Musa Yaqub hələ pulunu almayıb - Şairə mükafat Buynuzda təqdim olunacaq





Azərbaycan Yazıçılar Birliyi bir qrup müəllifi mükafatlandırıb. Və mükafatlananlar sırasında hazırda ağır xəstəlikdən əziyyət çəkən şair Musa Yaqub da var.

Qeyd edək ki, AYB-dən bildirilib ki, dövlət başçısının birliyə ayırdığı vəsaitin bir hissəsi mükafatların verilməsinə xərclənəcək.

Bu il yubileyləri keçirilən İmadəddin Nəsimi, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adına 2000 (iki min) manat məbləğində 12 mükafat nəzərdə tutulur.
İmadəddin Nəsimi adına şeir mükafatlarına Musa Yaqub, Vaqif Bayatlı Odər və Firuzə Məmmədli, Cəlil Məmmədquluzadə adına nəsr mükafatlarına xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və xalq şairi Sabir Rüstəmxanlı, Cəfər Cabbarlı adına dramaturgiya mükafatlarına isə Firuz Mustafa, Vaqif Əlixanlı və Əjdər Ol layiq görülüb.
İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatların laureatları professor Nizaməddin Şəmsizadə, "Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və tədqiqatçı Gülxani Pənahdır.
Gənc yazarlar üçün nəzərdə tutulan "Uğur” mükafatına isə Ümid Abbas Nihani, Rəvan Cavid, İntiqam Yaşar, Sərdar Amin və Əliəsgər Əhməd layiq görülüb. "Uğur” mükafatının məbləği 1000 (min) manatdır.

Musa Yaqub və Vaqif Bayatlı Odərin səhhətindəki problemlər nəzərə alınarsa, mükafata layiq görülənlər sırasında adlarının olması, əlbəttə, bəyəniləndir.

Musa Yaqubla əlaqə saxlayıb həm mükafat alması münasibətilə təbörik etmək, həm də səhhəti ilə maraqlandıq. Telefonu şairin oğlu Şəhriyar açdı. Atasının səhhətinin stabil olduğunu dedi:

- Atam, indi yaxşıdır. Səhhətinin dəyişkən vaxtları da olur, amma ümumilikdə, vəziyyəti stabildir. Müalicəsi davam edir, dərmanlarını içir…

Mükafatın məbləğinin şairə təqdim edilib-edilmədiyi ilə bağlı sualımızı cavablandıran şairin oğlu dedi ki, hazırda Buynuz kəndindədirlər:

- Bizimlə əlaqə saxlayıblar, kəndə gəlib, burada təqdim edəcəklər.

Musa Yaqubun xarici ölkəyə müalicəyə göndərilməsinə gəlincə isə, övladı, bu məsələ ilə bağlı yenilik olmadığını dedi.

Məlahət