“Elə yerdə aparat quraşdırıblar ki, orada heç avtomobili park etmək üçün yer yoxdur”
Bakı Nəqliyyat Agentliyi paytaxtda parklama yerləri və parkomatlarla bağlı hazırladığı yeni layihəyə əsasən köhnə parkomatlar söküləcək. Əvəzində isə yeni sistem tətbiq olunacaq.
Qeyd edək ki, bu parkomatlar 2014-cü ildə paytaxtın 60-dan çox küçə və prospektində tıxac probleminin həlli və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün quruldu. Bu ödəmə aparatlarının hər birinin alınmasına, gətirilməsinə və küçələrdə yerləşdirilməsinə dövlət büdcəsindən kifayət qədər pul və resurs xərcləndi. Aradan cəmi 4 il keçib və məlum olur ki, 500-dən artıq parkomat sadəcə bir suvener kimi səkiləri bəzəyir.
Mütəxəssislərin fikrincə parkomatların quraşdırılmasında məqsəd ödənişi elektron müstəvidə aparmaq olub. Bunun üçün bu aparatlar mərkəzi bazaya inteqrasiya olunmalı, dövlət yol polisi isə nəzarət etməli idi. Amma bu sistem tam qurulmadan yeni çətinliklər ortaya çıxdı.
Hazırda parkomatları əlində post terminal olan işçilər əvəzləyir. Ekspertləri isə hesab edir ki, bu pos terminallar mərkəzi bazaya inteqrasiya olunmasa şəffaflığı təmin etmək yenə də mümkün olmayacaq.
Nəqliyyat üzrə ekspert Azər Allahverənovun fikrincə parkomatların idarəetməsinin Bakı Nəqliyyat Agentliyinə verilməsi bu prosesdə xeyli müsbət dəyişikliklərə gətirib çıxara bilər. İndiyə qədər bu prosesdə müəyyən qarışıqlıq olduğunu vurğulayan ekspert deyib ki, parkomatların özünü doğrultmamağının bir neçə səbəbi var. Onlardan da biri texnoloji məsələlərdir: "Bu parkomatlar Dövlət Yol Polisinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalı və daxil olan nəqliyyat vasitəsinin daxil olma vaxtını, ödənişin edilib-edilmədiyi məsələsini, orda qalma müddətini qeydə almanı online şəkildə mərkəzi informasiya sisteminə ötürən xüsusi texniki vasitələrlə təmin etməli idi. Amma bu parkomatların funksionallığını tam şəkildə həyata keçirmək mümkün olmadı”.
Parkomatların idarə olunmasının bilavasitə Bakı Şəhər İcra Hakimiyyətinə məxsus olduğunu qeyd edən A.Allahverənovun sözlərinə görə, BŞİH parkomatların quraşdırılması məsələsində də bir sıra nöqsanlara yol vermişdi. Elə yerdə aparat quraşdırıblar ki, orada heç avtomobili park etmək üçün yer yoxdur: "Bu kimi problemlərin zaman- zaman aşkarlanması yeni bir sistemin tətbiqinə zərurət yaratdı. Bu istiqamətdə də artıq BNA müəyyən addımlar ataraq yeni texnologiyaların tətbiqinə çalışır. Yeni sistemin qarşısında dayanan əsas öhdəlik isə Dövlət Yol Polisinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunması ilə bağlıdır. Hesab edirəm ki BNA yaxın zamanlarda layihə ilə bağlı ətraflı məlumat yayacaq”.
Bakının mərkəzi küçə və prospektlərinə milyonlarla manat hesabına quraşdırılan parkomatların bundan sonrakı taleyinə gəldikdə isə ekspert deyib ki, bu aparatlardan hansısa sahədə ödəniş sistemi kimi istifadə etmək mümkün olacaq: "Parkomat kimi artıq bu aparatlar ömrünü başa vursa da, ödəniş sistemi olaraq hansısa sahələrdə istifadə oluna bilər.
Şəymən