"...neftin qiyməti fantastik həddə yüksəlir"

"Neftin qiymətində müşahidə olunan dəyişkənlik "qırmızı xəbər”lərin artıb-azalması ilə bağlıdır”.
Bunu "Sherg.az”a Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban söyləyib. 
Onun sözlərinə görə, münaqişə, hərbi müdaxilə, siyasi, hərbi toqquşmalar barədə məlumatlar neft bazarına təsir edir:
" "Qırmızı xəbər”lər azaldıqda, neftin qiyməti ucuzlaşır. Adətən özündə konflikt əks etdirən xəbərlər axşam saatlarında yayılır. Tutaq ki, gecə hər hansı bir dövlətin hərbi bazarlarına zərbələr endirildi. Bu barədə, xəbər yayılan kimi neftin qiymətində oynama başlayır. Əgər hər hansı hərbi münaqişənin başlandığı anons edilirsə, bir anda neftin qiyməti fantastik həddə yüksəlir. Son bir neçə gün ərzində "qırmızı xəbər”lər az olduğuna görə, neftin qiyməti stabil saxlandı”.
Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,55 dollar və ya 0,77 faiz artaraq, 71,69 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,57 dollar ya 0,74 faiz artaraq, 77,78 dollar təşkil edib.
Aysel Aslan