir. Üç dövlət arasındakı münasibətlərin inkişafı müxtəlif istiqamətlərdə bərqərar olunur. Suriya məsələsində rəsmi Moskva və Ankaranın münasibətlərinin toqquşması, digər qüvvələrin pozuculuq siyasəti aparmasının bir ucu rəsmi Bakıya da təsir edir. Ərdoğan özü də Türkiyə, Rusiya yaxınlaşmasında Azərbaycanın rolunu vurğulayıb. Bu cəhətdən yeni məsələlərin müzakirə olunacağı gözlənilir”.

Politoloq diqqətə çatdırıb ki, hazərda Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin konkret addımlar atmaq imkanı məhduddur. Türkiyə prezidenti də çıxışında Ermənistanla qardaş ölkənin Qarabağ münaqişəsindən başqa probleminin olmadığını səsləndirib: 

"Həqiqətən Türkiyə və Ermənistan əlaqələri normal hesab ediləcək səviyyədədir. Lakin ermənilərin hələ də antitürk düşüncəsi qalmaqdadır. Bununla bərabər qonşu ölkə olduğundan Türkiyə ilə münasibətləri yüksək tutmağa məcburdur”.

R. Ağayev onu da əlavə edib ki, Qarabağ münaqişəsinin həlinin müxtəlif aparıcı dövlətlərdə olması fikri səsləndirilir. Kimi deyir, Qarabağın açarı Vaşinqtondadır, digəri deyir, Moskvadadır, başqası isə Ankarada olduğunu düşünür: 

"Qəbul etmək lazımdır ki, Qarabağ böyük geosiyasi oyundur. Bu səbəbdən problemə birtərəfli baxmaq düzgün deyil. Bütün aparıcı qüvvələr başa düşür ki, Qarabağ məsələsi aradan götürülsə, regionun vəziyyəti xeyli müstəqilləşəcək. Ona görə də münaqişənin dondurulmuş halda saxlanmasına çalışırlar. M. Çavuşoğlunun gözlənilməz gəlişinin səbəbi də yeni təkliflərin irəli sürülməsi ilə bağlı ola bilər”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfərə gəlir. Sabah isə onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq.

Aysel Aslan