Öcalan yenə sərsəmlədi

O görür ki, türk ordusu PKK-nın axırına çıxır



Ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalan Türkiyə hökumətinə yeni mesaj göndərib. Qardaşı ilə görüşən terrorçubaşı əvvəlki "sülh prosesini” kürdlərin bitirmədiyini iddia edib. O, altı ay ərzində problemi həll edə biləcəyini deyib:

"Bu, kor bir savaşdır, artıq qanlar, göz yaşları dayansın”. Xatırladaq ki, minlərlə günahsız insanın qanına bais olan terrorçu Abdulla Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir. Qurban bayramı ilə əlaqədar ona qardaşı ilə görüşməyə icazə verilib. Terrorçu liderin sərsəm ifadələrini şərh edən politoloq Qabil Hüseynli deyib ki, PKK rəhbəri vaxtında daha ağır şəkildə cəzalanmalı idi. Ekspertə görə, vəziyyəti həddindən artıq yaxşı olan Öcalan havayı yeyib-içməkdən harınlayıb, indi də camaata ağıl öyrədir: "Üzünü, saqqalını qırxırlar, çimizdirirlər, yedirib-içirdirlər. Əvvəl ayı kimi, qorxaraq dağda, mağarada yaşayırdı, indi həbsxanada bəy kimi ömür sürür. İstədiyi vaxt qohumları ilə görüşərək onlar vasitəsi ilə mesaj göndərir. Yalandan iddia edir ki, guya PKK yox, hökumət "sülh prosesini” pozub. Əlbəttə, bu, uydurmadır. AKP hökuməti "kürd açılımı” sayəsində xeyli güzəştlər etdi. Hətta kürd vəkillərin parlamentə girməsinə belə şərait yaratdı. Amma PKK və onların siyasi qanadı olan HDP görülən işləri görməzdən gəldi və heç bir anlaşmaya riayət etmədi. Abdulla Öcalan tülküdür. Görür ki, türk ordusu PKK-nın axırına çıxır. Ona görə də bunun qarşısını almağa çalışır. Ancaq heç kim terrorçunun sözünə etimad etmir. Heç öz adamları belə onu dinləmirlər. AKP hökuməti də dəfələrlə bəyan edib ki, PKK-nın axırına çıxana qədər əməliyyatlar dayanmayacaq. Terrorçu qruplaşmalarla hansısa danışıq aparmaq yolverilməzdir. Bu, Türkiyə dövlətinə yaraşmaz”.

İsmayıl