Ötənlərdə Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu yol baş verən qəzaların çoxluğundan «ölüm yolu» adlanır artıq. Ölümlə nəticələnən yol-nəqliyyat qəzalarının əksəriyyəti məhz bu yolun «payı»na düşür. Məlum deyil ki, qəzalara səbəb sürət həddidir, yoxsa yol-hərəkəti qaydalarının kobud pozulması. Bəlli olan budur ki, Bakı-Qazax avtomagistralında gah iri tonnajlı maşınlarla minik avtomobilləri, gah da sərnişin daşımada iştirak edən mikroavtobuslarla minik, yaxud da yük maşınları toqquşur.
Növbəti hadisə zamanı da Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) "Ford” markalı mikroavtobusla "Toyota Prado” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib.
Nəqliyyat məsələləri üzrə ekspert, «Digesta» hüquq firmasının rəhbəri Ərşad Hüseynov qeyd etdi ki, qəzaların baş verməsi bir deyil, bir neçə səbəbə bağlıdır:
- İlk növbədə, məhz «Yol hərəkəti qaydaları»na riayət edilməməsi faciələrə səbəb olur. Yol qəzaları əksər hallarda sürücülərin yol-hərəkəti qaydalarını kobudcasına pozmaları, sürət həddini ehtiyac, zərurət olmadan aşmaq, yol nişanlarına məhəl qoymamaq nəticəsində baş verir.
Mikroavtobusların, yük maşınlarının minik avtomobillərinin hərəkətinə maneçilik törətməsi amili də var. Dəfələrlə bildirilib ki, yük avtomobilləri yolun sağ hərəkət zolağı ilə hərəkət etməlidir.
Ümumiyyətlə, yolun sol hərəkət zolağı sürətli hərəkət edən avtomobillər üçündür. Yük avtomobilləri, ağır tonnajlı maşınlar, qaldırıcı kranlı avtmobillər yolun sağ zolağı ilə hərəkət etməlidir.
Çox zaman avtomobillərin hərəkət zolaqlarını düzgün seçməməsi sürücülərin narazılığına səbəb olur, hətta yollarda tıxaclar da yaradır. Yük avtomobilləri, sərnişin avtobusları üçün xüsusi zolaqların ayrılması isə artıq mümkün deyil.
Yol infrasturukturu artıq yenidən qurulub, təkrar xüsusi zolaqlar dövrünə qayıtmaq düzgün olmaz. Sadəcə, avtomobil idarə edən hər bir kəs yol hərəkəti qaydalarını bilməlidir və bu qaydalara riayət etməlidir. Sürücünün diqqəti yolda olmalıdır, gərəksiz yerə sürət həddini aşmamalıdır.
Ekspert sərnişindaşımada istifadə olunan mikroavtobuslar məsələsinə də toxundu:
- Yadınızdadır, 2017-ci ilin martında Sumqayıt yolunda dəhşətli qəza baş verdi, səhər-səhər dərsə gedən tələbələr həyatlarını itirdi. Həmin qəza da mikroavtobusun iştirakı ilə törənmişdi.
Bu cür mikroavtobusların çoxu istifadə müddəti bitmiş, yararsız halda olanlardır. Amma hələ də onlardan istifadə edilir. Bəlkə də o mikroavtobusların əyləc sistemi normal işləmir. Sürücünün manevr etmək, avtomobil vasitəsini gərəkən anda saxlatmaq imkanı belə yoxdur. Sürət alıb gedirlər, qarşıya bir maneə çıxdıqda isə sürəti azalda bilmir və qəza törədirlər.
Bu cür mikroavtobuslara həmişə tutumdan çox sərnişin alınır.
Texniki cəhətdən də nasaz vəziyyətdə olurlar. Həm də sürücülər gecə saatlarında yuxusuz qaldıqlarından yuxulu vəziyyətdə olur və hərəkət zamanı düzgün qərar vermək iqtidarında olmurlar.
Bir çox yollarda infrastrukturun yenilənməsinə, yol nişanlarının yenilənməsi və qoyulmasına ehtiyac var. Yol-hərəkəti qaydalarını bilməyən, məsuliyyətsiz sürücülər sükan arxasına keçir və neçə-neçə ailəni bədbəxt edirlər.
Məlahət