OXUMURAM, ƏL ÇƏKİN !

Sahlar Əsgərov: " Uşaq rəssam olmaq istəyirsə, valideyn dirəşir ki, yox sən hüquqşünas olmalısan"
"Uşağın oxumaq istəməməyinin səbəbini ekspertlərin rəyində deyil, psixoloqların məsləhətlərində axtarmaq lazımdır”.
Bunu Sherg.az-a oxumaq istəmədiyinə görə valideynlərin onu zorla məktəbə göndərməsi səbəbindən evdən qaçan 11 yaşlı uşağın durumunu dəyərləndirərkən professor Şahlar Əsgərov deyib. 
O bildirib ki, valideynlər öz uşaqlarının arzularının qarşısına keçməməlidir:
"Uşağın arzularını öyrənmək lazımdır. Uşaq ayağını dirəyirsə ki, mən oxumaq istəmirəm, onda onunla söhbət edilməlidir, sual verilməlidir, kim olmaq istəyirsən? Bundan sonra valideynlər bir psixoloq-həkimin yanına getməlidir ki, uşağın dediyinə hörmətlə yanaşırıq, onu elmə, təhsilə istiqamətləndirmək üçün neynəmək lazımdır?
Bu hadisə mənə bir hekayəni xatırlatdı:
Moskvada yaşayan yəhudi ailəsinin 6-cı sinifdə oxuyan uşağı məktəbə getmək istəmədiyini deyir. Qış ayıdır, ata səhər tezdən durur ki, böyük hündürlükdə qar yağıb, bir kişi də əlində kürək yolun qarını təmizləyir. Ata uşağın yuxudan oyadıb, pəncərə qabağına gətirir.
Ata: O kişini görürsən, oğlum?
Oğul: Görürəm
Ata: Qoca kişi qarı bizim üçün təmizləyir ki, asan gedək-gələk. Sən oxumasan böyüyəndə onun kimi səhər tezdən oyanıb, qar təmizləyəcəksən.
Bu hekayənin ifadə etdiyi fikir ondan ibarətdir ki, uşağa təsir etməyin yollarını axtarıb, tapmaq lazımdır. Onu danlamağın, pis vəziyyətə salmağın, söz güləşdirməyin xeyri yoxdur. Mən həmin uşağı, onun məktəbini deyil, valideynini günahkar hesab edirəm. Valideyn öz uşağının arzusunu əngəlləməməlidir. Bir uşaq, məsələn, rəssam olmaq istəyirsə, valideyn dirəşir ki, yox sən hüquqşünas olmalısan. Belə şey olmaz. Ona görə, hər bir valideyn öz uşağını öyrənməlidir. Heç bir ata-ana öz övladını öyrənmək istəmir. Ona təsir etmək vasitələrini valideyn özü tapmalıdır, bacarmırsa, psixoloqun yanına aparmalıdır ki, o tapsın. Məktəbin, elmin, təhsilin vacib olduğunu uşağa başa salmaq lazımdır.
Universitetlərin birində tədbirdə tələbənin biri təyinatın olmamağından gileylənir. Müəllimlərdən biri isə mənim sözlərimi sitat gətirib: "yonulmuş daş yolda qalmaz”. Siz yaxşı bilik qazansanız həmin iş sahibləri sizi axtarıb tapacaq. Ona görə ali məktəbdə də rast gəlirik, tələbələr deyir, oxumağın nə mənası var. Elə deyil. Uşaqları başa salmaq lazımdır”.
Qeyd edək ki, Bakı şəhərində yaşayan, mayın 12-dən yoxa çıxan 11 yaşlı Amil küçələrdə gecələyib. Tapılandan sonra Amilin bibisi mətbuata uşağın oxumaq istəmədiyi üçün evdən qaçdığını deyib.
Aysel Aslan