NLP həyatı doğru şəkildə qavramanın və istədiyimiz dünyanı yaratmanın yoludur - Babək Bayramov

"Bəzən görürsünüz ki, bir milyonerin övladı müflis ola bilir, əksinə, bir kasıb insanın övladı isə milyonlar qazanır"-Messi kimi qol vurmaq istəyirsinizsə, sinir sisteminiz Messinin sinir sistemi kimi işləməlidir. Bununla da beyniniz istər-istəməz güclü bir vəziyyətə keçə bilir
Bildiyimiz kimi, hər bir insanın özünə aid şəxsi fikirləri, davranış normaları, mövqeyi, hissləri və inancları var. Neyro Linqvistik Proqramlaşdırma bütün bunlardan istifadə edərək insanın məqsədinə çatmasına kömək edən bir vasitədir. Yeni yaranan bu sahənin Azərbaycanda tanınmış mütəxəssislərindən olan Babək Bayramov NLP haqqında Sherg.az-a danışıb.
- Babək müəllim, NLP nədir?
- NLP - Neyro Linqvistik Proqramlaşdırma düşünmə, dil və davranış vaxtını araşdıraraq, məqsədə çatmaqda onların necə istifadə olunacağını öyrədir. NLP həyatı doğru şəkildə qavramanın və istədiyimiz dünyanı yaratmanın yoludur. Amerikada yaranıb. Bu sahənin yaradıcıları qarşılarına bir sual qoyublar: Bir halda ki, insanların potensialları eynidir, eyni həcmdə beyinə malikdirlər, təxminən bərabər resurslara məxsusdurlar, necə olur, bəzi insanlar həyatda istəklərinə nail ola bilirlər, uğur qazanırlar, xoşbəxt olur, nəticələrinə tez qovuşa bilirlər, digərləri isə eyni şeyi eləyə bilmirlər? Amma bəzən görürsünüz ki, bir milyonerin övladı müflis ola bilir, əksinə, bir kasıb insanın övladı isə milyonlar qazanır. Bunun səbəblərini araşdıranda ortaya davranış, düşüncə strategiyaları çıxdı. Müəyyən oldu ki, bəzi insanlar müəyyən şeyləri ardıcıllıqla edərlərsə, yaxşı nəticələr əldə edə bilirlər. Və bu nəticələri başqa insanların da əldə etməsi üçün o addımları həmin ardıcıllıqla atmalıdırlar. Bir sözlə, Messi kimi qol vurmaq istəyirsinizsə, sinir sisteminiz Messinin sinir sistemi kimi işləməlidir. Bununla da beyniniz istər-istəməz güclü bir vəziyyətə keçə bilir. Qocalmış bir pianoçu düşünün, oturub burda sizinlə söhbət edərsə, əldən düşmüş vəziyyətdə danışacaq, səsi güclə çıxacaq. Amma pianonun arxasında onu görsəniz, "əjdahaya çevrilir”. Deməli, ifa edərkən onun sinir sistemi başqa cür işləyir. Onun sinir sistemi hansı şəkildə işləyirsə, biz onu çıxarırıq. Buna modelləmə deyilir. Yəni onun sinir sistemini modelləyərək başqa insanlara köçürürük, həmin nəticəni də başqaları da ala bilir. Bunu "uğur modelləməsi” də adlandırmaq olar”.
- NLP-nin tətbiqi ilə bağlı təcrübənizdə misallar varmı?
- Hər zaman biz bunu edirik. NLP-ni bəzi insanlar terapiya, bəziləri isə psixoterapiya prosesi adlandırırlar. Amma bunun tiblə əlaqəsi yoxdur. NLP bir növ öyrənmə, təlim prosesidir. Əgər bir insan müəyyən şeyi edə bilmirsə, şüurlu deyil, şüuraltı səviyyədə bunu öyrənməlidir. Çünki davranışlarımızın 92 faizdən çoxunu şüuraltı səviyyədə gerçəkləşdiririk. Bir məqam da ortaya çıxır ki, məsələn, Cek London da yaza bilirdi, Çingiz Abdullayev də yaza bilirdi. Kimlərsə daha yaxşı yaza bilir, kimlərsə yaxşı yazmaya bilir. Buna isə ustalıq deyirik. Bir nəfər mənim yanıma gəlib deyir ki, mən auditoriyada çıxış edə bilmirəm. Çıxış edə bilməyən o adamın sinir sistemi zəifləyəcək şəkildə işləməyə başlayır. Biz güclü natiq olan bir şəxsi nümunə götürürük. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Bu adam necə kütlə önündə çox yaxşı çıxış edə bilir? Ərdoğanla işləmədiyimizə görə onun sinir sisteminin necə işlədiyini bilmirik, sadəcə davranış qəliblərini götürürük. O modeli götürüb, çıxış edə bilməyən insana tətbiq edirsən, adam çıxır əjdaha kimi çıxış edir. Belə təcrübələri dəfələrlə etmişik.
