Elçin Bayramlı: “1000 manata Azərbaycanda rahat yaşaya bilərsən, amma Böyük Britaniyada acından ölərsən”
Qadir İbrahimli: “Adətən belədir ki, maaş az olan yerlərdə korrupsiya halları çox olur”
Rusiyanın Maliyyə Nazirliyi federal dövlət orqanlarında işləyən rəsmilərin orta aylıq əməkhaqqının məbləğini açıqlayıb. Məlumata görə, dövlət qurumları arasında ən çox əməkhaqqını maliyyə-iqtisadi nazirliklərin rəhbərləri alır. Əmək haqqının həcminə görə, birinci yerdə Rusiyanın maliyyə naziri Anton Siluanov qərarlaşıb. Onun aylıq maaşı 30 min dollara yaxındır. İlk üçlükdə həmçinin iqtisadi inkişaf və enerji nazirləri yer alıb. Onların əməkhaqqısı müvafiq olaraq 22 min dollar və 20 min dollar təşkil edir.
Məlumdur ki, Azərbaycanda baş nazirin aylıq məvacibi 2230 manatdır. Hökumətin tərkibində yer alan digər nazirlərin, komitə və fond sədrlərinin aylıq maaşı isə 1750 manat təşkil edir. Göründüyü kimi bizim nazirlərin rəsmi illik məvacibi belə rus nazirlərin aylıq əməkhaqqından azdır. Görəsən, Rusiyanın iqtisadi strukturlarına rəhbərlik edən nazirlərin maaşının bu səviyyədə olması nə ilə bağlıdır? Həmin qurumlarda əmək haqqı nəyə əsasən müəyyən edilir?
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Altay” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, məmurların əməkhaqqısı hər dövlətin öz imkanları və yanaşma tərzi, həmçinin, həmin ölkədə mal və xidmətlərin, yəni yaşayış xərclərinin həcmi ilə müəyyənləşir:
"Əvvəla, Rusiya nəhəng fövqəl dövlətdir, onun və digər iri dövlətlərin nazirləri də buna müvafiq əməkhaqqı alırlar. Necə ki, bizdə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərinin maaşı kiçik bir şəhərin rəhbərinin əməkhaqqından çoxdur. Burada işin miqyası, çətinliyi də mühüm roy oynayır, dövlətin imkanları və nüfuzu da. İkincisi, hər dövlətin öz kriteriyaları, büdcədən maliyyələşən işçilərin maaşları arasında fərqlərə yanaşması var. Azərbaycanda bu fərqin çox olmaması prinsipi götürülür və bu da doğrudur.
Çünki bir məmurun digər məmurdan maaş fərqi ancaq 3-5 dəfə çox ola bilər, 20-30 dəfə ola bilməz. Üçüncüsü, bizdə bir çox mal və xidmətlərin qiyməti başqa ölkələrdən dəfələrlə ucuzdur və dollarla ölçülmür. Misal üçün, Rusiyada 1000 dollar Amerikadakı 1000 dollardan dəfələrlə üstündür. Çünki Rusiyada yaşayış üçün lazım olan xərclər Amerikadan dəfələrlə aşağı, sosial müdafiə isə daha genişdir. Elə bizdə də qiymətlər başqa ölkələrlə müqayisədə dəfələrlə ucuzdur. Yəni pulun nominal dəyəri əsas deyil, real dəyəri əsasdır. 1000 manata Azərbaycanda rahat yaşaya bilərsən, amma Böyük Britaniyada acından ölərsən. Göründüyü kimi, konkret valyuta ilə, konkret məbləğlə müqayisə uğurlu deyil”.
Mövzunu "Şərq”ə şərh edən iqtisadçı-ekspert Qadir İbrahimli isə bildirib ki, böyük ehtimal Rusiyanın maliyyə və iqtisadi qurumlarında korrupsiya hallarının qarşısını almaq üçün nazirlərə bu qədər yüksək maaş təyin edilib:
"Hesab edilir ki, strukturun başında duran şəxsin və onun müavinlərinin əmək haqları yüksək olarsa, rəhbərlik heç kimdən rüşvət almaz. Adətən belədir ki, maaş az olan yerlərdə korrupsiya halları çox olur. Azərbaycanda isə nazirlərin maaşları differensial qaydada yox, vahid sistemlə hesablanır. Bizdə konkret nazir və ya nazir statusuna bərabər şəxslər var ki, onlar da ştat cədvəli üzrə əməkhaqqı alırlar”.
İsmayıl