Ombudsmanı başa düşmək lazımdır

Çoxlu müraciətlər var, ona görə regionlarda pulsuz hüquq məsləhətxanalarının təşkili mümkündür



Azərbaycan Respublikasının İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı çox danışıldığını, amma heç bir irəliləyiş olmadığını bildirib: "Belə olsa məhbuslar üçün də yaxşı olar. Məsələn, aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”.

Ombudsman bir sıra təkliflərlə də çıxış edib: "Şəhid ailələrinə verilən sığortaların ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmçinin, regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır. Bu həm insanların öz hüquqlarını müdafiə etmək, həm də bəzi məmurların özbaşınalığının qarşısını almaq üçün dəyərli olardı”.
Maraqlıdır, indiki şəraitdə regionlarda ödənişsiz hüquq məsləhətxanalarının yaradılması mümkündür?
Verilən təkliflə bağlı "Şərq”ə açıqlama verən Əliməmməd Nuriyev bildirib ki, ölkəmizdə təşviqat və təbliğatla, maarifçiliklə Ədliyyə Nazirliyinin Regional İdarələri məşğul olur. Onlar vətəndaşlara hüquqi xidmət göstərirlər: 

"Əlbəttə, bununla bağlı insan resursları azdır. Eyni zamanda Vətəndaş Cəmiyyəti qurumları da çoxsaylı hüquqi yardım həyata keçirirlər. Hazırda maliyyə imkanlarının məhdudlaşdığı şəraitdə yerlərdə əhalinin hüquqi ehtiyaclarını pulsuz ödəmək üçün işlər daha da genişləndirilməlidir. Yaxşı olardı ki, "Pulsuz hüquqi yardım haqqında” qanun qəbul edilərdi. Bu, ehtiyacların daha ciddi qiymətləndirilməsinə gətirəcək. Amma hazırkı şəraitdə nə qədər ki, "Pulsuz hüquqi yardım haqqında” qanun qəbul edilməyib, fikrimcə, yerlərdə də hüquqi yardım təşkil etməklə bağlı bölmələr açıla bilər. Hüquq təhsili almış şəxslərin hüquqi məsləhətlər verməsi vasitəsilə bu prosesi yerinə yetirmək olar. Son günlər qanunvericiliyə dəyişiklik edildi və bu dəyişiklik nəticəsində nümayəndəlik institutu məhdudlaşdırıldı və onlar tərəfindən də hüquqi yardım göstərilməyəcək. Hesab edirəm ki, bu da "Pulsuz hüquqi yardım haqqında” qanunun qəbul edilməsinə şərait yaradacaq”.

Ə.Nuriyev həmçinin bildirib ki, Azərbaycanda hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ var. Onun sözlərinə görə, büdcədə imkanlar varsa, regionlarda pulsuz hüquq məsləhətxanalarının təşkilini həyata keçirmək mümkündür: 

"Eyni zamanda ombudsman da başadüşüləndir, çünki o, insan hüquqları və azadlıqları ilə bağlı müvəkkildir, ona tez-tez belə müraciətlər olunur. Bu baxımdan da onun belə bir təkliflə çıxış etməsi normaldır. Ən vacib olan məsələlərdən biri də informasiya azadlığı haqqında qanunun tətbiqi prosesini sürətləndirmək üçün informasiya ombudsmanına əlavə resursların verilməsidir. Nə qədər ki, səlahiyyət ombudsmana verilib, bu istiqamətdə maliyyə imkanlarını genişləndirmək lazımdır. Çünki faktiki olaraq informasiya azadlığında bir çox normaların icrasında problem yaranır. 

Ombudsman Aparatında bunun maliyyə təminatı olmadığından bu məsələ yarımçıq qalıb. Baxmayaraq ki, hökumətin təşviqatla bağlı milli fəaliyyət planında bu istiqamətdə birbaşa göstərişlər var. Ona görə də bu istiqamətdə maliyyə planının, büdcənin artırılmasına ehtiyac var. Çünki qanunun icrası təmin olunmur”.

Yeganə Bayramova