Olland prezidentləri görüşdürmək istəyir

Akif Nağı: “Təşəbbüslərin kökündə Qarabağın ədalətli həlli dayanmır”



Fransa Prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyir. Ollandın Sarkisyana göndərdiyi məktubda Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sabit həllinə sadiq olduğu bəyan edilib:

"Həlli fövqəladə dərəcədə uzanan bu münaqişədə irəliləyişə nail olmaq üçün Parisdə görüş keçirməyə hazırıq”. Ollandla yanaşı, Almaniya hökuməti də Sarkisyana "köməyə hazırıq” mesajı verib. Almaniya Prezidenti Yoahim Qauk düşmən ölkə rəhbərliyinə göndərdiyi məktubda bildirib ki, münaqişənin həlli Ermənistan üçün çox vacibdir: "ATƏT-ə sədrlik edən ölkə kimi problemin tezliklə və sülh yolu ilə həllinə kömək etmək niyyətindəyik”. Münaqişənin həlli ilə bağlı təşəbbüslərə münasibət bildirən Qarabağ Azadlıq Hərəkatının rəhbəri Akif Nağı "Şərq”ə açıqlamasında deyib ki, indiyə qədər çoxlu görüşlər təklif edilsə də, proseslərin nəticəsi sıfıra bərabər olub: "Ayrı-ayrı dövlətlərin təşəbbüsləri münaqişənin həllinə xidmət etmir. Əslində Qərb ölkələrinin, o cümlədən Rusiyanın məqsədi Dağlıq Qarabağ münaqişəsini həll etmək deyil. Təşəbbüslərin kökündə Qarabağın ədalətli həlli dayanmır. Həmsədrlər bir-biri ilə təşəbbüs yarışına giriblər. Bir ölkə qabağa düşən kimi dərhal digər həmsədr dövlət səsini yüksəldir”. QAT sədri bildirib ki, son dövrlərdə Rusiyanın fəallaşması digər vasitəçiləri qıcıqlandırıb: "Ona görə də görüş təşəbbüsü ilə çıxış edirlər. Təbii ki, onların özləri də yaxşı bilirlər ki, təmasların heç bir nəticəsi olmayacaq. Konkret Fransa iki dəfə prezidentləri Parisdə görüşdürüb. Nəticəsi olubmu? Yox. Nəticəsiz görüşlər isə birbaşa Ermənistana sərf edir və status-kvonu saxlayır”.

İsmayıl