Müstəqil siyasətimiz Qərbin bəzi dairələrini qıcıqlandırır

Həmin təşkilatlar da erməni diasporası ilə birgə müəyyən senarilər çərçivəsində Azərbaycana qarşı proqramlar hazırlayır, qətnamələr qəbul edir



Yanvarın 17-də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamə ciddi narazılıqla qarşılanıb. Qərarın daha çox mart ayında Azərbaycanla Avropa İttifaqı arasında bağlanması gözlənilən əməkdaşlıq sazişinin baş tutmaması üçün xaricdəki maraqlı qüvvələrin vasitəsilə qəbul edildiyi deyilir. Lakin qərəzli qətnamənin başqa məqamları da üzə çıxmaqdadır. Bir sıra ekspertlərə görə, bloger Mehman Hüseynovla bağlı Avropa Parlamentinin Azərbaycana qarşı akt qəbul etməsi, ümumiyyətlə, Qərbdən gələn təzyiq ilk növbədə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlıdır. 

Məsələn, millət vəkilləri - Zahid Oruc və Elman Məmmədov, o cümlədən sabiq dövlət müşaviri Qabil Hüseynli AP-nin məlum qətnaməsinin qəbulunda Moskva-Bakı yaxınlaşmasının rolu ola bilər. Məsələ ondadır ki, Qərb ölkələri Azərbaycanın müstəqil siyasət yeritməsinə qarşıdırlar. Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində hazırda Rusiya-Azərbaycan, o cümlədən Azərbaycan-İran münasibətlərində yaxınlaşma müşahidə olunmaqdadır. Həmin qətnamələrin bir məqsədi də məhz bu cür müstəqil siyasətin qarşısını kəsməkdir.

Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov da "Şərq”ə açıqlamasında bu faktorun həqiqəti əks etdirdiyini deyib. Professorun fikrincə, Qərbin müxtəlif siyasi təşkilatları Azərbaycanı öz sıralarında görmək istəyirlər. Bu baxımdan bizi öz tərəflərinə çəkmək, daha doğrusu, "sözə baxan” etmək üçün müəyyən metodlara əl atırlar:

 "Ancaq Azərbaycan heç bir təzyiqə məhəl qoymadan öz yolunu və xarici siyasətini davam etdirir. Rəsmi Bakı bu xətdən imtina etmək fikrində olmadığını dəfələrlə bəyan edib. Azərbaycan bütün ölkələrlə, aparıcı dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. 

Qonşu dövlətlər olan Rusiya və İranla yaxın əlaqələr saxlayırıq. Qərbin Rusiya və İrana tətbiq etdiyi sanksiyalara qoşulmuruq və qoşulmaq fikrində də deyilik. 

Təbii ki, bu cür müstəqil siyasət Qərbin bəzi dairələrini qıcıqlandırır. Həmin təşkilatlar da erməni diasporası ilə birgə müəyyən senarilər çərçivəsində Azərbaycana qarşı proqramlar hazırlayır, qətnamələr qəbul edir. Onların məqsədi Azərbaycanın maraqlarına zərbə vurmaq, zəiflətmək və öz tərəflərinə çəkməkdir. Ancaq biz heç kimin diktəsi ilə hərəkət etmirik. Bizim konkret xarici siyasət prioritetlərimiz var və bu yoldan dönmək niyyətimiz yoxdur”.

İsmayıl