Onların raketi Bakıya çatana qədər İrəvan yerlə-yeksan olacaq

Ermənistan bütün hərbi texnikasını Qarabağa yığıb, oradan Bakını hədəf alsa belə heç nəyə nail ola bilməyəcək
Çünki Naxçıvandan İrəvanı vurmağın daha asan olacağını da yaxşı bilirlər


Cəhbədə vəziyyət gərgin olaraq qalıb. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub. Qeyd edək ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi aprel döyüşlərinə hazırlıq kimi dəyərləndirilir. Ehtimallara görə, ötən il Azərbaycan ordusuna məğlub olan erməni əsgərləri qisas almaq və itirdiyi əraziləri geri qaytarmaq üçün hücum planı hazırlayır və Azərbaycanı təxribata çəkir.

Ermənistanda aprelin 2-nə təyin olunmuş parlament seçkiləri yaxınlaşdıqca və hakim rejim öz mövqelərinin ciddi laxladığını getdikcə daha aydın hiss etdikdə Qarabağ məsələsində misli görünməmiş hərbi ritorika nümayiş etdirir. Təsadüfi deyil ki, Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə Dağlıq Qarabağda təlim keçirən erməni hərbi birləşmələri qarşısında çıxışı zamanı "ali baş komandan kimi gözünü belə qırpmadan” Azərbaycana qarşı "İskəndər” operativ-taktiki raketlərindən istifadəyə əmr verəcəyini bildirib.

Bu günlərdə isə hətta Ermənistan Azərbaycanı "İskəndər” raketləri ilə hədələməkdən bir qədər də uzağa gedərək bu raketləri döyüş mövqeyinə çıxarmağa qərar veriblər. Virtualaz.org xəbər verir ki, bu gün martın 30-da "Yerkir Media” erməni kanalı "İskəndər” operativ-taktiki raketlərinin iştirakı ilə keçirilən təlimlərdən anons yayıb. Anonsa əsasən "İskəndər” raketlərini daşıyan iki mobil platforma ya Ermənistan, ya da ola bilsin elə Qarabağdakı hərbi poliqonlarından birinə hərəkət edir, hərbçilər raketi döyüş hazırlığı vəziyyətinə gətirirlər. Bu kadrların Azərbaycanın işğal altındakı ərazilərində çəkilib-çəkilmədiyini dəqiqləşdirmək mümkün deyil, ancaq ola bilsin ki, "İskəndər”lər elə Qarabağa gətirilib. Çünki hazırda erməni işğalçı qüvvələrinin işğal altındakı Ağdam ərazilərində təlimlər keçirdiyi bildirilir.

Britaniyanın "Chatam House” mərkəzinin saytında da qeyd olunub ki, Qarabağda ötən ilin aprelində qəfil alovlanan hərbi əməliyyatlardan bir il keçdiyi bir vaxtda situasiya daha da təhlükəli xarakter alıb. Analitik Lourens Broersin yazdığına görə, aprel döyüşlərindən sonra keçən bir il Qarabağ münaqişəsinin nizamlanması prosesinin dalana dirəndiyini və "dayanıqlı şəkildə” bu vəziyyətdə qaldığını sübut edib. Beynəlxalq ictimaiyyət ya yeni və daha genişmiqyaslı müharibənin nə zaman başlayacağını gözləməlidir, ya da diplomatik şok terapiyasını seçməlidir:
"Prezidentlərin Vyana görüşündən sonra irəliləyiş əldə edilmədi, təmas xətti boyu insidentlər intensiv şəkildə davam edir, sülh prosesi dayanıb və vəziyyət təhlükəli boşluqdan asılı qalıb”. Müəllifə görə, indiki vəziyyət bir il əvvələ nisbətən daha təhlükəlidir. Məqalədə deyilir ki, əgər ATƏT öz məsuliyyət zonasındakı ikinci ən iri və ən təhlükəli münaqişəni görməyə hazır deyilsə, təcili olaraq sülh strategiyası formalaşdırmaq üçün güclü beynəlxalq səylərə ehtiyac var.

Mart-aprel aylarında cəbhə xəttində vəziyyətin gərginləşməsinin gözlənilən olduğunu vurğulayan hərbi ekspert Azad İsazadə "Şərq”ə açıqlamasında atışmaların daha da kəskin xarakter almasının gözlənilən olduğunu deyib. Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı "İsgəndər” raketləri ilə hədələməsi və ardınca bu raketlərin döyüş mövqeyinə çıxarılması ilə bağlı qərar verilməsinə gəldikdə isə ekspert bunun sadəcə "əzələ nümayişi” olduğunu deyib: 

"Sarkisyan bilir ki, Azərbaycan ordusu "İskəndər” raketlərini elə havadaca zərərsizləşdirmək potensialına sahibdir. Eyni zamanda adekvat cavab imkanlarımız da kifayət qədərdir. Əgər Ermənistan bütün hərbi texnikasını Qarabağa yığıb, oradan Bakını hədəf alsa belə heç nəyə nail ola bilməyəcək. Çünki Naxçıvandan İrəvanı vurmağın daha asan olacağını da yaxşı bilirlər. Onların raketi Bakıya çatana qədər İrəvan yerlə-yeksan olacaq. Sarkisyanın bu riski gözə alıb "İskəndər”dən istifadə etməsi inandırıcı deyil. Əslində heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın bu addımı atmasına imkan verməz”.

A.İsazadənin sözlərinə görə, cəbhə xəttində gərginlik yaradan düşmən Azərbaycan ordusunun zəif nöqtələrini ayırd etmək üçün bu cür əməliyyatlara əl atır. 

Yəni gərginliyin bir səbəbi də kəşfiyyat xarakteri daşıyır. Təbii ki, ordumuz cavab tədbirləri ilə düşmənə göstərir ki, istənilən istiqamətdə mövqelərimiz güclüdür. Hərbiçilərimiz öz yerlərində möhkəm dayanırlar və vəziyyəti nəzarət altında saxlayırlar. O baxımdan belə hadisələrin bir neçə dəfə təkrar olması gözləniləndir. Biz hər zaman buna hazır olmalıyıq: "Onu da deyim ki, yaz aylarında dağlarda qar əriməyə başlayan kimi hər iki tərəf öz mövqeyini bərkitmək üçün sərfəli mövqe tutmağa çalışır. Sözsüz ki, bu zaman döyüşlər daha da gərginləşə bilər. Mart-aprel aylarında cəbhə bölgəsində vəziyyət hər il qaynar olur, amma ötən ilin aprel döyüşlərinin qisası ilə bağlı düşmənin vəziyyəti bir qədər də gərginləşdirməsi istisna deyil”.

Şəymən