“Hər binada sakinlərdən ibarət Şura təşkil olunmalı, sədr seçilməlidir. Standart qiymət müəyyənləşməli, toplanan məbləğin kimə, hansı ünvana çatacağı da bilinməlidir”
MTK-lar yeni banalarda sakinləri soyur
“Tikinti şirkətləri kommunal xidmətlər üçün şişirdilmiş qiymətlər qoyur”
“Hər binada sakinlərdən ibarət Şura təşkil olunmalı, sədr seçilməlidir. Standart qiymət müəyyənləşməli, toplanan məbləğin kimə, hansı ünvana çatacağı da bilinməlidir”
“Hər binada sakinlərdən ibarət Şura təşkil olunmalı, sədr seçilməlidir. Standart qiymət müəyyənləşməli, toplanan məbləğin kimə, hansı ünvana çatacağı da bilinməlidir”
Mənzil-tikinti kooperativləri bina tikib gəlir əldə etməklə kifayətlənmir, binanın idarəçiliyini də əllərinə alır və sakinləri, faktiki soyurlar. Problem artıq dözülməz həddə çatıb. Hər MTK istədiyi, özünə sərf etdiyi şəkildə binalara kommunal xidmət haqqı təyin edir. Şəhərin bir hissəsində xidmət haqları 10-15 manat, bir hissəsində 20-25 manat, bir başqa yerdə isə 30-40 manata çatır. Buna qısaca, "mənzil xidmət haqqı” adı qoyulur.
Nə daxildir, bu xidmətlərə? Guya ki, lift xidməti (əgər lift işləyirsə), blokun təmizliyi, blokun işıqlandırılması və zibillərin daşınması. Həyəti, dayanacağı olan binalarda xidmət haqqına həyətin təmizliyi, əgər varsa, gül-çiçəyə qulluq, bağbanın əmək haqqı, avtomobil dayanacağı və qaravulçuya ödəniləcək aylıq məvacib də daxil edilir. Elə binalar var, daimi müşahidə kamerası ilə təmin edilib. Mühafizəçiyə də pul ödənilir. Amma məsələ bunda deyil. Məsələ, bu kommunal xidmət haqlarının hansı meyarla, hansı qanuna əsasən təyin edilməsidir.
İşıq, qaz, su pulunu sakinlər onsuz da özləri ödəyir. Çox yerdə qaz da sayğacladır, su da. İstifadə olunmuş elektrik enerjisinə dair qəbz də hər ay mənzil sahiblərinə təqdim olunur. Bundan əlavə, əmlak vergisini bələdiyyələr toplayır. Mənzilin sahəsindən asılı olaraq verginin məbləği də dəyişir. Sahəsi 30 kvadrat metrdən artıq olan mənzilin əlavə hər kvadrat metri üçün Bakıda əmlak vergisi 40 qəpikdən başlayır. Abşeronda 30 qəpikdir.
Ətraf qəsəbələrdə, bölgələrdə 28-60 qəpik arası dəyişir. Bunu da dediyimiz kimi, 2015-ci ildən etibarən yerli bələdiyyələr toplayır. Bəs mənzil xidmət haqqı niyə toplanır? Təkcə, blokun işıqlandırılması və zibillərin daşınması üçünmü? Məsələn, lift xarab olanda, təmir üçün adətən sakinlərdən pul toplanır. Blokları da orda yaşayan xanım sakinlər bəzən "qapımızın ağzıdır” deyib özləri təmizləyir. Qalır, zibillərin daşınması və lampa xarab olanda onu dəyişmək. Bu işlər üçün sakinlərdən 15-20, bəzi yerlərdə hətta 40-50 manat kommunal xidmət haqqı niyə toplanmalıdır?
MTK-lar xidmət haqqını yüksək təyin edir
Qeyd edək ki, bu günlərdə millət vəkili Tahir Rzayev mənzil-tikinti kooperativlərinin fəaliyyətindən narazılıqlar olduğunu deyib. Trend-ə açıqlamasında millət vəkili yeni tikilən binalarda kommunal ödənişlərlə bağlı əhalinin şikayətlərinə tez-tez rast gəlindiyindən danışıb:
- Tikinti şirkətləri kommunal xidmətlər üçün şişirdilmiş qiymətlər qoyur. Əksər təzə binalarda idarəçiliyi tikinti şirkəti öz üzərinə götürür və istədiyi qiyməti qoyur. Tikinti şirkətinin təyin etdiyi xidmət haqqı bir neçə dəfə artıqdır. Bu da sakinləri narazı salır. Əhalidən alınan pul müqabilində tikinti şirkəti elə də yüksək xidmət göstərmir. Qanuna uyğun olaraq çoxmənzilli binaların sakinlərinin yığıncaq keçirib binanın idarə olunması üçün mənzil mülkiyyətçilərindən ibarət müştərək cəmiyyət yaratmaq hüququ var. Bu halda sakinlər kommunal xidmətlərin qiymətini özləri müəyyən edər və ucuz da başa gələr. Bakıda müəyyən çoxmənzilli binalarda bu cür cəmiyyətlər yaranıb və səmərəli də işləyirlər. Burada vətəndaşlar da fəal olub, öz binalarının idarə olunması üçün belə cəmiyyətlər yaratmalıdırlar.
