Onsuz da Paşinyan baş nazir seçiləcək

Ermənistanda yaşanan hadisələr siyasi səhnədə olan qüvvələrlə razılaşdırılıb



Oktyabrın 24-də Ermənistanda baş nazir seçkisinin ilk səsvermə turu baş tutacaq. Məlumdur ki, baş nazir Nikol Paşinyan oktyabrın 16-da parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün istefa verib. Həmin gün Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefası ilə bağlı sərəncam imzalayıb. Məsələ ondadır ki, konstitusiyaya əsasən, parlamentin özünü buraxması və erkən seçkilərin baş tutması üçün Nikol Paşinyana müxalif qüvvələrin heç biri baş nazirliyə namizəd irəli sürməməli və ya irəli sürülən namizəd baş nazir seçilməməlidir. 

Yəni Paşinyanın planına əsasən, oktyabrın 24-də seçkinin ilk turu keçiriləcək, bir həftə sonra - oktyabrın 31-də isə eyni hal təkrarlanacaq. Seçki baş tutacağı təqdirdə ən tezi 30, ən geci 45 gün ərzində yeni parlament seçkiləri keçiriləcək. Bu da təxminən dekabrın ortalarına təsadüf edir. Elə baş nazir Paşinyan da məhz bu ssenari naminə postundan istefa verib. Hazırda baş nazir səlahiyyətlərini icra edən Paşinyan əsas siyasi qüvvələrlə namizəd irəli sürülməyəcəyi haqda ilkin anlaşma əldə edib. 

Təbii ki, baş nazir buna kütlənin təzyiqi altında nail olub. Lakin bu, şifahi anlaşmadır. Parlamentdəki çoxluq fərqindədir ki, Paşinyanın ssenarisi üzrə parlamentin buraxılmasına və erkən seçkilərə razılıq vermək "siyasi ölüm” hökmü çıxarmaq kimi bir şeydir. Çünki qarşıdakı seçkilərdə revanşist qüvvələrin indiki sayda deputat mandatları əldə edə bilməyəcəyi aydındır. Bu səbəbdən, bir sıra təhlilçilər Paşinyanın istefasının onun özü və komandası üçün müəyyən risklər daşıdığını və xoşagəlməz ssenarinin ola biləcəyini istisna etmirlər. 

Məsələn, erməni ekspert Mikael Zolyan alman nəşrinə verdiyi müsahibədə deyib ki, parlamentdə nisbi üstünlüyünü saxlayan respublikaçılar başqa bir şəxsi də baş nazir seçə bilərlər. Zolyana görə, köhnə hakimiyyətin parlamentdə formal demarşını cəmiyyət "çevriliş cəhdi” kimi qəbul edəcək. Bu da yeni kütləvi etirazlara və ölkədə situasiyanın qarışmasına gətirə bilər. İstənilən halda, belə bir ssenarini istisna etmək də olmaz. Çünki respublikaçı çoxluğun əksər üzvlərinin itirəcəyi heç nə qalmayıb. Onlar deputat mandatlarından məhrum olmaqla nəinki gələcək karyeralarını itirə, eyni zamanda, korrupsiya əməlləri ilə bağlı müttəhimlər kürsüsündə otura bilərlər. Məsələ ondadır ki, Paşinyan seçkilərdən sonra "iki stulda oturmaq” siyasətini "uğurla”davam edəcəyini düşünür. Ancaq ekspertlərin fikrincə, bu illüziyadır. Nə Rusiya, nə də Qərb uzun müddət bu hiyləgər taktikaya dözüm göstərməyəcək.

Düşmən ölkədəki siyasi gərginliyi "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, yaşanan hadisələr siyasi səhnədə olan qüvvələrlə razılaşdırılıb. Hətta, keçmiş hakim Respublikaçılar Partiyası da oktyabrın 24-də baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəyi vədini verib:

 "Konstitusiyaya əsasən, növbədənkənar seçkilər keçirmək üçün parlament buraxılmalıdır. Odur ki, siyasi qüvvələr formal olaraq baş nazir seçkisi elan edəcək. Bu da iki cəhddə baş tutmayacaq və parlamentin qanuni şəkildə buraxılması təmin ediləcək. Çünki başqa halda parlamenti buraxmaq perspektivdə qurulacaq yeni hökumətin legitimliyinə problem yarada bilər. Bütün tərəflər arasında razılıq əldə edildiyindən Nikol Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin küçələrdə etiraz aksiyası keçirmələrinə ehtiyac qalmayacaq. Hələ Paşinyan bir iş görməyib. 

O sadəcə olaraq, bəyantlar verməklə məşğuldur. Ermənistanda isə Serj Sarkisyandan sonra yeni sistem qurulmalıdır. Nəzərə almaq lazımdır ki, Paşinyanın hökumət başçısı olmasına qarant dövlətlər də bu prosesi dəstəkləyir. Ona görə də Nikol Paşinyan partiyasının dekabrda keçirəcəyi növbədənkənar parlament seçkilərində qalib gələcəyi ehtimalı böyükdür. Başqa sözlə, Nikol Paşinyan yenidən baş nazir olmaq üçün istefa verib”.

İsmayıl