Müəllimləri məktəb direktorları seçərsə, nələr baş verər?- OXUYUN!




"Direktorlara müəllim seçmək muxtariyyəti verilərsə, effektiv nəticə olacağına inanmıram”.

Bunu Sherg.az-a bu ildən Bakı şəhəri üzrə bəzi məktəb direktorlarına müəllim seçmək muxtariyyətinin verilə bilcəyinə münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, məktəb direktorlarının seçilməsində icra başçılarının fikri nəzərə alındığı müddətdə təhsildə azadlıq yaradılması mümkün deyil:

"Dünya ölkələrində vəziyyət belədir ki, adətən kadrın seçilməsi məktəb rəhbərliyinin üzərinə düşür. Çünki məktəb rəhbəri bütün işlərdə məsuliyyətlidir. Həmçinin kadr seçimində subyektivlik normal ölkələrdə yoxdur. Lakin Azərbaycanda həqiqətən, qohumbazlıq mövcuddur. Belə sui-istifadə hallarının baş verməyəcəyinə heç kim qaranti vermir. Bunu pilot layihə kimi keçirmək olar. Çox az sayda məktəbdə. Amma buna nəzarət necə ediləcək, mexanizm hansı şəkildə qurulacaq bunu demək çətindir. Ümumiyyətlə, istəyirlər ki, bu məsələdə məktəbin bütün pedaqoji kollektivi, eyni zamanda məktəbin direktoru maraqlı olsun. Amma marağı bu şəkildə əldə etmirlər axı. Əgər məktəb direktorunu icra başçısı seçirsə, necə ola bilər ki, həmin direktor gedib, ədalətli şəkildə kadr seçib, öz məktəbini təmin etsin. Ötən il imtahan vasitəsilə məktəb direktorları imtahan edildi, icra başçıları sonunda həmin imtahan nəticələrini onların üzünə çırpdı və 50-55 bal toplayan direktorlar kənarda qaldı. Əvəzində isə 3-5 bal toplamış məktəb direktorları vəzifələrində saxlandı. Sonunda isə açıq şəkildə təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin iclasında çıxış etdi ki, məktəb direktorlarını icra başçılarının rəyini nəzərə almaqla təyin ediblər. Yenə qeyd edirəm, məktəb direktorunu icra başçısı seçirsə, həmin direktordan kadr seçimində obyektivlik gözləmək düzgün olmaz. 

Hesab edirəm ki, bu baş tutan iş deyil. Əslində istəyirlər ki, bu sahədə çalışırlar ki, təhsilin demokratikləşdirilməsinə nail olsunlar. Təhsil azad idarə olunsun. Lakin təhsilə azadlıq vermək üçün gərək əvvəldən hər kəsə azadlıq verilsin, məktəb direktorları azad şəkildə seçilsin, balını toplayıb, işində otursun. Bütün məsələlərdə icra başçılarının deyil ictimaiyyətin və məktəb kollektivinin rəyi nəzərə alınsın”.

Qeyd edək ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu pilot layihənin icrası ilə bağlı təkliflər hazırlandığını və pilot məktəblərin seçilməsinin müzakirə mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə bunlar yalnız təklif olaraq qalıb. Təkliflər təsdiq olunsa, müəllimlərin işə qəbulu üzrə yeni qaydalarda öz əksini tapacaq.

Aysel Aslan