Millət vəkilinin fikrincə, sakinlər aktivlik göstərib binanın idarə olunmasında iştirak etsələr, MTK-lar kommunal xidmət haqqı məsələsində öz istədiyini edə bilməz.
MTK-lar özbaşınalıq edir
Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov "Şərq”ə açıqlamasında MTK-ların özbaşınalıqla məşğul olduğunu dedi:
- Bina tikən şirkətlər kommunal təsərrüfatı idarələrinin, mənzil-istismar sahələrinin də funksiyasını mənimsəyir. Binanı tikib qurtaran kimi ora bir komendant təyin edir, o da başlayır sakinlərdən pul yığmağa. Bu yığılan pullar hara gedir, hansı hesaba, kimin hesabına köçür? Qaz istifadəsinə görə məsul "Azəriqaz”dır. İşığa görə, "Azərişıq”dır, suyun haqqı da "Azərsu”ya məxsusdu. Bir də görürsən, hansısa binada sakinlərdən qaz sayğacı üçün pul yığırlar. Bu, tamamilə qeyri-qanunidir. Prezidentin fərmanı ilə fiziki şəxslərə qaz sayğacı pulsuz quraşdırılmalıdır. Amma MTK-nın nümayəndəsi müəyyən firmadan qaz sayğacını 50 manata alır, gətirib sakinlərə 100 manata satır. Deyir ki, qaz sayğacını özünüz almalısınız.
Bu bina istifadəyə veriləndə onun təbii qaz təchizatı da, elektrik enerjisi, su təchizatı da əlaqədar qurumlar tərəfindən yoxlanıb, istifadəsinə icazə verilməlidir. Bundan sonra binada sakinlərin məskunlaşmasına icazə verilməlidir. Bütün bu problemlər ona görə yaranır ki, qaz təchizatı təmin edilməmiş köçürülmə həyata keçirilir. Sakinlər illərlə təbii qazdan istifadə edə bilmir. Sonra da gəlib deyirlər ki, pul yığın, qaz sayğacı quraşdıraq. Bina təhvil alınmayıbsa, o, yaşayış sahəsi sayılmır. Yaşayış sahəsi sayılmayan bir yerə görə, sakinlər niyə pul ödəməlidir?
N.Qasımov kommunal xidmət haqlarının hansı meyarla müəyyənləşdirildiyinə dair bilgiyə sahib olmadığını dedi:
- Əvvəllər bilinirdi ki, mənzilin kv/metrinin dəyəri nə qədərdir. Sakinlər də buna müvafiq mənzil haqqı ödəyirdilər. İndi isə hər MTK özü qiymət təyin edir. Bilinmir ki, hansı əsasla, hansı meyarla işləyirlər. Qiymət standartı yoxdur. Deyirlər, zibillərin daşınması, lift xidməti üçün pul yığılır. Əslində, zibillərin daşınması üçün kommunal təsərrüfatı birlikləri ilə müqavilə bağlanmalıdır. Lift xidməti üçün də lifti binada quraşdıran şirkətlə müqavilə bağlanmalıdır. Amma nə görürük? Lift xarab olur, binanın komendantı deyir ki, lifti filan şirkət quraşdırıb gedib. İndi onları hardan tapaq?! Bu, nə məsuliyyətsizlikdir?!
N.Qasımov sakinlər problemlə qarşılaşmasın deyə, təklif etdi:
- Hər binada sakinlərdən ibarət Şura təşkil olunmalı, sədr seçilməlidir. Standart qiymət müəyyənləşməli, toplanan məbləğin kimə, hansı ünvana çatacağı da bilinməlidir. Sakinlər idarəetməni əllərinə almasalar, daim komendantın basqısı altında qalacaqlar. Komendantlar ayın başı-ayağı sakinlərdən pul toplayacaq, problemlər isə olduğu kimi qalacaq.
Məlahət Rzayeva