- NLP-ni başqa hansı situasiyalarda tətbiq etmək olar?
- Bu modeli sadəcə uğur modelləməsində yox, neqativ zəiflədici inancların aradan qaldırılmasında da istifadə edirik. Məsələn, məhdudlaşdırıcı inanclar (ümidsizlik, yetərsizlik və layiq bilməmək) var ki, bunların aradan qaldırılması, qorxuların, fobiyaların çox sürətlə, bəzən bir neçə dəqiqənin içərisində müalicəsi, neqativ xatirələrin silinməsi, iç danışığını zəiflədəcək düşüncələrin silinməsi çox tez, effektiv və qalıcı şəkildə mümkündür. Və biz bunları gerçəkləşdiririk.
Eyni zamanda, bu, biznes sahəsində də istifadə olunur. Bugünkü biznes iki il bundan qabaqkı biznes mühiti deyil, dünya iqtisadiyyatı həmin iqtisadiyyat deyil, geosiyasi anlamda çox şeylər
dəyişdi. Bu, istər-istəməz iqtisadiyyata - dövlətlərin və şirkətlərin iqtisadiyyatlarına müəyyən səviyyədə tam təsir edib. Bu zaman artıq nə baş verir? İş dünyası əvvəlki qaydalarla işləyə bilməz, yeni qaydalara, strategiyalara ehtiyac var. O zaman yeni strategiyaları ya yaratmaq, ya da hazır modelləri tətbiq etmək lazımdır. Yəni loru dildə desək, uğur, nəticə istəyirsənsə, ora gedən yolu tapmalısan. Yol yoxdursa, o yolu yaradacaqsan və bunun üçün də özünü hər gün uğura kökləyəcəksən.
- Qorxunun aradan qaldırılmasından danışdınız. NLP bu hissi insanın daxilindən necə silir?
- Qorxu həqiqət deyil, sadəcə illüziyadır. Əgər bu, həqiqət olsa idi, bütün insanlar eyni şeylərdən qorxardılar. Məsələn, bir nəfər 20 insanın qabağında çıxıb bütün suallara cavab verə biləcək fiziki gücə malikdir. Amma pişik fobiyası var. Pişik görəndə əl-ayaq titrəyir, rəng qaçır, tər basır, qızarır, həyəcan keçirir, bədəndə müxtəlif simptomlar əmələ gəlir. Bu adam şüurlu olaraq pişiyin onu yeməyəcəyini bilir, amma şüuraltı onu görən kimi bədən dərhal reaksiya verir. Təsəvvür edin, bir abituriyent imtahana hazırlaşır. Evdə olanda hər şey qaydasındadır, imtahan salonuna girən kimi bədən başlayır onu zəiflədəcək qaydada işləməyə, bildikləri də yadından çıxır. Zəiflədici vəziyyətə düşdüyü üçün artıq istədiyi performansı göstərə bilmir. Uğur üçün sizin bir strategiyaya ehtiyacınız var, eyni zamanda uğursuzluq üçün də strategiya olur. Zəifləmək də bir bacarıqdır, güclənmək kimi.
  Babək Bayramov: -Hörümçəkdən qorxursuzmu, Aysel xanım?
 Aysel Aslan: -Xeyr.
  B.B: -Bəs, hörümçək fobiyası olan adamları gördükdə nə düşünürsünüz?
A.A: -Sadəcə onların balaca bir həşəratdan qorxması mənə gülməli gəlir.
B.B: -Amma onlar üçün bu dəhşətli bir şeydir. İndi siz hörümçək görəndə onlar kimi qorxub, özünüzü zəif vəziyyətə sala bilərsinizmi? Sala bilməzsiniz, amma onlar bu vəziyyətə düşə bilirlər.
