"Müəllim də insandır, onun da problemləri, qayğıları var. Məsələ burasındadır ki, bu problemlər, qayğılar barədə ətrafdakılar məlumatsız qalır, bəzən də məlumatlı olsalar da, heç bir kömək göstərə bilmirlər"
Gədəbəydə müəllim intihar edib. 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov "F-1" əl qumbarasını əlində partladaraq həyatına son qoyub.
125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Nemət Bayramovun sonuncu dəfə ötən gün işlədiyi peşə liseyində olduğu qeyd olunub. Liseydən verilən məlumata görə, Nemət Bayramov problemli adam olmayıb: "Nizam-intizamlı müəllim idi. Dekabrın 25-də şagirdlərə dərs keçib. Dünən dərsi olmayıb, amma həyat yoldaşı ilə liseyə gəlib. Onun həyat yoldaşı da liseydə kitabxanaçı işləyir. Nemət Bayramovun bir qızı var. O da ailə həyatı qurub. Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb".
Gədəbəy peşə liseyinin direktoru Şakir Məsimov aznews.az-a açıqlamasında bildirib ki, Nemət Bayramov özünü evinin yaxınlığında partladıb: "Hadisə evinin yaxınlığında baş verib. Həyat yoldaşına zəng edib evə gəldiyini deyib. Ondan sonra özünü partladıb. Onun cəsədini gördüm. Əlləri salamat idi, qumbara əlində olmayıb, qarın hissəsində partlayıb”.
Qeyd edək ki, 44 yaşlı müəllimin özünəqəsd səbəbləri ilə paralel olaraq, onun intihar vasitəsi kimi məhz qumbaranı seçməsi də cəmiyyətdə sual doğurur.
Son vaxtlar intihar hallarının çoxalmasından təəssüflənən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, intihar edənin adının önünə müəllim sözünün yazılması isə vəziyyəti bir az daha dramatikləşdirir. Fənn müəllimliyindən direktorluğa, rəhbər vəzifələrədək çalışdığını vurğulayan N.İsrafilov çoxillik iş təcrübəsində bir dəfə də olsun hansısa müəllimin intihara cəhd etməsi halı ilə qarşılaşmadığını deyib:
"Hər gün olmasa da, iki gündən bir, intihar hadisəsi baş verir. İntihar görünməmiş hadisə deyil. Tarixdə həmişə belə hallar olub. Kimsənin ağlına gəlməyən məşhur şəxslər də intihar edib, hamının "xoşbəxt” saydığı bədbəxtlər də olub. Məni narahat edən hazırkı dövrdə baş verən intihar hadisələrinin mərkəzlər, təşkilatlar, qurumlar tərəfindən araşdırılmamasıdır. Ya da araşdırılırsa da, nəticələr barədə ictimaiyyətə məlumat verilməməsidir. İntihar hadisələrində səbəb və nəticə əlaqəsi üzərində dayanılmalıdır. Müəllim də insandır, onun da problemləri, qayğıları var. Məsələ burasındadır ki, bu problemlər, qayğılar barədə ətrafdakılar məlumatsız qalır, bəzən də məlumatlı olsalar da, heç bir kömək göstərə bilmirlər”.
İntihar edən müəllimin qumbaranı necə əldə etməsi ilə bağlı sualımızı cavablandıran təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev isə deyib ki, intihar etməyi qabağına məqsəd qoyan insan onu nə yolla olursa-olsun, etməyə çalışacaq:
"Düşünürəm ki, məktəblərdə hərbi dərslərin keçirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, biz müharibə şəraitində yaşayırıq. Şagirdlərin hərbidən anlayışlarının olması, silah-sursatdan necə istifadə olunması haqqında məlumatlarının olması, onların vətənpərvərlik ruhunda böyüməsinə yol açır. Lakin məktəbdə hərbi dərslər zamanı həm müəllimlərin, həm də şagirdlərin təhlükəsizlik qaydalarına riayət etmələrinə diqqət yetirilməlidir.
Avtomatın sökülüb- yığılması, güllənin darağa yiğılıb-boşaldılması, qumbaralardan necə istifadə edilməsi ilə bağlı məsələlərə həssas yanaşmaq lazımdır. Təbii ki, burada söhbət döyüşə hazır qumbaralardan getmir. Məktəblərdə təlim üçün nəzərdə tutulan qumbaradan istifadə edilir. Hərbi təlim qumbarası isə təlimlər zamanı istifadə olunur. İnsanlar küçədən, dağdan, yaxud meşədən hər hansı silah-sursat, əl qumbarası taparlarsa, onu evlərinə aparmaq olmaz. Bu olduqca təhlükəlidir. Həm özlərinin, həm də yaxınlarının həyatını təhlükəyə atırlar”.
E.Nurəliyevin sözlərinə görə, F1 əl qumbarasının qəlpələrinin yayılma məsafəsi 200 metrdir, alışdırıcısı çəkildikdən 3-4 saniyə sonra işə düşür: "600 qram çəkiyə malik qumbaranı kənardan əlində, yaxud çantasında da keçirdə bilər. Ancaq bunu məktəbdə etməklə digərlərinin də həyatını təhlükəyə atmış olur. Hüquq-mühafizə orqanları bu cür hadisələri ətraflı araşdırıb, məsələyə hüquqi qiymət verməlidir”.
Şəymən