Müzakirələr işin xeyrinədir

Ordu və KİV əlaqələri daha da güclənəcək
“Ölkə mediasında müharibə şəraitində hərbi mövzunun peşəkarlıq səviyyəsi indi əvvəllər olduğundan xeyli yüksəkdir”



(Əvvəli ötən sayda)

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Ordusunun 100 illiyi münasibətilə bayram tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının həyata keçirilməsinə həsr olunan görüş keçirildi. Belə görüşlərin media üçün əhəmiyyəti danılmazdır. Görüşdə media ilə Müdafiə Nazirliyi arasında əlaqələr məsələsi əsas müzakirə mövzusu olub. 

Müdafiə naziri Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamından irəli gələn tapşırıqların icrasının təmin edilməsi məqsədilə müdafiə naziri tərəfindən əmr imzalandığını və tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb. Bu işlərin həyata keçirilməsində, sözsüz ki, media əhəmiyyətli rola malikdir.

Nazir müavini Ali Baş Komandanın diqqət və qayğısı sayəsində son illər Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi hissə və bölmələrin maddi-texniki təminatının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan geniş islahatlardan danışıb. General-leytenant K.Vəliyev bildirib ki, artıq əvvəlki dövrlə müqayisədə Orduda əhəmiyyətli yeniliklərin həyata keçirilməsinin nəticəsidir ki, həqiqi hərbi xidməti başa vurmuş xeyli sayda vətəndaşlarımız öz arzuları ilə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq barədə müraciət edirlər. Hərbi təhsilin daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan nazir müavini bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən bəhrələndiyini də qeyd edib. Kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran general-leytenant K.Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Milli Məclisin deputatı Aqil Abbas, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, "Teleqraf Holdinq”in rəhbəri Aynur Quliyeva, "Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev, "Qaziler.az” saytının rəhbəri Rey Kərimoğlu, "Ordu.az” saytının redaktoru Şahin Qocayev və başqaları ordu-media əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan danışaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər. Görüş iştirakçıları bu kimi tədbirlərin aktuallığını nəzərə alaraq bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyətinin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər. Tədbir zamanı çıxış edən "Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev ermənilər tərəfindən həyata keçirilən informasiya diversiyasının qarşısının vaxtında və effektiv alınmasının mühümlüyü məsələsini qaldırıb. Jurnalist bildirib ki, bir çox hallarda operativ işləmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlının səlahiyyətlərini artırmaq lazımdır. Jurnalist xatırladıb ki, indi 21-ci əsrdir və internet əsrində hansısa informasiyanı gizlətmək mümkün deyil. Onun sözlərinə görə, erməni təbliğatçılarına informasiya manipulyasiyası üçün şərait yaratmaq olmaz. E.Fətullayevin narahatlığını APA informasiya agentliyinin baş redaktoru Vüsalə Mahirqızı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, jurnalist Rey Kərimoğlu və digərləri dəstəkləyiblər.
V.Mahirqızı ordu üzərində ictimai nəzarətin gücləndirilməsi məsələsini qaldırıb. "Dövlət sirri nə deməkdir? Əgər informasiya jurnalistin əlinə keçirsə, o artıq dövlət sirri deyil, Müdafiə Nazirliyinin problemidir”. Görüşdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev isə qeyd edib ki, Azərbaycan ordusu onsuz da ictimai nəzarət altındadır: "Bizim hərbi hissələrə müntəzəm olaraq Ombudsman Aparatının nümayəndələri baş çəkir. Baş prokurorluqla birlikdə vaxtaşırı olaraq profilaktik işlər aparılır. Hərbi hissələrə jurnalistlərin səfərləri təşkil olunur, ancaq onların bir çoxu sensasiya dalınca qaçır. 

