Onların hüquqları hər gün qorunmalıdır

Bəzi ekspertlər hesab edir ki, media uşaqların problemlərini lazımınca işıqlandırmır



Bu gün bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Dövlət səviyyəsində uşaq hüquqlarının qorunması istiqamətində ciddi işlər görülür. Azərbaycan uşaqların maraqlarının qorunması ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürüb. BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşuq. Qanunvericilik təkmilləşdirilir. Dövlət orqanları ilə yanaşı qeyri-dövlət qurumları da bu məsələdə səfərbər olublar. Qanunvericilik bazası formalaşıb, "uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.

Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Ancaq bəzi ekspertlər hesab edir ki, son zamanlar mətbuat uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Bu baxımdan ekspertlər mətbuatda uşaq problemlərinin işıqlandırılmasına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır.

Onlar hesab edir ki, uşaqların hüquqlarından yalnız hansısa əlamətdar günlərdə və ya layihələrin təqdimatı zamanı danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Biz də bu sahədə hansısa çatışmazlıqlar olub-olmadığını araşdırmaq üçün bir sıra media nümayəndələri ilə əlaqə yaradaraq uşaqlarla bağlı problemlərin mediada işıqlandırılmasının hansı səviyyədə olduğunu araşdırmağa çalışdıq.

Qeyd edək ki, uşaqlarla bağlı belə durumlarda medianın necə davranmalı olmasını tövsiyə edən yetərli qədər etik qaydalar formalaşıb. Ancaq uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar uşaqlar xəbərin bir parçasına çevrildikləri olaylarda ortaya çıxır. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, xəsarət yetirmə, öldürmə və başqa durumlarda zərərçəkmiş, təqsirli və ya başqa qismdə cəlb olunan azyaşlıları topluma necə təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər. Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən onların kimliyi, görüntüləri efirə verilir.

Sosioloq-jurnalist Lalə Mehralının sözlərinə görə, əksər vaxtlarda mətbuat uşaqları müdafiə etməkdən daha çox onlara zərər verir, hüquqlarını tapdayır: "Xüsusən də, yetkinlik yaşına çatmayan uşaqlar haqqında material işləyəndə, habelə cinsi zorakılığa məruz qalmış, intihar etmiş uşaqlar barədə məqalə dərc edəndə, uşaqların şəklini yayımlayırlar. Bu yolverilməzdir, yayımlasa belə, üzü görünməməlidir. Bu qaydanı pozanlar cərimə və yayım cəzası alsa, bir də təkrarlamaz. Mətbuat kimsəsizlərin, çarəsizlərin silahıdır, zərərsiz, qansız, amma kəsərli söz silahı. Uşaqlar bu siyahıda birincidir, onların müdafiəyə daha çox ehtiyacı var, istismara məruz qalan, döyülən, söyülən, zorakılıq görən uşaqları çox vaxt mətbuat aşkarlayır, lazımi orqanlara xəbər verir. Təxminən 3-4 il əvvəl sosial şəbəkələrdə üz-gözü yaralı, göyərmiş halda olan 3-4 yaşlı qız uşağının şəkli yayımlanırdı. O şəkli yayımlayanların əksəriyyəti də mətbuat işçiləri idi. Uşaq valideynləri tərəfindən fiziki zorakılığa məruz qalmışdı, üstəlik, bu vəziyyəti mətbuat aşkar etmişdi, amma uşağın üzünü qəzetlərdə, saytlarda yayımlamışdılar, bu, doğru deyildi”.

