- Tehran və Moskva həmişəki kimi bu gün də Cənubi Qafqazda sinxron hərəkət edir
Tehran Ermənistanın Baş naziri Nikol Paşinyana “Tramp yolu”nun (TRIPP) tikintisi ilə bağlı gözlənilmədən yeni və sərt şərtlər irəli sürüb.
Ermənistan mediasının məlumatına görə, İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. Ehtimal edilir ki, burada Rusiya Silahlı Qüvvələri nəzərdə tutulur. Məlumata görə, Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır. Əks halda, getdikcə kəskinləşən münaqişə şəraitində İran tərəfi ABŞ hərbçilərini legitim hədəf hesab edə bilər.
Mövzunu şərh edən siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a açıqlamasında bildirib ki, molla rejiminin Ermənistanın baş naziri Nikol Paşinyana “Tramp yolu”nun (TRIPP) tikintisi ilə bağlı sərt şərtlər irəli sürməsi həm İranın bölgədə özbaşınalığının, hegemonluğunun göstəricisidir, həm də ABŞ-ın bölgəyə gəlişindən, onun amerikalıların burada hərbi varlığından qorxduğunun əlamətidir.
Siyasi ekspertin fikrincə, bu hegemonluq və qorxu molla rejiminin sözügedən tələbindən də açıq görünür: “İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. "Torbada pişik var" məşhur məsəlimiz, bax, bu yerdə lap yerinə düşür. İran “Ermənistan ərazisində yerləşən üçüncü ölkə" dedikdə hansı ölkəni nəzərdə tutur? Əlbəttə ki, burada məhz Rusiyanın silahlı qüvvələri nəzərdə tutulur. Bu, Rusiyanın rolunu məqsədli şəkildə qabartmaq istəyidir. BU, Tehranla Moskvanın öncədən razılaşdırılmış birgə oyunudur. Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır”.
B.Mirzəyev hesab edir ki, Tehran bu yanaşma ilə “bir güllə ilə iki dovşan vurmağa” çalışır:
“İran həm ABŞ hərbçilərinin öz sərhədlərinə yaxın ərazilərdə yerləşməsinin qarşısını almaq, həm də Ermənistan üçün strateji əhəmiyyət daşıyan TRIPP layihəsinin reallaşmasını mümkün qədər çətinləşdirmək niyyətindədir. İran Cənubi Qafqazın nəqliyyat və təhlükəsizlik arxitekturasında söz sahibi olmaq istəyir. TRIPP kimi layihələr isə Tehranın regiondakı təsir imkanlarını azalda bilər. Buna görə də İran prosesi ləngitmək və layihənin təhlükəsizlik mexanizmlərinə təsir göstərmək üçün müxtəlif şərtlər irəli sürür .İranın bu planı Rusiyaya da sərf edir. Ermənistanı cəzalandırmaq istəyən Rusiya İranın bu təzyiq və tələbini göydəndüşmə hesab edir. Bir sözlə, Tehran və Moskva həmişəki kimi bu gün də Cənubi Qafqazda sinxron hərəkət edir. Çünki Moskva ilə Tehranın Cənubi Qafqazda maraqları böyük ölçüdə üst-üstə düşür. Ancaq xoşbəxtlikdən, bu "cütlük" bölgəyə əvvəlki təsir imkanlarını artıq çoxdan itirib. Belə sərt reaksiyalar və tələblər adətən o zaman ortaya çıxır ki, o tələbləri irəli sürən tərəflər öz əvvəlki dominant mövqelərinin zəiflədiyini hiss edir. Deməli, Tehran və Moskva artıq regionda əvvəlki qədər sərbəst hərəkət edə bilmədiklərinin fərqindədirlər”.
Siyasi ekspertin fikrincə, Ermənistanın bu təzyiqlərdən çıxmasının yolu müxtəlif güc mərkəzləri ilə balanslı əməkdaşlıq qurmaqdan keçir: “Paşinyanı Moskva və Tehranın məngənəsindən çıxara biləcək əsas amillərdən biri Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafıdır. Bununla yanaşı, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi də Ermənistanın manevr imkanlarını artırır. İrəvan üçün əsas məsələ regional nəqliyyat layihələrinin qarşısını alan xarici təzyiqləri neytrallaşdırmaq və öz maraqlarına uyğun balanslı siyasət yürütməkdir”.