Rusiya Ermənistanla hərbi ittifaqa girdi, hər an təxribat ola bilər
Ermənistanın və Rusiyanın müdafiə nazirləri Viqen Sərkisyanla Sergey Şoyqu iki ölkənin birləşmiş ordu qruplaşması haqda müqaviləni imzalayıb.
Sərkisyanın sözlərinə görə, qruplaşma Ermənistan ərazisində dislokasiya olunan Rusiyanın 102-ci
hərbi bazasına daxil olacaq və bu qruplaşmadan ehtiyac yaranacağı təqdirdə birgə vəzifələrin yerinə
yetirilməsi üçün istifadə olunacaq.
Rusiya ilə Ermənistan arasında imzalanan hərbi sazişi dəyərləndirən politoloq Cümşüd Nuriyev
"Şərq”ə açıqlamasında birgə ordu qruplaşmasının Azərbaycan üçün kifayət qədər təhlükəli məsələ olduğunu deyib. Onun sözlərinə görə, imperiya maraqlarını ortaya qoyan Rusiya bu sazişdən Azərbaycana qarşı təzqyiq vasitəsi kimi faydalanacaq: "
Hərbi müqavilənin şərtinə əsasən bu qruplaşmadan ehtiyac yaranacağı təqdirdə birgə vəzifələrin yerinə yetirilməsi üçün istifadə olunacaq. Rusiya Ermənistanla birgə ordu yaratmaqla həm Türkiyəyə qarşı "əzələ nümayiş” etdirib onu "Şanxay Beşliyi”nə üzv etmək istəyir. Azərbaycanı isə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına və Vahid Gömrük İttifaqına qoşulmağa çağırır”.
Rusiyanın bu addımının siyasi qısqanclıqdan başqa bir şey olmadığını vurğulayan politoloqun
sözlərinə görə, Kreml Azərbaycanla qərb arasındakı münasibətləri qısqandığı üçün bu cür manevrləredir.
Hesab edirəm ki, Azərbaycan bu sazişi gündəmdə saxlamalı və Milli Məclisin müvafiq
Komissiyası toplanaraq aidiyyəti qurumlara müraciət etməlidir. Bu günün sabahı da var. Rusiya
istənilən vaxt bizi bununla şantaj edə bilər. Vaxtı ilə Azərbaycan MDB -yə üzv olmadığı üçün
Xocalı faciəsi törədildi, Qarabağ əlimizdən getdi. Bu gün də bizim əlimizdə elə bir zəmanət yoxdur
ki, Rusiya Ermənistanın əli ilə Azərbaycana qarşı təxribat törətməyəcək”.
Azərbaycanın ayıq-sayıq olmasını vacib hesab edən C.Nuriyev deyib ki, Azərbaycan emosiyalara
qapılıb, hansısa bir addım atmamalıdır. Atalarımız boşuna deməyib ki, hirsli başda ağıl olmaz.
Çılğınlıqla atılan hər hansı bir addım sonradan başımızı ağrıda bilər:
"Biz qərbi və Rusiyanı özümüzdən uzaqlaşdırmamaq üçün orta yolu tapmalıyıq. Bu günə qədər yeritdiyimiz balanslaşdırılmış siyasət kifayət qədər uğurludur. Amma artıq beynəlxalq güclər bizi siyasi seçim qarşısında qoyublar. Bizim üçünsə hələ tezdir”.
Dağlıq Qarabağda müharibə başlasa belə, Rusiya ordusunun açıq şəkildə əməliyyatlara qatılmasının inandırıcı olmadığını vurğulayan politoloqun sözlərinə görə, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), nə də yeni hərbi sazişin şərtləri buna imkan verir: "Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq haqqında razılaşma olduğu üçün Rusiyanın əməliyyatlara birbaşa müdaxiləsini mümkün saymıram. Həm də ki, artıq Rusiya da Ermənistandan bezib. Ukraynada yaşananlardan sonra Rusiyanın dünyadakı nüfuzu zəifləyib. Minsk Qrupu üzvü olan Rusiyanın açıq şəkildə Ermənistana dəstək verməsi onun imicini tamamilə korlaya bilər. Onu da deyim ki, Qarabağ müharibəsi başlayacağı halda dünya Azərbaycanı dəstəkləyəcək. Ona görə də, biz Rusiyanın həmləsindən qorxub, onun şantajlarına boyun əyməməliyik”.
Şəymən