 A.A: - Doğrudur, mən də qurbağa gördükdə pis vəziyyətə düşürəm, amma qurbağanı əlinə götürməyə cəsarəti olan adamlar var...
B.B:  -Bəli. Onlar istəsələr də sizin kimi qurbağadan qorxa bilməz. Cəsarətli olmaq bir bacarıq olduğu kimi qorxmaq özü də bir bacarıqdır. Əslində bunların baş verməsi insanın proseslərə verdiyi reaksiyadır, çünki davranışı yaradan şey mühitdir.
Düşmənlərimiz bizdən kənarda deyil, içimizdədir. Buna düşüncə virusları, fikir terrorçuları da deyə bilərik. Onları tam aradan qaldırmaq mümkündür, çünki bu bir xəritədir. Bizim beynimizdə həqiqətlər deyil, sadəcə həqiqətin xəritəsi var. Məsələn, indi məndən müsahibə götürürsünüz, buradan çıxanda bir adama bu barədə danışanda elə biləcəksiniz ki, bu müsahibədə baş verənlər haqqında danışırsınız. Amma əslində bu müsahibənin beyninizdə xəritəsini çəkirsiniz, ona danışanda xəritəyə əsasən danışırsınız. Yəni siz sadəcə həqiqətin xəritəsini yaradırsınız, reaksiyanı xəritəyə əsasən verirsiniz. Bunu kəşf edəndən sonra aləm dəyişir, hər şeyin sadəcə xəritə olduğunu bilirik. Əgər bir yerdə özümüzü zəiflədəcək vəziyyətə düşürüksə, deməli, o yerdə bizi zəiflədəcək bir zehni xəritəmiz var. Biz o zehni xəritəni alırıq, onun əvəzinə isə gücləndirici bir xəritə yerləşdiririk. O zaman siz güclü bir vəziyyətə keçirsiniz. Möcüzə bir anın içində baş verə bilir.
- Bəzən insanlar deyir, kaş bir metod ola, beynimi format edəm, xüsusilə pis şeyləri siləm. NLP bizə bunu da vəd edirmi?
- İnsanlar daha çox beyinə artıq informasiyaların yüklənməsindən şikayət edir. Amma bütün dünyanın elmini beynimizə yükləmək olmaz, bu, beyin həcminin heç 10 faizini belə tutmaz. İnsanın beyninin bütün informasiyanı almaq, saxlamaq, qorumaq, kodlaşdırmaq funksiyası var və potensialı da olduqca böyükdür. Burada sadəcə bir məqam var. Yaddaşda saxlamaq və saxlamamaq dedikdə insan beyni adətən içində olduğu mühitə reaksiya verir. Biz mövcud olduğumuz mühitə, məkana reaksiyalar veririk. Biz birinci, ətrafdakı təhlükələri görürük, ikinci fürsətləri görürük, üçüncü mühit bizə neytral gəlir. Beyin reaksiyanı bu cür verir: təhlükədirsə, ya döyüş, ya qaç, ya da təhlükəni aradan qaldır. Əgər fürsətdirsə, onu əldə etməyə çalış, yox, neytraldırsa, maraqlanma. Yaddaşda isə bunları kodlaşdırırıq. Yadınızda olan hadisələrə baxın, hamısı ya sizə yaxşı təsir edən hadisələr olub, ya da pis təsir edənlər. Neytral hadisələri silirsiniz, yadda qalmır. Beyində sadəcə insana emosional anlamda təsir edən şeylər qalır.
Yaddaşı silməyə gəldikdə isə yaddaşını tamamilə silmək həmin insanın yox olması deməkdir. Müəyyən şeyləri silmək istəyir əslində, amma təmiz deyil. Həmin insanın həyatında xoş şeylər də olub, onları niyə silsin ki? Sadəcə xoş olmayan iki-üç dənə şey var, ona dərin, emosional, ağır təsir edən məqamlar olub. Onları aradan qaldırmaq isə, iki vur ikidir. Rahatlıqla beş-üç dəqiqənin içərisində mümkündür.
- Necə?
- Bunun texniki tərəflərini sadəcə bu işlə məşğul olan şəxslər anlaya bilər.
- Empati qurmaqdan danışaq. Bunu özümüzə necə aşılaya bilərik?
