O qədər şəhid övladı var ki...

Bir valideynlə böyüyən uşaqlar da xoşbəxt ola bilər
Əgər ailədə şiddət varsa, elə uşaqların tək ananın qayğısı ilə böyüməsi daha yaxşıdır


Dünən "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dünya statistikasına əsaslanaraq bildirib ki, son 10 ildə bir valideynlə yaşayan uşaqların sayı 2 dəfə artıb.

Professorun sözlərinə görə, Azərbaycanda da belə uşaqların sayı artır. Əksər hallarda boşanmış ailələrdə uşaqlar əsasən ana ilə yaşayırlar. Yalnız bir valideynlə böyüyən uşaqların həm fiziki, həm də psixoloji sağlamlığında olan problemlər iki valideynlə böyüyən uşaqlara nisbətən daha çoxdur: "Bu xəstəliklər psixi sağlamlıq, çəki azlığı, qida çatışmazlığı və s.dir. 

Bunun da əsas səbəbi odur ki, bir valideyn olan ailələrdə uşaqlara lazımi diqqət göstərilmir. Ona görə də ailələrin dağılması uşaqların bilavasitə pozulmasına təsir edən faktordur. Gələcəkdə belə uşaqların xəstələnmə halları həddindən artıq çox olur”.

Psixoloq Fərqanə Mehmanqızı isə məsələyə bir qədər fərqli yanaşır. O, «Şərq»ə açıqlamasında bildirib ki, burada məqsəd ailələrin dağılmasının qarşısını almaq, valideynləri maarifləndirmək ola bilər. Amma məsələnin bir də başqa tərəfi var: 

«Ailədə mehribançılıq, hörmət olanda uşaqlar sevgi, qayğı ilə böyüyür. İstəyir ailə bir yerdə olsun, istər valideynlərdən birinin himayəsində böyüsün. Əgər ailədə şiddət varsa, o uşaq onsuz da travma alır. Belə olduğu halda onun elə tək ananın qayğısı ilə böyüməsi daha yaxşıdır. Məncə, bu məsələyə bir az həssas yanaşmaq lazımdır. 

Belə fikirlər valideyndə vicdan əzabı, uşaqda travma yarada bilər. O qədər şəhid övladı, atasını və ya anasını itirmiş, valideynindən biri başqa ölkədə və cəza evində olan uşaqlar var. Bu cür vəziyyətlərdə onların sağlamlığında, xarakterində, formalaşmasında hər hansı bir qüsur axtarmaq düzgün deyil».

Psixoloq uşağın psixologiyasının qorunması üçün bir yerdə yaşamaq mümkün deyilsə, mədəni şəkildə boşanmağın tərəfdarıdır: 

«Şiddət və stresli şəkildə bir yerdə yaşamaqdansa, sivil qaydada ayrılıb normal şəkildə övladının tərbiyəsi ilə məşğul olmaq mümkündü. Valideynlər ayrı-ayrı yaşasalar da, övladlarının formalaşmasında ortaq mövqe tuta bilərlər. Əgər uşaq istədiyi vaxt atasını və ya anasını görürsə, bunun uşağın sağlamlığına heç bir təsiri ola bilməz. 

Uşağın xarakteri, şəxsiyyəti ona olan münasibətdən və ətrafdakı insanların biri-birinə münasibətindən formalaşır. Bir ailədə aqressiya yoxdursa, mehribançılıq, qayğı, sevgi varsa, təbii ki, bu formalaşma müsbət olacaq. Bu cür yanaşma ilə onları cəmiyyətdən ayırmaq, təcrid etmək lazım deyil. 

Çünki valideynindən biri ilə yaşayan uşaq da qidalanır, geyinir, tələbatları ödənir, hər iki valideyni ilə birgə yaşayanın da. Bəzi hallarda məsələyə şablon yanaşılır, amma əslində daha geniş baxmaq lazımdır. Dünya statistikasına nəzər salsaq görərik ki, son zamanlar boşanmaların sayı daha çoxdur. Ancaq bu onu deməyə əsas vermir ki, həmin uşaqların hamısı xəstə və ya psixoloji travmalıdır».

İlahə