Bəyəm Rusiya və ya ABŞ ordusunda problem yoxdur? Bəs siz görmüsünüz ki, onların mətbuatı itkilər barədə məlumatları dərc etsinlər?”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov hərbçilərlə jurnalistlərin işgüzar görüşünün önəmini qeyd edərək söyləyib ki, ölkə mediasında müharibə şəraitində hərbi mövzunun peşəkarlıq səviyyəsi indi əvvəllər olduğundan xeyli yüksəkdir: "Jurnalistlər ordu həyatının işıqlandırılmasında daim milli təhlükəsizlik tələblərini rəhbər tutur. Düşmənin ideoloji-hərbi təxribatlarını layiqincə cavablandırır. Dezinformasiyalara ayıq-sayıq yanaşırlar. Bütün bunlar ordumuzun müdafiə qabiliyyətinin və nüfuzunun yüksəldilməsinə, əsgər və zabitlərimizin mənəvi-siyasi yetkinliyinə, nəticədə torpaqlarımızın erməni quldurlarının işğalından tezliklə azad edilməsinə yetərli informasiya dəstəyi yaradılmasına xidmət edir”. Hərbi jurnalistika məsələsinə də toxunan Mətbuat Şurasının sədri deyib ki, hərbi ekspertlər mərkəzinin yaradılması, onun fəaliyyətinin necə təşkil edilməsi məsələsinə aydınlıq gətirilməlidir: "Jurnalistlərin tək hərbi deyil, digər sahələrdə də ixtisaslaşmasında problem var. Çıxış yolları tapmalıyıq. Müharibə vəziyyətindəyik, torpaqlarımız işğal altındadır. Ona görə, bu cür məsələləri, hərbi sahəni obyektiv, peşəkar şərh edə biləcək ekspertlər, dolğun əks etdirə biləcək jurnalistlərə ehtiyac var. Kütləvi informasiya vasitələrində hazırda ixtisaslaşmış jurnalistlərimiz fəaliyyət göstərir. Ancaq onların sayı azdır. Hadisələri daha geniş işıqlandırmaq üçün peşəkarlara ehtiyacımız var. İxtisaslaşmış jurnalistlərin mütəmadi mütəxəssislərlə görüşməsi təkmilləşmə baxımından əhəmiyyətlidir”. Sədr bildirib ki, mətbuatda hərbi ekspert sarıdan kasadlıq var: "Vəziyyəti bizim üçün real qiymətləndirə biləcək, proqnozları reallığa uyğun şərh edə biləcək hərbi ekspertlərin olması vacibdir. Təəssüf ki, ölkəmizdə ekspertlərin sayı azdır. Ekspertlər çox olsa, onlar birləşib, öz müəssisələrini yarada bilərlər. Belə mərkəzin yaradılması artıq sonrakı addımdır”.

"Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov "Şərq”ə deyib ki, Müdafiə Nazirliyindəki görüş orada elan edilməsə də, qapalılıq xarakterinə malik idi: 

"2013-cü ilin sonlarında Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra nazirliyin ictimaiyyətlə və mətbuatla münasibətlərində dönüş yarandı. Hərbi jurnalistika ixtisasına malik Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin olundu. Nazirliyin saytı təkmilləşdirildi, eləcə də sosial şəbəkələrdə hesabları yaradıldı. Mütəmadi olaraq silahlı qüvvələrdə açıq qapı günləri keçirilir. Jurnalistlərin hərbi hissələrdən, hətta cəbhə xəttindən reportajlar hazırlaması üçün icazə almaları asanlaşdı deyə bilərəm. Bu dövrdə xatırladığım qədər Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə nazirlik və jurnalistlər arasında 3 görüş keçirilib. 

Görüşlərdə münasibətlərin normallaşdırılması, informasiyaların işlədilməsi, informasiya təhlükəsizliyi, ordu-media münasibətləri müzakirə olunub. Baş redaktorlar tərəfindən üzləşilən problemlər səsləndirilib, təkliflər verilib. Bu təkliflərin bir qismi də reallaşıb. Eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinin də bəzi iradları olub ki, onlar da artıq mətbuatda aradan qalxıb”.

Baş redaktor bildirib ki, ötəngünkü görüşdə AXC-nin 100 illiyi çərçivəsində Müdafiə Nazirliyi ilə KİV-in birgə fəaliyyəti müzakirə edilib: "Hesab edirəm ki, bu il biz MN ilə KİV-in bir sıra birgə tədbirlərinin də şahidi olacağıq. Görüş barədə MN-in yaydığı rəsmi məlumat var. Düşünürəm ki, bu görüşlərin medianın iştirakı ilə, lakin qapalı şəkildə olması daha məqsədəmüvafiqdir. Orada müzakirə olunan məsələlərin bəziləri qapalı xarakter daşıdığından hər hansı məlumat verməyi doğru hesab eləmirəm. Hesab edirəm ki, bu cür görüşlərin aktivləşdirilməsi, eləcə də digər hərbi qurumlarla da təşkili vacibdir və informasiya təhlükəsizliyinin təmin olunması, münasibətlərin yaradılması baxımından əhəmiyyətə malikdir”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb