Nəsirovun üzərində cinayət işi var, onun prezident seçilməsi real deyil





Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən Azərbaycanın Goranboy rayonundan olan Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.

Ukrayna MSK-nın mətbuat xidmətinin məlumatına görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb. Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu Ukraynada keçirilən prezident seçkilərində Roman Nəsirovun bir faiz belə şansı olmadığını deyib. Onun sözlərinə görə, korrupsiya ittihamı ilə üz-üzə olan R.Nəsirovun üzərində məhkəmə işi var. "Dövlət əmlakını talamaq” maddəsi ilə həbs olundu və sonradan o, girov müqabilində ev dustağı edildi: 

"70 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxsin prezident seçilməsini real hesab etmirəm. Əslində o özü də şansının sıfıra bərabər olduğunu yaxşı bilir. O, prezident olmaq üçün namizəd olmayıb. Onun bu addımı özünümüdafiə xarakteri daşıyır. Həm də onun soyadı azərbaycanlı ola bilər, bu o demək deyil ki, Azərbaycan vətəndaşları ona dəstək olmalıdır. Millətindən asılı olmayaraq qanunu pozan hər bir şəxs qanun qarşısında məsuliyyət daşımalıdır”.

Şəymən