Natavan xanıma

Özünü tanımazdan çox-çox öncə imzasını tanımışam Natavan Dəmirçioğlunun . Mətbuatda dərc olunan saylı-samballı yazılarını oxumuşam. Qələmindən süzülüb gələn hər cümləsində işıqlı fikirlərin dəyərini görmüşəm. Oxumuşam və doyunca dolğunlaşmışam."Natəvan Dəmirçioğlu” imzası mənim nəzərimdə çox dəyərlidir desəm, bəlkə də fikrimi tam ifadə eləməmiş olaram. Əslində, onun imzası bütün Azərbaycan miqyasında hər kəsə öz sözünü deyir.
Ədəbi düşüncə sahibləri arasında öz mövqeyi və yüksək yeri olan Natəvan xanım tək yaradıcı bir qələm sahibi yox, həm də halaldan halal bir Azərbaycan xanımıdı. Onu tanımağa başladığım gündən böyük bir xarakter bütövlüyü görürəm onda. Salğarıyla, sambalıyla, ağır oturuşuyla-duruşuyla dəyərlərimizi nə qədər təmiz yaşadır Natəvan xanım! O öz halal ömrünü milli dəyərlərimizi yaşadaraq gəlib. Ədəbi-bədii, elmi məclislərdə öz yeri, öz məqamı və öz ciddi söz haqqı var Natəvanın. Həm çox dəyərli analiz gücü, həm də natiqlik, oratorluq məharəti var onun.
Güllü Eldar Tomarlı
Minillərin dərin qatlarından qidalanan milli varlığımız öz əzəli sambalıyla bu gün də yaşadılır. Əlbəttə, dəyərlərimizdən mayalanan və o kökə köklənənlərin sayəsində. Üzünurlu ədəbi nümunələrimiz məhz Natəvan Dəmirçioğlu kimi düşüncə və qələm sahiblərinin imzası ilə öz halal yerini qoruyur.
Gözünü Qazax adlı şer-sənət, poeziya ocağında açan bir insan, əlbəttə, o ümmandan öz payını alacaqdı və doyunca aldı da. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Natəvan Dəmirçioğluna Qazağın ədəbiyyat nurundan az pay düşməyib. Vidadinin, Vaqifin, Səməd Vurğunun, Osman Sarıvəllinin, Mehdi Hüseynin , İsmayıl Şıxlının, Mirvarid Dilbazinin, İsa Muğannanın və neçə- neçə söz ustadının doğulub, böyüdüyü və dünyalarca ad aldığı müqəddəs və doğma bir diyarda   
dünyaya gələn Natəvan xanıma da Haqqın öz lütfü olmalıydı və oldu da. O böyük ədəbiyyat yolunun bu gün ən layiqli davamçısı nasir Natəvan Dəmirçioğludur. Xanım yazarımız ədəbiyyat bayrağını hünərlə daşıyır!
Vətən sevgisi, torpaq gücü, soy- kökə bağlılıq və yaradıcılıq ehtirası istədiyi səmtə yönləndirdi və uğur üstündən uğur gətirdi ona. Hələ yeni uğurlara da imza atacaq Natəvan Dəmirçioğlu. Çox da uzun olmayan ömür yolunda sınaqlardan və imtahnlardan öz alın təri ilə çıxıb. Hələ daha çox yollar keçəcək, bələnlər aşacaq və mənzil başına ləyaqətlə çatacaq.
İndi ömrünün 55-ci pilləsinə qədəm basıb Natəvan Dəmirçioğlu. O, öz külüng-qələmi ilə öz sənət yolunu açıb, imzasını ədəbiyyat tariximizə nəqş edib. Hələ qarşıda daha uzun yol, gediləcək mənzil onu gözləyir. Əslində, artıq çətinliklər arxada qalıb. İndən sonra daha rahat, daha uzun bir yolçuluq onu gözləyir. 
Bir qələm əhli kimi – yazıçı, alim, publisist kimi, pedaqoq kimi, millətimizn çox dəyərli bir xanımı kimi bundan sonrakı ömür yolunu da o, çox ləyaqətlə və qürurla davam etdirəcək.
Dünyaya gəlişinin 55-ci doğum ilini, ad gününü təbrik edirəm Natəvan xanımın! Gün o gün olsun ki, gələcək uğurlara atacağı imzalarına biz də şahidlik edək. Və sonda üzümü Natəvan Dəmirçioğluna tutub xalq şairimiz Osman Sarıvəllinin aşağıdakı məşhur misralarını söyləyirəm:
Kim minər Qazağın dilboz atını,
Götürər toyların şal -xalatını.
Şeirin- sənətin mükafatını,
Hər zaman, hər yerdə aldı bu yerlər.
Xalq şairinə rəhmət və sevimli Natəvan xanıma öz ilhamının Dilboz atında alacağı "şal- xalat”-lar arzulayıram və aşağıdakı şeiri onun ad gününə ərmağan edirəm.
Nə yaxşı sən varsan, Natəvan xanım!
(Əzizim Natəvan Dəmirçioğluna)
Adın bir ümmandı, sözün bir ümman,
Söhbətin bir dünya, sözün bir ümman.
Ümidin, diləyin, arzun bir ümman,
Nə yaxşı sən varsan, Natəvan xanım!
Bir şirin nağılsan, gözəl kəlamsan,
Ürfan məclisinə haqqı salamsan,
Hələ çözülməmiş sirli aləmsən,
Nə yaxşı sən varsan, Natəvan xanım!
Varağa nur saçan qələmi zərsən,
Özünə güvənən- sözündə birsən.
Hələ açılmamış sehrsən, sirsən,
Nə yaxşı sən varsan, Natəvan xanım!
Sən öz qüdrətini o Haqdan aldın,
Bir halal ocaqda ağ baxtdan aldın.
Bir az da "Damcılı” bulaqdan aldın,
Nə yaxşı sən varsan, Natəvan xanım!
Xanımsan- xatınsan, həm gözəl ana,
Layiqsən çox uca şöhrətə-şana.
İbadət edirsən Azərbaycana,
Nə yaxşı sən varsan, Natəvən xanım!
Ləyaqət əhlisən,haqqınla tənsən,
Budağı bar verən kökdən bitənsən,
Natəvan adında doğma Vətənsən,
Nə yaxşı sən varsan, Natəvan xanım!
Güllü, çəkəmməzsən çox ağır yükü,
Alim hüzurunda dayan sən ta ki,
Yön çevir, sən ona, beləcə de ki:
Nə yaxşı sən varsan, Natəvan xanım!
Güllü Eldar Tomarlı
28 may, 2018-ci il.