Növbəti ilin dövlət büdcəsi 40 dollardan hesablanacaq

Ekspertlər Natiq Əliyevin açıqlamasını real hesab edirlər



Növbəti ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır. Bu barədə energetika naziri Natiq Əliyev bildirib. Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır:

"Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir”. Açıqlamanı şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirli "Şərq”ə bildirib ki, görünür, nazir bu ilin təcrübəsində neftin 40-50 dollar arasında olacağını nəzərə alaraq belə fikir yürüdüb: "Beynəlxalq Energetika Agentliyinin 2025-ci ilə qədər proqnozları var: "Həmin proqnozlarda göstərilir ki, il ərzində neftin qiyməti bir daha 50 dollardan yuxarı olmayacaq. Azərbaycan hökuməti də beynəlxalq proqnozlara baxır və bu qiymətləri elan edir. Bu baxımdan, N.Əliyevin yanaşmasını normal hesab edirəm. Proqnozlar, əsasən əvvəlki ilin orta nəticəsinə görə, qəbul olunur. Adətən, yeni ilin göstəriciləri neftin ortalama illik qiymətindən 10 dollar aşağı götürülür. Hazırda ilin təqribən 9 ayından artığı keçib. Orta göstərici də 50 dollara yaxın olduğuna görə, gələn il neftin 1 barelinin baza qiymətini 40 dollardan götürülməsini məqbul hesab edirəm”.

Ayyət Əhməd