Lalə xanım hesab edir ki, intihara cəhd etmiş, ehtiyatsızlıqdan kiçik qardaşını odlu silahla öldürmüş azyaşlıların şəklini yayımlamaq da düzgün deyil: "Bu günlərdə sosial şəbəkədə də buna iradımı yazdım, həmkarlarıma etiraz etdim. Bilirsiniz, təxminən 1 ay əvvəl küçədən çılpaq qız uşağı tapılmışdı 5 yaşında, sosial şəbəkədə, sonra saytlarda şəklini yayımladılar, anasının onu atdığını yazdılar, üzünü bütün ölkəyə göstərdilər. İki gün əvvəl məlum oldu ki, uşaqda QİÇS tapılıb, onu dünyaya gətirən qadın sevgilisinin uşağa dəfələrlə təcavüz etməsinə imkan yaradıb. Bu uşağın üzünü təzədən gizlədib yayımladılar, nə xeyri oldu ki? Onsuz da o körpəni hamı tanıyır, ucuz reklam, şou yaradan həmkarlarımın sayəsində hamı üzünü xatırlayır. Uşağa şərti ad qoyublar üstəlik. Üzünü göstərdiniz, amma şərti ad qoyanda guya peşəkar oldunuz? Adını gizləməklə nə olur ki? Hamı o 5 yaşlı qızın halına yandı, onu küçəyə atana söydü, amma heç kim şəklini üzüaçıq formada yayanlara etiraz etmədi. Bunu özünü peşəkar adlandıran jurnalistlər də etdi, saytlar da. O körpənin böyüməyi, gələcəyi, gənc qız olmağı da var, bu mərət internetdə o şəkillər qarşısına da çıxacaq, onu tanıyanlar da olacaq. Siz ucuz şou yaradanda o qızın gələcəyini düşünmürsünüz, xeyriniz dəymir, heç olmasa, ziyan da vurmayın. Mətbuat onları qorumalıdır, şərəf və ləyaqətinə, gələcəyinə kölgə salmamalıdır. Bir körpə haqqında xəbər yazanda, material işləyəndə onun yerinə öz övladınızı düşünün və qərar verin, sizin övladınızın şəklini o qaydada yayımlasalar, bu sizi incitməzmi? Empatiya hissi çox lazımlı və gözəl üstünlükdür, jurnalistlər empatiya yaratsın o uşaqlarla aralarında, ajiotaj, sensasiya xətrinə bir məsumum üzərindən İP, oxunma sayı qazanmasınlar”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə jurnalistlərə qarşı bu cür ittihamların səsləndirilməsinin birinci dəfə olmadığını deyib: "Güc strukturlarının rəhbərləri də iddia edirlər ki, bəzi hallarda jurnalistlər dövlət sirrini yayırlar. Sual yaranır: dövlət sirrini qorumalı olan qurumlar niyə öz vəzifələrinin öhdəsindən layiqincə gəlmirlər? Jurnalist dövlət sirrini niyə bilməlidir?

Yaxud sənət adamları iddia edirlər ki, jurnalistlər onların şəxsi həyatına müdaxilə edir. Əgər sən şəxsi həyatını ictimailəşdirirsənsə, jurnalist buna göz yummalıdır?

Jurnalistin vəzifəsi xəbər toplamaq və dəqiqləşdirəndən sonra onu yaymaqdır. Jurnalisti çərçivəyə salmaq, hansısa mövzunu toxunulmaz elan etmək ifadə azadlığı anlayışı ilə bir çərçivəyə sığmır. Amma söhbət uşaqlardan gedirsə, burda daha diqqətli olmaq vacibdir. Yetkinlik yaşına çatmayanlarla bağlı xəbərlərin yayılmasına dair müvafiq qaydalar mövcuddur. Bu qaydalara hər bir jurnalist əməl etməlidir. Əgər söhbət qətldən, cinsi təcavüzdən, digər ağır cinayətlərdən gedirsə, uşağın ad-soyadını, şəklini yaymaq qadağandır. Sensasiya yaratmaq naminə hansısa azyaşlının ad-soyadını yazmağa, onun gələcəyini məhv etməyə heç bir jurnalistin haqqı yoxdur. Onu da deyim ki, ciddi KİV-lərin əməkdaşları, peşəkar jurnalistlər bu qaydalara əməl edirlər. Əslində, uşaq hüquqlarını ən çox pozan elə həmin ekspertlərdir. Mən dəfələrlə sosial problemlərin müzakirə edildiyi verilişlərin qonağı olmuşam. Özlərini uşaq hüquqlarının müdafiəçisi kimi təqdim edən şəxslərin həmin verilişlərdə uşaqlardan alət kimi istifadə etdiklərinin canlı şahidi olmuşam. Şəxsi məqsədlər üçün uşaqlardan alət kimi istifadə etmək vicdansızlıqdır. Bu cür hallara ayrı-ayrı qurumlar və şəxslər deyil, cəmiyyət özü ən sərt formada etiraz etməlidir”.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə hesab edir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur.

Bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə, açıq-aşkar efirdə göstərilir və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımi işlər görülməlidir: "Əslində uşaq problemləri çox geniş anlayışdır və bunu konkretləşdirmək lazımdır. Amma məsələyə ümumi yanaşsaq, deyə bilərəm ki, uşaqlar sözün həqiqi mənasında xüsusi statusa malik zümrədir. Uşaqlar bizim gələcəyimiz olduğu üçün hər zaman böyük diqqət və qayğı ilə əhatə olunmalıdır. Uşaqlarla bağlı olan məsələlər bütün dünyada hökumət qarşısında prioritet məsələ kimi qoyulur. Uşaqlar cəmiyyətin xüsusi zümrəsi olduğundan onlar üçün ayrıca konvensiyalar da qəbul olunub. Amma təəssüflə vurğulamalıyam ki, bir sıra hallarda Azərbaycanda uşaqlarla bağlı qəbul olunmuş beynəlxalq standartlara əməl olunmur. Bizim media Uşaq Konvensiyasından irəli gələn tələblərə riayət etmir, həmçinin uşaqlar üçün izləməsi qadağan olan proqramların, yazıların yayımlanmasına da diqqət yönəldilmir”.

Y.Məmmədlinin sözlərinə görə, uşaqlarla bağlı problemlərin həllinə, onların hüquqlarının qorunması prosesində media ilə cəmiyyət birlikdə çalışmalıdır: "Cəmiyyət, məktəb, ictimai təşkilatlar, aidiyyəti qurumlar tərəfindən uşaqların hüquqlarının qorunması ilə bağlı xüsusi layihələr həyata keçirilməli və media da öz missiyasından çıxış edərək həmin tədbirləri işıqlandırmalıdır. Amma bütövlükdə götürdükdə deməzdim ki, uşaqlar mətbuatın diqqətindən kənarda qalıb. Amma bu sahədə müəyyən boşluqların olduğunu da inkar etmirəm. Bu bir reallıqdır”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sözügedən mövzunun diqqətdən kənarda qaldığını deyib: "Zənnimcə, uşaq problemlərinə mətbuatda kifayət qədər yer ayrılmır. Bunun səbəbi odur ki, təhsil müəssisələri ilə KİV arasındakı əlaqələr o qədər də ürəkaçan deyil. Digər tərəfdən uşaq nəşrlərinin faktiki olaraq sayı azdır. Mənim qənaətimcə, əslində yoxdur. Onlar bu sahəyə daha çox diqqət yetirməlidirlər. Ümumiyyətlə, nəinki uşaq problemləri ilə, digər problemlərlə də bağlı mətbuatda analitik yazılar arzuolunan səviyyədə deyil. Bunun birinci səbəbi mətbuatın durumu ilə bağlıdır. Çünki mətbu orqanların bu problemlə məşğul olması üçün vəsait lazımdır. Həmçinin, həmin o problemlərin yaşandığı dairələrlə əlaqələr bir o qədər də yüksək səviyyədə deyil. Bunlar nəticədə uşaq problemlərinin mətbuat orqanlarında az işıqlandırılmasına zəmin yaradır. Ancaq mövcud imkanlar çərçivəsində uşaq problemlərini qabartmaq olar. Və buna diqqət yetirilməlidir”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb