O vətəndaşlara lotoreya uduşları ödəniləcək ki, onun 18 yaşı olsun

Ancaq iqtisadçı-ekspert bu yaş həddinin 17-yə endirilməsini daha məqbul hesab edir





Dünən Milli Məclisin toplantısında "Lotoreyalar haqqında" qanuna dəyişikliklər I oxunuşda müzakirə olunub. Dəyişikliyə əsasən qanuna "Elektron lotoreya” anlayışı əlavə olunub.
Elektron lotoreya-lotoreyanın keçirilmə formasından asılı olmayaraq, lotoreya təşkilatçısının lotoreya biletlərinin yayılmasını və lotoreya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsi ilə həyata keçirdiyi lotoreyadır.
Həmçinin dəyişikliklə, lotoreya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib.
Belə ki, lotoreya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotoreyada iştirak edən, lotoreya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir.
Digər dəyişikliyə əsasən, lotoreyanın şərtlərində
dəyişiklik edilməsi üçün lotoreya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir.
Lotoreyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.
Lotoreyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotoreya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun əsasən lotoreyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.

Dəyişikliklərlə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, burada söhbət lotoreya uduşlarının ödənilməsindən gedir: "O vətəndaşlara lotoreya uduşları ödəniləcək ki, onun 18 yaşı olsun. Məncə, 18 yaş daha yuxarı yaşdı, aşağı yaşın müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Çünki gənc lotoreya alıb və uduş əldə edibsə, onun minimum 18 yaşı müəyyənləşdirilməsi deyil, ən azı orta məktəbi bitirdikdən sonra, məsələn, 17 yaş daha məqbul hesab edilə bilər. Orta məktəbi bitirdikdən sonra hər kəs hüquqi şəxsdir və özünün həm iqtisadi, həm də sosial problemlərini həll etmək imkanına malikdir. Bu baxımdan da ona lotoreya uduşları vasitəsilə həmin problemi həll etməyə, uduşdan əldə etdiyi vəsaiti sərbəst xərcləməyə imkan verilməlidir".
İqtisadçı hesab edir ki, satış səyyar şəkildə həyata keçirildiyi üçün bu məsələyə nəzarət edilməsi faktiki olaraq mümkün deyil: "Çünki məsələn, 16 yaşı olan bir şəxs lotoreya alıb udubsa, həmin uduşu valideyninin adına rəsmiləşdirə bilər. Valideyni gedib həmin uduşu ala bilər. Ona görə də, birbaşa nəzarət mexanizmləri çətindir".

İlahə Əhmədqızı