- Hər bir insanda empati qurmaq bacarığı var. İstənilən halda bir insan sizlə oturub, ciddi şəkildə danışanda birdən-birə gülümsəyirsə, siz də gülümsəyirsiniz. Buna ahəng deyirik. Ahəng empati yolu ilə mümkündür. Yəni qarşı tərəfin nə hiss etdiyini təxmin etməkdir. Diqqət edin, təxmin etmək deyirəm, hiss eləmək demirəm. Bu mümkün deyil.
Bəzən insanlarda bu olur: edimmi-etməyimmi, belə etsəm nə olar, belə etməsəm nə olar? Bu, insanı məhv edən haldır. Əgər bütün səslər birləşib, "mən bunu edəcəm” deyirsə, o insan həmin vəziyyətə doğru yön alır. O zaman insanın bədəni, səs tonu, davranışları dəyişir. Siz onun bədənindən oxuya bilərsiz. İnsanların nə dediklərini boş verin, bədən dilinə fikir verin. İnsanların bədəni, jestləri, mimikaları dilindən daha çox əsl həqiqəti deyir.
- Uğur əldə etmək üçün insanlar nəyə diqqət etməlidir?
- Uğurun 4 prinsipi var: birinci, nə istədiyini bilməlisən, ikinci, bir şeylər etməlisən bu istiqamətdə, üçüncü, fərqində və ayıq olmalısan və ona yaxınlaşıram yoxsa, uzaqlaşıram, dördüncü, davranışlarında elastik olmalısan, əgər o yol uğur gətirmədisə, başqa bir şey eləməlisən. Əgər bu prinsiplərə əməl edirsənsə, o zaman uğurlu olmağın mümkündür. Bütün dünyada uğurlu insanları araşdırsanız, bu 4 prinsipə əməl eləmiş insanlardır.
- Hədəfə çatmaqda vaxtımızı necə düzgün bölə bilərik?
- Vaxt və zaman çox önəmli resuslarımızdandır. Təbii ki, biz zamanı planlaşdırmaqdan ötrü əlimizdən gələni edirik, nəyə görə? Hədəflər lazımdırsa, bu hədəfləri harda gerçəkləşdirəcəyik? Həyatımızda. Həyat nədir? Elə vaxtın özüdür. Yəni əgər həyat yolumuzda hədəfləri doğru düzməsək, haçan, nəyi, nə cür edəcəyimizi bilməsək, doğru strategiyamız olmaz. Strategiyanın içərisində zaman amili böyük bir faktordur. Olduğunuz yerlə olmaq istədiyiniz yer arasındakı fərq resuslardır. Bu resusların əksəriyyəti insanın içində var. Resuslar iki cürdür: daxili və xarici resuslar. Daxili resuslarınız sizin bacarıqlarınız, yazı qabiliyyətiniz, danışıq tərziniz, gözəlliyiniz, dil bilikləriniz, savadınız və s. ola bilər. Maliyyə imkanlarınız, "daydayınız”, maşınınız və s. isə xarici resuslardır. Xarici resuslar daxili resuslar hesabına başa gəlir.
İnsan özü üçün həyat qayəsinin nə olduğunu bilməlidir. Bəzilərimiz gücə, bəzilərimiz sevgiyə, bəzilərimiz isə uğura doğru gedirik. Bəzən bunları fərq etmirik. Bir insanın hərəkəti bizim üçün çox mənasız bir hərəkət kimi görünsə belə, onun üçün o hərəkət çox mənalı hərəkətdir və həmin anda ən yaxşı hərəkət odur. Ona görə də insanları mühakimə etmədən, danlamadan, tənqid etməmişdən öncə onların o davranışlarının altındakı niyyəti ortaya çıxarmaq lazımdır. Bir ata uşağına şillə vurur, uşaq hirslənir ki, atam məni sevmir. Amma ata nə fikirləşir, nə niyyətlə edib? Uşağın tərbiyəsi üçün, pozitiv bir niyyət ola bilər altında. Burda uşaq davranışı görür, niyyəti görsə, o cür düşünməzdi. İşin sirri davranışı niyyətdən ayırmağı bacarmaqdır.
- Peşmançılıq duyğusu insana necə təsir edir?
