“Neft hələ uzun zaman 45-50 dollar civarında qalacaq”

Natiq Cəfərli: “Reallıq o qədər də ürəkaçan deyil”



OPEK ölkələri səkkiz il sonra ilk dəfə istehsalın azaldılması barədə tarixi qərara imza atıb. Ötən gün Vyanada əldə olunan razılaşma neftin qiymətinin sürətlə artmasına səbəb olub.

Razılığa əsasən, OPEK ölkələri hasilatı sutkalıq 1,2 milyon barel azaldacaq. Bununla da sutkalıq
neft hasilatı 32,5 milyon barelə qədər enəcək. Məlum qərardan sonra Azərbaycanın xam neftinin
qiyməti də 7 faizə qədər artıb. Beləliklə, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 51,64
dollara bərabər olub. 

OPEK-in qərarına və neft qiymətinin artmasına münasibət bildirən iqtisadçı- ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında qərarın gözlənilən olduğunu deyib. Ekspertə görə, əgər
OPEK hasilatın azaldılması qərarını verməsəydi, birlik tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə
qalacaqdı. Ona görə də belə bir qərarın çıxma ehtimalı yüksək idi: "
OPEK-in qərarı bazarlara sadəcə psixoloji təsir göstərib. Müşahidə olunan artım bu təsirlə bağlıdır. Bir müddət sonra reallıq üzə  çıxacaq. Reallıq o qədər də ürəkaçan deyil. Duman çəkiləndən sonra neftin qiymətində yenidən stabilləşmə müşahidə olunacaq. Düşünürəm ki, hələ uzun zaman 45-50 dollar civarında qalacaq.

Çünki ortaya çıxan rəqəmlər üzərində ciddi manipulyasiya edilib. OPEK üzvlərindən olanİndoneziyanın qurumdan çıxması avtomatik olaraq hasilatı azaltmalı idi. Məlum toplantıda
İndoneziya görüşü tərk etdi. Deməli, onun kvotası hardasa 700 min barellik azalmalı idi, amma
mövcud azalma 500 min barel şəklində açıqlanır. İkinci önəmli məsələ isə kvotalara nəzarət
mexanizminin olmamasıdır. Bazarlarda artıq suallar meydana çıxıb ki, kvotalara kim və necə
nəzarət edəcək? Üçüncü məsələ isə odur ki, Nigeriya və Liviya bu qərara ümumiyyətlə imza atmadı.
İran isə sonradan qoşulacağını bəyan etdi. Liviya ilə Nigeriya dövlətləri hasilatı əlavə olaraq bir
milyon barel artırmağı düşünür. Deməli, azalan hasilatı Liviya və Nigeriya artırma ilə kompensasiya
edəcək. İran isə 4.6 milyon barel həddən sonra bu anlaşmaya qoşulmağı düşünür”.

İsmayıl