Müəllimlərin attestasiyası ləğv edildi

Bu 20 ilə yaxın bir müddət attestasiyaya hazırlığa kifayət etmədisə, görəsən, 150 min müəllimin sertifikasiyadan keçirilməsinə neçə illər lazım gələcək?





Dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyasının ləğv edilməsi gözlənilir. Bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, "Azərbaycan Respublikasında dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar. Digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.

Müəllimlərin attestasiya olunmayacaqları, əvəzində sertifikasiyaya cəlb ediləcəyini "nəsə etmək xatirinə, nəsə etmək” kimi dəyərləndirən təhsil üzrə ekspert 

Nadir İsrafilov "Şərq”ə bildirib ki, attestasiya və sertifikasiya bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin və təsdiqetmə anlamına gəlir:

 "Sertifikasiya isə sertifikasiyanı həyata keçirən orqan tərəfindən obyektlərin, texniki reqlamentlərin tələblərinə, standartların vəziyyətinə, qaydalara və müqavilə şərtlərinə uyğunluğunun təsdiqidir. Sertifikasiya adı altında həmçinin sertifikat alınması proseduru da başa düşülür. Bu mənada, attestasiya konkret fərdlərə, sertifikasiya isə müəllim hazırlığı ilə məşğul olan hazırlıq kurslarına şamil edilə bilər. Əbəs yerə deyil ki, hələ 1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum prezidentimiz tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqram”ında rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımlı diqqət yetirilməməsi barədə müddəalar xüsusi olaraq vurğulanmışdı. 

Bununla əlaqədar, Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 23 may 2001-ci il tarixli 97 №-li qərar da vermişdi. O vaxt təhsil nazirinin 21 oktyabr 2002-ci il tarixli 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu. Bu məqsədlə attestasiyanın qaydaları hazırlanmış, təşkilat komitəsi belə yaradılmışdı. Bu 20 ilə yaxın bir müddət attestasiyaya hazırlığa kifayət etmədisə, görəsən, 150 min müəllimin sertifikasiyadan keçirilməsinə neçə illər lazım gələcək?
2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında” qanunda attestasiya, akkreditasiya, nostrifikasiya, lisenziya kimi anlayışlar daxil edildiyi halda, sertifikasiya nəzərdə tutulmamış, yalnız 2015-ci ildə bu məsələ yada düşərək qanuna müvafiq əlavə edilmişdi.

 Həmin qanuna əsasən attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru kimi dəyərləndirilib, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusundan ibarət olduğu qeyd edilib. 

Diaqnostik qiymətləndirmənin dəfələrlə sabiq təhsil naziri və digər nazirlik rəsmiləri tərəfindən attestasiyaya hazırlıq mərhələsi olduğu barədə bəyanatların verilməsi və bu prosedurun hələ tam başa çatdırılmaması, dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin taleyinə hələ bir aydınlıq gətirilməmiş, sertifikasiya barədə yeni "ideya” ortalığa atıb, onsuz da illərdən bəri gərginlik içərisində olan müəllimlərin əsəbləri ilə oynamağa ehtiyac varmı? 

"Qanun”a elə dəyişiklik edək ki, onu hər dəfə dəyişdirməyə lüzum qalmasın. Ən çox dəyişikliyə məruz qalan iki qanun varsa, onlardan biri "Təhsil haqqında”, digəri isə "Yol hərəkəti haqqında” qanundur. Təhsil sahəsindəki mövcud vəziyyət bəllidir, yollarımızda olan qəzaların sayı isə bir az da artıb”.

Yeganə Bayramova