- Bu, neqativ duyğudur, bütün neqativ duyğular dəyişim siqnallarıdır. Peşmanlıq özünə xas bir pozitiv niyyət gizlədir. Peşmanlıq insanı öyrədir, insan o duyğunu keçirdərək öyrənir. Qorxu isə insanı qoruyur. Bütün neqativ duyğuların altında mütləq pozitiv niyyət var. Bir müdrikdən soruşurlar ki, necə olur ki, sən belə zəngin ola bildin? Deyir doğru qərarlar verdim. Doğru qərarları nə ilə verdin, deyildikdə isə təcrübələrlə cavabını verir. Sonda isə "təcrübələri səhvlərlə qazandım” deyə əlavə edir.
Bəzən insanlar müəyyən şeylərin arxasınca gedir. 2-3 dəfə alınmadıqda "pes edib”, ruhdan düşür. Lakin bu, doğru yol deyil. "Yox”lara qarşı dəyanəti ancaq yoxlarla üzləşərək qazana bilərsiz, heç bir zaman ayağınıza daş dəyməsə, hər yerdə üzünüzə xalılar açılsa, hər yerdə istədikləriniz yağ kimi getsə, o zaman çox zəif bir insan olarsınız. İnsan çətinliklərin içərisində güclənir.
- İnsanlardakı arxayınlıq duyğusu, "sonra edərəm” vərdişlərini necə aradan qaldırmaq olar?
- Arxayınlıq adətən, rahatlıq duyğusu ilə müşahidə olunur. İnsanlar davranış qəliblərinə görə iki cür olur: bir məsələni böyüdənlər və kiçildənlər. Böyüdənlər pozitivi və neqativi böyüdənlər olmaqla iki cür xarakterdə olurlar. Pozitivi böyüdənlər, məsələn, axşam harda idin sualına belə cavab verir: "Bir tədbir var idi, dostumla getmişdim, vur-çatlasın, çal-oynasın, yemək-içmək hər şey var idi. Araşdırsan, sadəcə çay içib, gəliblər. Bir də var, neqativi böyüdən insanlar. Məsələn, filan məsələ nə oldu? - Soruşma başımıza gələnləri... Belə insanlar qarışqadan fil düzəldənlərdir. Pozitivi böyüdənlər uğur bölgəsində olan insanlardır, onlara bir fikir desən, böyüdüb uğura çevirə bilirlər. Neqativi böyüdənlər isə panik bölgədə olan insanlardır. Onlar təhlükələri gözlərində hədsiz böyüdəcəklər.
Hadisələri kiçildənlər də iki cür olur - pozitivi və neqativi kiçildənlər. Neqativi kiçildənlər rahat insanlardır. Məsələn, əlin yaralanmışdı? - balaca cızıq idi, nə yara. Pozitivi kiçildənlər isə artıq depressiv insanlardır. Onlar öz resuslarını və hədəflərini çox kiçildirlər. Ona bir şad xəbər verin ki, dövlət qərar çıxarıb, "ipoteka ilə 25 illik evlər veriləcək, özü də ilkin ödənişsiz”. Cavab verəcək ki, əşi, nə olsun, bir dənə də evimiz olacaq. Arxayın insanlar adətən neqativi kiçildən insanlardır. İnsanlar bir-birini anlaya, davranış qəliblərini görə bilmədikləri üçün sıxıntıya düşürlər.
Bizim işimiz davranış və insan mühəndisliyidir.
- Babək müəllim, bütün bunların yekununda nə deyə bilərsiniz?
- Hər kəsə nikbin olmağı, özünü güclü hiss etməyi, hədəflərini, nə istədiyini bilməyi, imkanlarını müəyyənləşdirməsini arzulayıram. Və daha güclü hiss edərək, həyatına doğru inamla getməyi diləyirəm. Zatən, biz özümüz öz gerçəkliyimizi yaradırıq, biz hamımız eyni gəminin sərnişinləriyik. Bu gəminin adı Azərbaycandır. Biz nə qədər güclü olsaq, dövlətimiz o qədər güclü olar. Dövlətimiz güclü olsa, biz də o qədər yaxşı yaşayarıq və birlik olarıq. Onun üçün kənar təsirlərə çox aldanmayaq, öz rəhbərimizin ətrafında cəmləşək və bütöv olaq. Bir-birimizə sevgi verək, sevgi alaq.
Söhbətləşdi: Aysel Aslan