Birqütblü beynəlxalq münasibətlər sistemi keçmişdə qalır.
Sherg.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən BRİKS sammitində çıxışı zamanı bildirib.
“Dar bir qrup ölkənin maraqlarına xidmət edən birqütblü beynəlxalq münasibətlər sistemi keçmişdə qalır. Güc balansı Qlobal Cənub və Şərqdə yeni inkişaf mərkəzlərinin xeyrinə dəyişir”, - deyə Putin BRİKS sammitinin iclasında bildirib.
Onun sözlərinə görə, dünyada güc balansı Qlobal Cənub və Şərqdə yeni inkişaf mərkəzlərinin xeyrinə yenidən bölüşdürülür.
Bu kontekstdə Rusiya lideri BMT Təhlükəsizlik Şurasının tərkibinin Qlobal Cənub ölkələrinin hesabına genişləndirilməsinə çağırıb.
“BRİKS-dəki həmfikirlərimizlə birlikdə BMT-nin fəaliyyətinin səmərəliliyinin artırılmasına bundan sonra da töhfə verməyi zəruri hesab edirik. Təbii ki, buna, xüsusilə də Təhlükəsizlik Şurasının Asiya, Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyi hesabına genişləndirilməsi kömək edə bilər”, - Putin deyib.
O vurğulayıb ki, dünya arenasında sülh və sabitliyin təmin olunmasına mümkün qədər çox ölkə cəlb edilməlidir.
Putin həmçinin bildirib ki, BRİKS birliyi qlobal idarəçiliyin əsas mərkəzləri sırasında özünü layiqincə təsdiq edib.
“Birlik haqlı olaraq qlobal idarəçiliyin əsas mərkəzlərindən biri kimi özünü təsdiq edib. Beynəlxalq siyasət və təhlükəsizlik, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrində hadisələrin inkişaf perspektivi böyük ölçüdə bizim birgə qəbul etdiyimiz qərarlardan və atdığımız addımlardan asılıdır”, - Rusiya prezidenti bildirib.
BRİKS-in 18-ci sammiti sentyabrın 12-13-də Yeni Dehlidəki “Bharat Mandapam” kompleksində keçirilir.
Hazırda BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, BƏƏ və İndoneziya daxildir.