Ortada gördükləri iş yoxdur

Bələdiyyələrin də, bələdiyyə üzvlərinin də sayının azaldılmasına ciddi şəkildə ehtiyac var



Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib. Bələdiyyələrlə bağlı kifayət qədər qanun olduğunu vurğulayan Novruzov hesab edir ki, bunun təkmilləşməsinə ehtiyac var: "Hazırkı bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var”.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli də hesab edir ki, bələdiyyə üzvlərinin sayı əhalinin sayına uyğun olaraq müəyyənləşdirilməlidir: "Bələdiyyələrin də, bələdiyyə üzvlərinin də sayının azaldılmasına ciddi şəkildə ehtiyac var. Səmərəsiz fəaliyyət göstərən, işinin öhdəsindən gələ, layihələrin icrasını həyata keçirə bilməyən bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı kifayət qədərdir. Bələdiyyə üzvlərinin hər birinin ayrıca vəzifəsi olur. Amma bizdə bələdiyyə üzvlərinin sayı o qədər çoxdur ki, heç adambaşına düşən o qədər iş yoxdur. Azərbaycanda 1607 bələdiyyə, 15 mindən artıq bələdiyyə üzvü var. Hesab edirəm ki, onların sayının azaldılması görülən işin keyfiyyətinə və səmərəli fəaliyyətinə müsbət təsir göstərəcək”.

V.Tofiqlinin sözlərinə görə, bələdiyyənin fəaliyyətinin gücləndirilməsi və müəyyən standartlara cavab verməsi, ilk növbədə bələdiyyə qanunvericiliyi ilə bağlı qanunların icra mexanizminin düzgün şəkildə qurulmasından asılıdır: 

"Əhalinin sayına uyğun olaraq minimum 5, maksimum 19 bələdiyyə üzvünə kimi seçim olur. Ancaq bu rəqəmin 3-11 müəyyənləşdirilməsi daha məqsədəuyğun olar. Sayın azalması həm onların aktivliyinin, həm də məsuliyyət hissinin artmasına gətirib çıxaracaq. Bütün bunlarla yanaşı, bələdiyyələrin inkişafı və onların fəaliyyətinin daha səmərəli inkişafına nail olmaq üçün qarşılarında duran problemlərin aradan qaldırılmasına nail olmalıyıq. Əgər icra mexanizmləri düzgün şəkildə qurularsa və səlahiyyətlərin tam icrası ilə bağlı müəyyən addımlar atılarsa, bu struktur cəmiyyətdə öz sözünü demiş olar. İcra mexanizmində müəyyən boşluqlar var. Həmin boşluqlar müəyyən edilib aradan qalxarsa, daha məqsədəuyğun olar”.

Şəymən